- Ədəbiyyat

Poeziya onu anlayanların dili ilə

Poeziya şəxsiyyəti ifadə etmək tərzi deyil. Əksinə, şəxsiyyətdən qaçışdır. Sənətkarın inkişafı dayanmadan özünü qurban verməkdə, şəxsiyyətin getdikcə yox olmasındadır.

Tomas Eliot

Əgər sənəti cəmiyyətin istədiyinə uyğunlaşdırsaq, onda incəsənət mənasız bir bir əylənəcəyə çevriləcək.

Alber Kamü

Şair olmaq peşə deyil, şair olmaq hal-vəziyyətdir.

Robert Frost

Sənət daxildən gələn elə bir istəkdir ki, insanı bütünlüklə çulğayır və onu öz əlində oyuncağa çevirir… Sənət bu yolla məqsədinə çatır.

Karl Yunq

Ruhuna danışmağı öyrədə bilsən, o, poeziyanın dili ilə danışacaq. Əlbəttə, söhbət “ən yaxşı halda poeziya nədir” sualına cavabdan gedir.

Tələbələrimə deyərdim: Poeziya ilə sizin aranızdakı fərq odur ki, siz güzgüyə baxıb deyirsiniz: “Mən qocalıram”, ancaq Şekspir güzgüyə baxıb deyir: “Acgöz zaman, aslanının çaynaqlarını korşalt bir az”.

Cim Harrison

Poeziya tərbiyəçi deyil, hətta əksini deyərdim. Çünki gözəl şeir ən məhrəm duyğuların tərcümanıdır. O, qətiyyən öyüd vermir. Xarakter düzəltmir. Nəyin yaxşı, nəyin pis olduğunu da öyrətmir. O, insanın daxili dünyasının təzahürü olan gözəl bir əsərdir. Necə ki, qartal, yaxud günəşin doğuşu təbiətin əsrarəngiz əsəridir… Siz ona borclu deyilsiniz. Ürəyinizdəndirsə, ona qulaq verin, deyilsə, onda qoyun, olduğu yerdə də qalsın.

Robinson Ceffers

Gələcək həmişə şairə aid olub, ona məxsus olaraq da qalacaq.

Henri Miller

Şairlər və sənətkarlar olmasa, hər şey qarmaqarışıq olardı. Fəsilər olmazdı, sivilizasiyalar olmazdı… Düşüncə, insanlıq, hətta həyat belə olmazdı. Aciz zülmət əbədi hökm sürərdi. Dövrlərinin xüsusiyyətlərini təyin edənlər şairlər və sənətkarlardır və gələcək özü fağırcasına onlara boyun əyir.

Qiyom Apolliner

Minlərlə tanınan və ya tanınmaq istəyən şairlərdən bəlkə də biri, uzağı ikisi dahidir, qalanları müqəddəs məkanlarda avaralanaraq, özlərini gerçək kimi qələmə verməyə çalışan saxtakar şeylərdir.

Leonard Koen

Heç vaxt şair olmaq istəməmişəm. Mən insan olmaq istəmişəm. Şair olmaq istəyənin ağlı yoxdur. Çünki ya şair olaraq doğulursan, ya da bu iş istəməklə olmur. Şairlərin əksəriyyəti şair deyil ki. Əsl sənətkar olmaq nadir rast gəlinən məziyyətdir və bu dünya üçün bir dəyərdir.

Cek Mişlin

İngilis dilindən tərcümə etdi: Aygün ƏZİZ