Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 1-də KAICIID Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirakı çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmək imkanından məmnunluğunu bildirən Patriarx Varfolomey qonağını səmimi salamlayıb. Qafqazın Şeyxülislamı ilə söhbət zamanı əvvəlki görüşlərini xatırlayan Patriarx Varfolomey Azərbaycana səfərini rəğbətlə vurğulayıb. Bu səfərin onun qəlbində hər zaman xoş xatirə kimi qaldığını qeyd edən Patriarx Varfolomey Azərbaycana səfəri zamanı ulu öndər Heydər Əliyevlə görüşündən danışıb, bu görüşün onda unudulmaz təəssürat buraxdığını bildirib. Həmin görüş zamanı Şeyxülislamın qonaqpərvərliyi və səmimiyyətini xüsusi qeyd edən Ekumenik Patriarx Varfolomey A. Paşazadənin dini lider olaraq bölgədə və dünyada sülhməramlı fəaliyyətini, qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlığa verdiyi böyük töhfələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, ona möhkəm cansağlığı diləyib. Dünyanın tezliklə pandemiya bəlasından qurtulması üçün dualar edən Patriarx gələcəkdə də dinlər, mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi, insanlar arasında sülhün möhkəmləndirilməsi yönündə birgə səyləri davam etdirmək niyyətində olduğunu bildirib.
Böyük nüfuz sahibi olan dini lider – Patriarx Varfolomeylə görüşə böyük dəyər verdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Ekumenik Patriarxa çatdırıb. Patriarx Varfolomey Azərbaycan Prezidentinin diqqətini minnətdarlıqla qarşılayıb, öz növbəsində xeyir-dualarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı Şeyxülislamdan rica edib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlif din nümayəndələrinin dost, qardaş kimi yaşadığı bir dövlət olduğunu, bütün dünyada sülh tərəfdarı olduğunu vurğulayıb və 44 günlük Qarabağ savaşında Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edib tarixi ədaləti bərpa etməsini fəxarətlə vurğulayıb. Şeyxülislam A. Paşazadə Ermənistanın işğalı nəticəsində vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərlərinin işğal dövründə ruhlar məkanına çevrilməsini, ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələrin, minlərlə tarixi, dini, mədəniyyət abidələrimizin, ziyarətgah və qəbiristanlıqlarımızın, İslam, xristian və yəhudi məbədlərininin məhv edildiyini Patriarx Varfolomeyin diqqətinə çatdırıb. QMİ sədri qeyd edib ki, məscidlərimiz İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalmışdır. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi təmir edilərək abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.
Hər zaman dinlərarası və mədəniyyətlərarası dialoqun tərəfdarı olduğunu bildirən Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dini lider olaraq o, Uca Yaradanın buyurduğu kimi, hər zaman ədalətli sülhə çağırış edib. Bildirib ki, Azərbaycan dövləti azad olunmuş Qarabağda bütün dinlərin əmin-amanlıq şəraitində yaşamağa davam etməsini təmin edəcək. Öz növbəsində dinlər arasında ehtiram, anlaşma və dialoqun davamlı inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirən QMİ-nin sədri Şeyxülislam A. Paşazadə Patriarx Varfolomeyi və Mitropolit Emmanueli Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarət etmək üçün bir daha Azərbaycana səfərə dəvət edib.
QMİ-nin sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edir. Şeyxülislam A.Paşazadə ümid etdiyini bildirib ki, erməni katolikosu dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcəkdir. Patriarx Varfolomey bu mövqeni müdafiə etdiyini bildirib və Erməni Apostol Kilsəsinin məhz bu yöndə səy göstərməsinin vacib olduğunu vurğulayıb.
Patriarx Varfolomey Şeyxülislam Allahşükür Paşazadəni növbəti müddətə KAICIID Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü seçilməsi münasibətilə səmimi təbrik edib və ona səmərəli fəaliyyətində uğurlar diləyib. Görüşdə iştirak edən Mitropolit Emmanueli Ekumenik Patriarxatının ağsaqqalı və Kadıköy (Xalkidon) Mitropoliti seçilməsi münasibətilə təbrik edən Şeyxülislam A. Paşazadə, öz növbəsində, ümidvar olduğunu bildirib ki, onların fəal əməkdaşlığı hər ikisinin Direktorlar Şurasının üzvü olduqları KAICIID Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzi platformasında, həmçinin beynəlxalq dinlər və mədəniyyətlərarası əməkdaşlıq müstəvisində bundan sonra da davam edəcəkdir. Təbriklərə görə öz təşəkkürünü bildirən Mitropolit Emmanuel, öz növbəsində, Ekumenik Patriarxlıq ilə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtında beynəlxalq dinlərarası forumun təşkil olunması təşəbbüsünü irəli sürüb. QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bu təşəbbüsü dəstəkləyib və yüksək qiymətləndirib.