2025-ci il fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış pedaqoq-alim və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 107 ili tamam olur.
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə AZƏRTAC-a Qara Qarayev şəxsiyyətindən bəhs edib.
Qara Qarayevin dünyasını dəyişməsindən qırx ildən çox vaxt keçir. Bu müddətdə Azərbaycan musiqi sənətində böyük dəyişikliklər baş verib. Maestronun bir vaxtlar lakonik şəkildə kəlmələrlə ifadə etdiyi “axı biz də dünyanın bir hissəsiyik” ümdə arzusu yerinə yetib. Ölkəmizin müstəqilik əldə etməsindən sonra Azərbaycan musiqisi dünya arenasına çıxıb və hazırda bəstəkarlarımızın ən yaxşı əsərləri mötəbər konsert meydançalarında Qərb müəlliflərinin opusları ilə uğurlu rəqabət aparır. Sözsüz ki, bu, Qarayev məktəbinin və onun yaradıcılıq prinsiplərinin triumfudur.
Bununla belə, günümüzdə Qara Qarayev miqyasında fiqurun, milli mədəniyyətimizin taleyinə bütün qəlbi ilə yanan insanın yoxluğu daha kəskin hiss olunur.
Tələsik quraşdırılmış, “məzmun kortəbiiliyi” baxımından əziyyət çəkən, “sözsüz” ritorika və “insanları təhqir edən sentimentallıqla” yoğurulmuş, çox vaxt etnik motivləri amansızcasına istismar edən bu və ya digər əsərləri dinləyəndə, istər-istəməz özümüzə sual veririk: Ustadın sağlığında belə bir opusun meydana çıxması mümkün idimi? Bir neçə il əvvəl Qara Qarayev 1975-ci ildə keçirilən “Zaqafqaziya baharı” festivalına hazırlıq ərəfəsində Tofiq Quliyevə yazdığı məktubunda konsert proqramlarının yalnız peşəkar prinsiplər əsasında tərtib edilməsinin vacibliyini vurğulamışdı. Həmin məktubdakı “məsələ, xalqımızın şərəfi ilə bağlıdır” ifadəsi tamamilə pafosdan uzaqdır – doğma mədəniyyətini səmimiyyətlə, bütün qəlbi ilə layiqincə təmsil etməyə çalışan Qarayevin mövqeyinin təzahürüdür.
Qara Qarayev ilə ünsiyyət xoşbəxtliyi qismət olan hər kəs onun hadisələrin mahiyyətinə qeyri-adi nüfuz etməsini vurğulayır. Çox gözəldir ki, Qarayevin xarakterinin bu mühüm cəhətini onun həmkarı və dostu Radion Şedrin qeyd edib: “…baş verənlərin hamısı onun vücudunun, beyninin, ürəyinin, ağciyərinin, aortasının bir hissəsinə çevrilirdi…”. Şedrin Qarayevin ən başlıca cəhətini, məhz onun ən parlaq bəstəkar istedadının unikal insani keyfiyyətlərlə heyrətamiz ahəngdar vəhdətini tuta bilmişdi.
O, estafeti Üzeyir Hacıbəylidən götürərək, musiqi mədəniyyətinin – yaradıcılığın və təhsilin vəziyyəti üçün öz məsuliyyətini dərindən hiss edirdi. Qarayev gənc həmkarının böyük güc və enerji tələb edən Bəstəkarlar İttifaqındakı işini tərk etmək təklifini qəbul etməyi mümkün saymayıb və belə bir hərəkəti “xəyanət” adlandırıb. O, daha çox enerji tələb edən pedaqoji işdən imtina edə bilməzdi, çünki musiqi təhsilində yüksək peşəkarlıq standartlarının qorunub saxlanması, Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirməyə qadir olan yeni bəstəkarlar nəslinin yetişdirilməsinin qayğısına qalırdı. Mübaliğəsiz demək olar ki, Qarayevin titanik fəaliyyətinin nəticəsi onun tələbələri oldular (onların sayı 70-ə yaxınlaşır!). Onların ən yaxşıları axtarış və cəsarətli yaradıcı eksperimentləri ehtiva edən “Qarayev yolunu” seçdilər.
O, böyük ideyalarla, gələcəyə dair düşüncələrlə, doğma sənətinin taleyi ilə bağlı məfkurə ilə yaşayan böyük, passionar Şəxsiyyət idi. Həyatda və sənətdə əsas meyarı dürüstlük, həqiqət, doğruluq olan bir insan. Təsadüfi deyil ki, Oqtay Mirqasımovun Qara Qarayevlə bağlı əlamətdar filmi “Bu həqiqətin səsidir” adlanır. “Həqiqətə inanan” hər kəsin müdafiəsi, diletantlığa, vulqarlığa və məsuliyyətsizliyə qarşı mübarizə Qarayev üçün müqəddəs vəzifə və mənəvi imperativ idi. O, həqiqəti müdafiə etməyi və mümkün nəticələrinə, kənardan təsirlərə baxmayaraq öz mövqeyini cəsarətlə ifadə edənləri dəstəkləməyi özünün vəzifəsi hesab edirdi. Bu keyfiyyət təkcə onun yaradıcılığında deyil, həm də gündəlik həyatında, həmkarları və tələbələri ilə münasibətlərində özünü göstərirdi. Vurğulamaq istəyirəm: Qarayevin mənəvi mövqeyi hamımız üçün bir növ kamerton rolunu oynadı.
Tələbələrimizlə birlikdə musiqi və musiqişünaslıq tarixinə dair dərslərimizdə Qara Qarayevin çoxsaylı məqalələrini, müsahibələrini öyrənir, onun mühakimələrinin dərinliyi və dəqiqliyinə, şəxsiyyətinin yüksək etik keyfiyyətlərinə heyran oluruq. Bununla belə, mənə elə gəlir ki, bu gün biz Qarayevin təkcə musiqi deyil, həm də elmi və publisistik irsini daha dərindən mənimsəməli, onun ayrı-ayrı ifadələrini, məsləhət və tövsiyələrini bir dua kimi təkrarlamalıyıq. Belə olan təqdirdə ustadın vəsiyyətləri yeni nəsil yaradıcıların yoluna işıq saçacaq, onların bədii axtarışlarında mənəvi kompas rolunu oynayacaq, sənətdə yüksək peşəkarlıq və etik standartların saxlanmasına kömək edəcəkdir. Onun müdrikliyi və prinsipləri keçmişin böyük ənənələri ilə əlaqəni itirmədən və əsl sənət ideallarına sadiq qalaraq Azərbaycan musiqi mədəniyyətinin gələcəyinin qurulacağı bünövrəyə çevriləcəkdir.