- Mədəniyyət

Polşa memarlarının Azərbaycanda yaratdığı memarlıq irsinə dair layihənin təqdimatı olub

Fevralın 17-də “Landmark”da Polşanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Polşa memarlarının Azərbaycanda yaratdığı memarlıq irsinə dair layihənin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, layihənin əsas tərəfdaşları Azərbaycan Turizm Bürosu və Bakı Media Mərkəzidir.

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın Polşa ilə müasir diplomatik əlaqələri 30 ildir bərpa olunsa da əslində bu əlaqələrin tarixi XV əsrdən, Uzun Həsənin Polşa kralı ilə qurduğu münasibətlərdən başlanır. Polşa XX əsrin sonunda Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyan ölkələr sırasındadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkənin əlaqələri uğurla inkişaf edib. Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılışı oldu. Polşanın qədim paytaxtında ucaldılan abidə iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilib.