Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş iki videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman əsgərlərin həyatı və keçdiyi döyüş yolu barədə videoçarxlar kitabxananın rəsmi sosial səyfələrində paylaşılıb.
Videoçarxda qeyd edilir ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti hərbi təcavüzünə əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.
Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük iradə və əzm göstərərək, bir yumruq olub düşmənə sarsıdıcı zərbələr endirib. 44 gün ərzində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, düşmən üzərində parlaq qələbə qazanılıb. Minlərlə Vətən övladı canını və qanını əsirgəməyərək xalqımızın otuzillik yurd nisgilinə son qoyub.