- Cəmiyyət

Professor Tərlan Quliyevin yubileyi keçirilib

6 oktyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında görkəmli əruzşünas alim, Filologiya elmləri doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyevin 60 illiyinə həsr olunmuş “Sevgi ilə keçən ömür” adlı Yubiley tədbiri keçirilib.

Öncə görkəmli pianoçu, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli tədbirdəki bütün qonaqları salamlayaraq, Tərlan Quliyevi yubiley münasibətilə təbrik etdi. onun Bakı Musiqi Akademiyasında uzun illər boyunca əruz vəznini, Azərbaycan klassik ədəbiyyatını, Azərbaycan dilini uğurla təbliğ etdiyini qeyd edib, yaradıcılığını yüksək qiymətləndirib.

Sonra Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika ” elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə də öz növbəsində T.Quliyevi təbrik edib, çıxış edəcək qonaqları hər kəsə təqdim edib.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Fəlsəfə elmləri doktoru, Əməkdar İncəsənət Xadimi, professor Gülnaz Abdullazadə, yazıçı, dramaturq, şair, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri Füzuli Bayat, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Əməkdar jutnalist, elmlər doktoru, professor Xalid Niyazov tədbirdə çıxış edərək, Tərlan Quliyevi yubiley münasibətilə təbrik edib.

Ardınca T.Quliyevin həyat və yaradıcılığından ibarət video-çarx qonaqlara nümayiş etdirilib.

Sonra professor Tərlan Quliyev Bakı Musiqi Akademiyasında ona göstərilən etimada görə başda rektor Fərhad Bədəlbəyli olmaqla, BMA kollektivinə və tədbirdə iştirak edən bütün dəyərli qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, çıxışlararası rəngarəng konsert proqramı dinləyicilərə təqdim olunub.

Konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Nəriman Məsimov Tofiq Quliyevin “Qaytağı”,

Rəşad Abdullayev Arif Məlikovun “Komdenin arzuları” (müşayiət edir Cəmalə Abdinzadə),

Sabah qrupu tələbələrinin ifasında F.Əmirovun “Mən səni araram”, Azərbaycan xalq mahnısı “Almanı atdım xarala” (xor üçün işləmə Dmitri Babayevindir) əsərlərini dinləyicilərə təqdim ediblər.