Mehdiquluxanın qızı Xurşudbanu Natəvan 1832-ci il avqust ayının 15- də Qafqaz “Konservatoriyası” sayılan Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Natəvan saray tərbiyyəsi görmüş, dövrünün ən görkəmli alim və sənətkarlarından təlim-tərbiyyə almışdır. Xalq arasında onu ”dürrü-yekta”, (tayı bərabəri olmayan qaş, daş, tək inci) yaxud “Xan qızl” deyə çağırırdılar. Natəvan kübar ailədən çıxmağına baxmayaraq, hələ kiçik yaşlarından bir çox məhrumiyyətlərə düçar olmuşdur. O, 13 yaşında ikən atası Mehdiquluxan qəflətən vəfat etmişdir.
Bu vaxtlar Qarabağ xanlığının iflasa uğrayan bir dövrü idi. Mehdiqulu xanın tədricən hakimiyyətdən uzaqlaşdırılması, hüquq və imtiyazlarının məhdudlaşdırılması, istər-istəməz ailəyə, o cümlədən ailənin yeganə övladı Xürşidbanuya təsir etməyə bilməzdi. Mehdiqulu xanın vəfatından (1845) sonra ailə tamamilə başsız qaldı. Sarayda kişi deyilən, başpapaqlı bir şəxs yox idi. Vəziyyətin belə olduğunu görən xan və bəylər bu ailə ilə qohumluq alaqələrini yaratmağa çalışırdılar. Bu məsələ Qarabağ nücəbaları ilə rəsmi dövlət dairələri arasında siyasi çəkişmələrə gətirib çıxarmışdır. Xurşidbanu Natəvanın ərə getməsi, hansı tə’bədən olan şəxsə, Rusiya, ya İran tə’bəsilə evlənməsi hər iki dövlət xadimlərinin marağındaydl. Ona görə Qafqaz canişini Varantsov Daşkovun bilavasitə işə qarışması ilə əlaqədar olarq, Xurşidbanunu çarın etibar etdiyi dağıstanlı Knyaz Xasay xan Usmiyevlə evlənmək məcburiyyətində qoydu. Beləliklə, Natəvanın istək və arzuları puça çıxdı. Yrəyicən olmayan bir şəxsə ərə verilməsi, incəqəlbli şairə acı, dərdli fəryad və şikayətlərini şeir dili ilə ifadə edirdi:
Eşqi-rüxsarlnda bir dəm vəsl ilə şad olmadım,
Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən.
Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,
Hərci cəhd etdim, nə hasil, yetmədim cananə mən.
Dövrü dönmüş dövr dövran etmədi kamimcə ah!
Düşmənimdir, bilməzəm kim netmişəm dövranə mən.
Şairin bir müddət övladı olmadı. Bir neçə il keçdikdən sonra onların bir oğlan və bir qız övladları dünyaya gəldi. Xasay xan iki övlad atası olmasına baxmayaraq, öz kübar əyləncələrindən və şıltaq hərəkətlərindən əl çəkmirdi. Ailəyə laqeyd münasibət, təsərrüfatla maraqlanmaması Natəvanda ona qarşı ikrah hissi doğururdu. 1864-cü ildə Xasay xanın ailəsini atıb getməsi və knyaz Loris Melikovla ( erməni idi) mübarizə və münaqişə nəticəsində Qafqazdan-Tiflisdən uzaqlaşdırılıb, Varonejə sürgünə göndərildi. O, 1866-cı ildə orada intihar etdi. Xasay xanın intihar etməsi, Xurşidbanunun rəsmi şəkildə ondan boşanması üçün imkan yaratdı.
1861-ci ildə Natəvanın anası Bədircahan bəyim vəfat etdi, ailənin evin qayğısı, təsərrüfatı idarə etmək onun üzərinə düşdü. Bədircahan bəyim çox bacarıqlı, qeyrətli, səxavətli bir qadın idi. O, Gəncə xanı Cavad xanın nəvəsi, Uğurlu bəyin qızı idi. 1785-ci ildə Gəncədə anadan olmuş, ilk təlim-tərbiyyəsini sarayda alan Bədircahan bəyim, kafi dərəcədə savadlı idi. O, 1807-ci ildə Qarabağın son hakimi Mehdiquluxan Cavanşirə ərə getmiş, uzun müddət onların övladları olmamışdır.1822-ci ildə Qafqaz canişini (sərdarı) general Yermolovun Qarabağ xanlığına qarşı yeritdiyi qərəzkar siyasəti və bir neçə vəzifəli Qarabağ erməni məliklərinin, o cümlədən general Vasak Madadovun Mehdiqulu xana düşmənlik münasibətləri nəticəsində Bədircahan bəyim əri ilə bərabər Qarabağdan İrana köçüb,1827-ci ilə kimi Cənubi Azərbaycanın Qaracadağ vilayətində yaşamışdır.
İrandan Şuşaya qayıtdıqdan sonra 1832-ci ildə Mehdiqulu xanın yeganə varisi Xurşidbanu dünyaya gəlmişdi. Anasının vəfatından sonra isə Xurşid arxasız, dayağsız, köməksiz qalmışdı. Bunu görən şairin yaxın və uzaq xəbis qohum və əqrəbaları onun hər addlmını izləmiş, mədəni təşəbbüslərini, xeyirxah əməllərinə barmaqarası baxmışlar. Onun camaat arasına üzüaçıq çıxması, şeirə, sənətə həvəs göstərməsi bir çox adamda qəzəb oyatmışdır. Xurşidbanu bir müddət ərsiz qaldığından nadan və cahil adamlardan qəlbi ağrıdan məzəmmətli sözlər eşitmişdir. Onunla çox adamlar, xanlar, bəylər, hətta şahzadələr, o cümlədən o zaman Cənubi Azərbaycandan gəlib Şuşada sakin olan Fətəli şah Qacarın nəvəsi Bəhmən Mirzə də evlənmək istəmişdir. Fəqət, Natəvan onların hamısını rədd etmiş, dedi-qodulara son qoymaq üçün 1869-cu ildə könlü istədiyi Seyyid Hüseyn Ağamirov adlı bir şuşalı ilə ailə qurmuşdur.
Natəvanın bu şəxsə ərə getməsi, qohumlarını, eləcə də Qarabağın kübar ailələrini qəzəbləndirmişdir. Seyyid Hüseyn yaraşıqlı, gözəl insan olsa da, rəiyyət oğlu idi. Ona görə də düşmənləri Natavanın ailə üzvüləri arasında nifaq salmağa çalışmışlar. Böyük oğlu Mehdiqulu xanın evdən baş götürüb uzaq vilayətlərə getməsinə belə nail olmuşlar. Oğlundan uzaq düşməsi, şair qəlbli ananın dərd və möhnətini artırmış ,hicran dərdi , vüsal həsrəti onu rahat buraxmamışdır. Qəlbindəki bu hüzn, ələm və kədəri şeiri ilə belə tərənnüm etmişdir:
Rəqib töhməti etdi məni cüda, ey dust!
Bu zülmü gördü rəva, görməsin səfa, ey dust.
Əgər ki, tiğ çəkib, öz əlinlə öldürsən,
Deyil mənə bu cəfa, bilməzəm cəfa, ey dust!
Rəqibə xoşdur həmişə, məni kənar etsin,
Fəda o himmətinə, olma sən riza, ey dust!
Boya-başa çatdırdığı ilk balasının ayrılığı şairdə sentemental hisslər doğurmuş və bu əhvali-ruhiyyəyə düçar olmuşdur:
Varmıdır sinədə dərdi-qəmi nihan ölürəm,
Fəda oldum sənə gəl eylə imtahan ölürəm,
Fəraqdan gecələr yatmaram səbahə kimi,
Vüsalə yetməz əlim,zarü Natəvan ölürəm.
Böyük oğlunun ayrılığını həsrətlə çəkən şair anaya, daha başqa bir müsibət üz verir. İkinci izdivacdan olan 16 yaşlı oğlu Mir Abbasın ölmü onun sinəsinə çarpaz dağ çəkir. Bu hadisədən sonra 1il yorğan-döşək xəstəsi olur. Çətinliklə ayağa qalxsa da, ruhi sarsıntılar keçirən Natəvanın ağlamaqdan gözünün nuru getmiş, bədəni tamam zəifləmişdi. Belə hüzn və kədərli günlərini əks etdirən şeirlə sakitlik axtarır:
Yıxıb bu könlüm evini, eyləyib viran getmə,
Yoxumdu tabu-təvan firqətə, Cavan, getmə,
Fəda olum sənə mən, səndən ayrıla bilməm,
Yəqin, fərağın edər qəddimi kəman getmə,
Boyun bəlasın alım, sərv tək yıxılma, oğul,
Doyunca görməmişəm, getmə, bir zaman, getmə!
Bu lirik parçada cavan oğlunu itirmiş ananın qəm və kədərlə çırpınan qəlbi ifadə edilmişdir.
Gecəsi, gündüzü olmayan ana başqa bir şeirində yazırdı:
Hicran edibdi könlümü bərbad ağlaram,
Çoxlar tutar bu halıma irad ağlaram,
Könlüm evi xərəbtar oldu fərağdan,
Vəslin bu mülkü etmədi abad ağlaram.
Natəvan şeirlərində yalnız intim mövzular, şəxsi duyğular ifadə edilməmişdir. Bunların içərisində ictimai motivlər, dövrandan, fələyin gərdişindən şikayətlər, Azərbaycan qadınlarının hüquqsuzluğunu ifadə edən parçalar da vardır. Natəvan vətənini, xalqını sevən vətənpərvər, humanist bir qadın idi. Bir sənətkar kimi yetişməsində, mənsub olduğu ədəbi mühitin təsiri az olmamışdır. Hər şeydən əvvəl qohum və əqrəbalarının şair və şairtəbiətli olması, sakin olduğu Şuşa və Qarabağın şairlər məskəninə çevrilməsi, digər tərəfdən Tiflis mühiti, mədəni cəmiyyətlərə qoşulması, Qafqazın bir çox vilayətlərini: Vladiqafqaz, Dağıstan, Şirvan, Bakı, Gəncə, Naxçıvan və s. yerləri səyahət etməsi, onun dünyagörüşünə böyük təsir göstərmişdir. 1858-ci ildə Xürşidbanu ailəsi ilə məşhur fransız yazıçısı Aleksandır Dümanın tanışlığı, Xasay xanın fransız dilində “ Əsil Parisli” kimi danışması qonaqların heyrət və sevincinə səbəb olmuş, aralarında dostluq telləri yaratmışdır. Ayrılarkən Natəvan A.Dümaya öz əli ilə toxuduğu tənbəki kisəsi və tirmədən hazırlanmış bir at çulu sovqat vermiş, A. Düma da öz növbəsində Xasay xana bir tüfəng bağışlamışdır. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsini də ilk dəfə xəbər verən A.Düma olmuşdur.
Natəvan əsrin 70-ci illərindən ictimai-mədəni tədbirlərdə fəal iştirak etmiş, maarif və mədəniyyətin yayılmasına həm maddi, həm də mənəvi köməklik göstərmişdir. Baba və atasından qalma kəndləri, Ağdamdakı at zavodunu nizama salmış, kəndlər arası yollar çəkmiş, körpülər salmış, kəndlərdə məktəblər tikdirmək kimi xeyixah işlər üçün illik mədaxilindən xüsusi fond ayırmışdır. O vaxt Şamaxıda yaradılmış “Svyataya Nina”qızlar məktəbinə min manat maddi yardım etmişdir. Onun zavodunda yetişdirilən Qarabağ cinsli köhlən atlar 1867-ci ildə Paris və Əlcazairdə, 1869-cu Moskvada dünya sərgisində birincilik qazanmış qızıl medala, fəxri fərmana layiq görülmüşdür.
Tiflisdə təşkil edilən kənd təsərrüfatı sərgisində onun əl işləri və becərtdiyi buğda, arpa və darı sortları ən yaxşı növlər kimi qəbul edilmişdir. Şuşada içməli suyun olmaması Natəvanı həmişə düşündürmüşdür. Odur ki,1873-cü ildə yüz min manat qızıl pul sərf edərək yeddi kilometrlik məsafədən sıldırım qayaları yara-yara Şuşaya su çəkdirmişdir. Bu, Şuşada böyük bayrama çevrilmiş bütün Qarabağ əhli bu xeyixah işi yüksək qiymətləndirmişdir. Şuşada su kəməri hazır olduqdan sonra ayrı-ayrı məhəllələrə bulaqlar çəkilmiş, su ambarı, buzxana, hamam tikdirilmiş, Şuşa camaatının istirahəti üçün park saldırılmışdır. Öz ürəyini məşələ çevirən bu xeyirxah qadın, şairə-ana varın-yoxun Vətənindən, xalqından əsirgəməmişdir. O, Mil düzünün ilan mələyən sahələrinə su çəkdirməyə başlamışdı. İşin bir hissəsi görülmüş, lakin 1891-ci ildə ikinci ərinin ölümü, bir sandıq qiymətli daş-qaşın oğurlanması, başladığı işi yarımçıq qoymağa səbəb olmuşdur.
Natəvanın ədəbi fəaliyyətinin qızğın dövrü 1872-ci ildən “Məclisi-üns”ədəbi məclisi ilə bağlıdır. O, 20 ilə qədər bu məclisə rəhbərlik və maddi yardım etmişdir. Şeirlərinin çox qismi də bu dövrün məhsuludur. “Məclisi-üns” üzvüləri Azərbaycanın bir çox şəhərləri ilə birlikdə, Tiflis, Orenburq, Həştərxan, Buxara, Mərv, Bombey, Kəlkütə, Bağdad kimi şəhərləri ilə də əlaqə saxlayırdılar. Natəvanın cəmi 65 şeiri tarixdə qalıb. Əldə olan irs məzmun və ideyasına görə iki qrupa ayrılır: Birincisi sevgi-məhəbbəti tərənnüm edənlər: “Eylər”,”Gətirir”,”Mən idim”,”Sən idin”, “Bənzətdim”, “Xüdahafiz”və s.
Digər qismi isə şairənin ailə-məişət, şəxsi müsibətləri ilə əlaqədar olan parçalardır. Onlardan “Dibəra dərdi dilimdə belə ünvan etdim”, “Yenə ya rəb, nə qəmgindir, mənim bu şad olan kölnüm,” Könlüm”, “ Getmə”, “Gülün” “Getdi” və s.
Natəvanın 1886-cı ildə tərtib etdiyi, hal-hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən “ Gül dəftəri” adlı albomunda bir neçə şeiri, naturadan çəkdiyi şəkillər və”Məclisi-üns”üzvlərindən olan bir neçə şairin şeir parçaları toplanmışdır. Natəvanın həyat və yaradıcılığı, fəaliyyəti həmişə diqqət mərkəzində olmuş, onun haqqında monoqrafiyalar yazılmış, həyatının qaranlıq məqamları işıqlandırılmışdır. “Dürrü-yekta” parıltısına kölgə salan məqamları, ondan uzaq etmək məqsədilə və bu parıltının işıq saçan şüalarını daha da uzaqlara yaymağı özümüzə borc bilərək yada salmadıq.
Ömrünün son illəri müflisləşən şairənin xəstəliyi və ruhu sarsıntıları onsuz da zəif olan cisminə çox böyük təsir göstərmişdir.
Mir Möhsün Nəvvaba yazdığı bir parça Natəvanın son şeirlərindəndir.
Qəmi-əyyamdan çox natəvanam,
Əliləm, naxoşam, əfsərdə canam,
Bu tətildən özüm də bədgümanam,
Məgər kuhi-qəmə Fərhad oldum.
Unutma sən duadan Natəvanı,
Əlilü, naxoşu əfsordə canı,
Cənabından savay yoxdur gümanı,
Əgər yaddan çıxam, bərbad oldum.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi
Filologiya üzrə fəlsəfə doktoru, dosent Rəhimova Aybəniz Mustafa qızı.