- Mədəniyyət

Parisdə “Natəvan” məktəbində Novruz bayramı qeyd edilib

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri ilə xalqımızın milli adət-ənənələrini özündə birləşdirən qədim bayramımız Novruz qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və onların valideynləri, eləcə də səfirliyimizin diplomatları iştirak ediblər. Məktəbin müəllim kollektivi və milli geyimdə olan şagirdləri səfirliyimizin Mədəniyyət Mərkəzində əsl bayram əhval-ruhiyyəsi yaradıblar.

Tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək məktəbin müəllim kollektivini, şagirdləri, onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq, firavan həyat arzulayıb. Xalqımızın əsrlər boyu qoruyub saxladığı və nəsildən-nəslə ötürdüyü əziz Novruz bayramının təşkilinə görə təşəkkür edib. Uşaqların milli geyimlərdə olmasını yüksək qiymətləndirən səfir dünyanın hansı ölkəsində olmasına baxmayaraq, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Sonra “Natəvan” məktəbinin şagirdlərinin Novruz bayramı münasibətilə hazırladıqları ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib. Bahar qızının rəqsi və mahnısı bayrama daha da gözəllik gətirib. Novruzun simvolları olan Kosa və Keçəl də öz iştirakları ilə uşaqların sevincini daha da artırıb. Kosa və Keçəlin məzəli söhbətləri, uşaqlarla oyunları bayramı daha da maraqlı edib.

Kosanın Novruz bayramı ilə bağlı suallarını cavablandıran uşaqlara hədiyyələr verilib. Uşaqlar rəngarəng rəqslər nümayiş etdiriblər.

Səfir Leyla Abdullayeva uşaqlara bayram hədiyyəsi verib.