- Cəmiyyət

Pentaqon UNO-lar haqqında məlumatları yayacaq

ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon uçan naməlum obyektlərə (UNO) həsr olunmuş sayt açıb.

“Report” xəbər verir ki, internet resursu 20 iyul 2022-ci il tarixində Müdafiə Nazirliyinin nəzdində yaradılmış Bütün Anomaliya Növlərinin Tədqiqi Departamentinin rəsmi şəbəkə təmsilçiliyinə çevriləcək.

Rəsmi məlumatda qeyd edilir ki, portal departamentin fəaliyyəti və UNO tədqiqatları ilə bağlı ictimaiyyətə açıq məlumatların daimi mənbəyi olacaq. Yeni məlumatlar məxfilikdən çıxarıldıqca departament mütəmadi olaraq fəaliyyəti və kəşfləri haqqında hesabatlar dərc edəcək.

Saytda departament mütəxəssislərinin şərhləri ilə təqdim olunan UNO-ların məxfilikdən çıxarılan fotoşəkilləri və videolarını görmək olar. Həmçinin internet resursunda naməlum obyektlər haqqında tez-tez verilən suallara cavablar olan bölmə mövcuddur.

Portalda UNO-lara aid səkkiz yazı yerləşdirilib. Bununla belə, onlardan bəziləri artıq əvvəl də nəşr olunub.

Xatırladaq ki, daha əvvəl “Politico” ABŞ hərbçilərinin casus şarları ilə əlaqəli olmayan real UNO-ların təhlükəsindən getdikcə daha çox xəbərdar olmaları barədə yazmışdı. Bundan əvvəl isə Pentaqon ABŞ hərbi texnikasının UNO ilə toqquşması ilə bağlı 11 hadisə barədə məlumat vermişdi.