- Mədəniyyət

Parisdəki İqlim Akademiyasında Reza Deqatinin “COP29 – insanın təbiəti” sərgisi açılıb

Parisdə İqlim Akademiyasında məşhur fotoqraf Reza Deqatinin “COP29 – insanın təbiəti” sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Reza Deqatinin 50 il müddətində müşahidə etdiyi və bugünkü humanitar və ekoloji fövqəladə vəziyyəti əks etdirən fotoları nümayiş olunur. Burada Əfqanıstan, Əlcəzair, Qazaxıstan, Misir, Suriya, Türkiyə, Türkmənistan kimi bir çox ölkələrlə yanaşı, Azərbaycanda çəkilmiş fotolar da sərgilənir. Qarabağda çəkilmiş “Nar” müharibə vaxtı onu dərmək üçün bağda olan uşağın düşmən bombasına tuş gəlməsini xatırladır.

Reza Deqati bildirir ki, fotoqrafiyanın universal dili geniş auditoriyaya təsir edir. Sərginin İqlim Akademiyasında təşkili də təsadüfi deyil. COP29 ərəfəsində bir daha ictimaiyyəti maarifləndirmək üçün məhz bu akademiya seçilib. İqlim Akademiyası planetimiz və onun sakinləri arasında tarazlığı qorunması üçün bir araya gətirilən düşüncələr, aksiyalar və tədris seminarlarına ev sahibliyi etmək üçün nəzərdə tutulmuş məkandır. Parisin mərkəzində yerləşən bu məkan iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə aksiyası üçün ideal məkan hesab olunur. Burada vasitəçilik, sinifdənkənar fəaliyyətlər və əsas sual ətrafında təşkil edilən digər tədbirlər keçirilir.

Təbiətin gözəlliyi qarşısında insanın əli ilə törətdiyi fəlakətlər arasında Reza Deqatinin sərgisi ekoloji maarifləndirmə və məlumatlandırma üçün vasitəçilik tədbirlərinin əsasını təşkil edir.

“COP29 – insanın təbiəti” sərgisi dekabrın 20-dək ziyarətçilərə açıq olacaq.