- Mədəniyyət

Perunun dövlət qəzetində Azərbaycanın qədim xalçaçılıq sənəti ilə bağlı yazı dərc olunub

Perunun rəsmi dövlət qəzeti “El Peruano”da azad olunmuş ərazilərimizdə avqust ayında səfərdə olmuş tanınmış perulu jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub.

Yazıda 1967-ci ildə Bakının İçərişəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin muzeyin 10 mindən çox xalçanın sərgiləndiyi bugünkü Azərbaycan Milli Xalça Muzeyi olaraq fəaliyyətini davam etdirdiyi bildirilir.

Muzeydə Azərbaycan hökuməti tərəfindən dünyanın müxtəlif yerlərində tapılaraq vətənə qaytarılan xalçalarla yanaşı, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından qısa müddət öncə Şuşa Tarix Muzeyindən gətirilmiş, habelə məcburi köçkünlərin özləri tərəfindən də xilas edilərək muzeyə təqdim edilmiş xalçaların sərgiləndiyi qeyd olunur.

Məqalədə Azərbaycanda mövcud olan müxtəlif xalçaçılıq məktəbləri, o cümlədən Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz məktəbləri, həmin məktəblərə xas toxuculuq üslubu, istifadə olunan ölçülər, naxışlar, rənglər, xalçalar üzərində əks olunmuş fiqurlar və onların rəmzi mənası və xalçaların istifadə təyinatı haqda ətraflı məlumat verilir. (azertag)