– İlham müəllim, AMEA-nın bağında sizinlə söhbətimizdə ana dilinə, xalq ədəbiyyatına bağlılığınızı, dilinizin rəvanlığını çox bəyəndim, düşündüm ki, bu mövzularda əla müsahib olarsınız. Sualları cavablandırmağa həvəsiniz varmı?
– Pərvanə xanım, sadaladığınız dəyərlərə diqqət verən bir qələm adamı kimi sizinlə söhbət xoşdur. Bunlar elə dəyələrdir ki, ev özülün üstə duran kimi xalq da öz milli dəyərlərinin üstündə var olur. Fikir verirsizmi, xarici ölkə vətəndaşı ana dilimizdə kəlmə deyəndə bizə nə qədər xoş olur. Çünki, bu, bizim qorumaq istədiyimiz dəyərlə bərabər həm də bizə verilən dəyərdi. Ana dilimiz ağrılı yerimizdir. Bu günki danışıq dilimizlə tutaq ki, 16-cı əsrdəki danışıq dilimiz arasında keyfiyyət baxımından çox fərq var. O vaxt dədə-babalarımız az sözlə daha çox informasiya çatdıra bilirdi, dil lakonik idi, obrazlı təfəkkür adi danışıq qaydası idi. İndi bir fikri çatdımaq üçün bir sicilli söz işlətməli oluruq. Sözümü qəribliyə salanlar “Oğuznamə”ni (qədim atalar sözü və zərb məsəllər kitabı), köhnə bayatılarımızı, klassik ustad aşıqlarımızı, dastanlarımızı oxusalar, mənim indiki dilmizlə o vaxtki dilimiz arasındakı fərqdən danışanda nəyi nəzərdə tutduğumu bilərlər. Bu ayrı söhbətdi ki, dil inkişaf edir. Amma inkişaf elə olmamalıdır ki, bu günümüzün insanları tutaq ki, 400 il bundan əvvəlki türkçəmzdə yazılan arı-duru mətnləri oxuyub çaş-baş qalalar, mətndəki mətləbi anlamayalar. Bax məni bu daha çox məyus edir.
– “Şablondur” deyib yan keçdiyimiz bir çox suallar var ki, özündə böyük gerçəklikləri ehtiva edir. Təmtəraqlı, qeyri-adi səslənməyən bir sual vermək istəyirəm, bunun da səbəbi var. İlham Qəhrəman üçün Vətən hardan başlayır?
– Bir dəfə Bakı məktəblərinin birində tədbirdə olan zaman çıxışımda belə fikir söylədim – vətən mənim əllərimdir, vətən mənim gözlərimdir. Adınca da əlavə etdim ki, əllərim Laçın şəhərində yolqırağı cökə ağacları üçün çox darıxır, gözlərim Laçında yüksəklikdə olan abidədən dörd tərəfə baxmaq üçün darıxır. Demək mənə bu sözləri dedirdən sevgidir. Sizin sualın cavabı kimi desək, vətən gördüklərimizdən və ona yaranan sevgidən başlayır. Əks təqdirdə vətən anlayışı yaşadığımız məkan anlayışı, torpaq anlayışı qədər dar çərçivədə başa düşülər. Gənclərimizi vaxtında vətən sevgisiylə mayalamaq lazımdır. Bunun üçün canlı təbiətlə – çöllərimizlə, meşələrimizlə, çaylarımızla təmas yetər.Şəhərlərdə yaşayan gənclərimiz üçün buna imkan yaratmaq lazımdır. Adi bir detal da siz deyən sevginin başlanğıc nöqtəsi ola bilər. 44 günlük müharibə gənclərimizdə vətən sevgisinin nə qədər yüksək olduğunu ortaya qoydu, düzdü burda həm də işğalçıya nifrət də vardı – olsun! Bəzən nifrət də darda olan vətənin dadına çatır.
– Bəs ana dili deyəndə yadınıza ilk hansı kəlmə düşür?
– Maraqlı və çətin sualdı. Balaca vaxtımın ilk yadımda qalan kəlməsi dədəmin (atamın) məni dizi üstünə alıb söylədiyi bu monoloqdu, əslində sual-cavabdı, sadəcə dədəm orda mənim yerimə suallara cavab verir:
-Burdan bir atlı keçmədi?
-Keçdi.
-Çaparağıdı, yorğaraq?
-Yorğaraq(burda dədəm bəzən çaparaq da deyirdi).
-Çapsaq çatırarıq?
-Hə.
-Dəh-dəh-dəh-dəəh!
Burda dədəm məni atın belində oturmuşam kimi dizlərinin üstündə çoxlu atıb-tuturdu!Və sonda dədəm ucadan bir “durşşş” eləyib məni dizinin üstündə atıb-tutmağı (at çapmağı) dayandırardı. Göründüyü kimi dədəm bu zaman mənə körpəlikdən at minməyi aşılayırmış. Eyni zamanda monoloq həm də şeir parçası kimi dil öyrədir, yaddaşa həkk olunur. Bu ağlım kəsəndən yadımda qalan ilk sözlərdir.
– İlham müəllim, yəqin əzbərinizdə çoxlu şeir olmasında uşaqlıqda belə tərbiyə almağınızın da rolu olub.
– Dədəmin yaddaşında çoxlu aşıq şeiri – gözəlləmələr vardı. Ən çox da Aşıq Ələsgərdən deyərdi. Balaca vaxtı dədəm və nənəm (anam) bizə çoxlu tapmaca satardılar. Tapmaca satmaq yəni tapmaca demək anlamını daşıyır. Satmaq o deməkdir ki, bir tərəf desin qarşı tərəf dinləyib cavablandırsın. Cavab tapılsa, demək alırsan, yox bilməsən, demək müftə cavab olur. Bu tapmacaların bəzisi şeir şəklində olardı. Biz çalışıb tamacaları yadda saxlayardıq. Eyni zamanda evdə axşamlar uşaqlara uzun söyləmələr deyərdilər. Böyüklərimiz də bunları uşaq olarkən böyüklərdən eşidib yadda saxlamışdılar. Mən sonralar o tapmaca və söyləmələri laçınlılardan yığıb tərtib etdiyim “Laçın folkloru” kitabında nəşr etdirdm. Yəqin sizin vurğuladığınız kimi uşaqlıq vaxtı böyüklərdən öyrəndiymiz sonradan şəxsiyyət kimi fomalaşmağımızda öz təsirini göstərir.
– Sizcə, ana dilimizi qoruya bilirikmi? Bilmiriksə, harda səhvə yol veririk?
– Bilirsiz, Pərvanə xanım, dil məsələsi təkcə dil qurumlarının işi deyil. Dili qorumaq üçün deyək ki, dilin daşıyıcısı olan hər bir şəxs təşəbbüs göstərməlidir. Canlı xalq danışıq dilimizi qorumaq hamımızın qayğısı olmalıdır. Evdə uşaqlara nağıllar, dastanlar, bayatılar, səvələmələr, oxşamalar, rəvayət və s. oxumaq lazımdır. Bunu elə yaşda başlamaq lazımdır ki, uşaq böyüdükcə artıq özü o milli kimliyimizin daşıyıcısı olan mətnləri oxumaq həvəsində olsun. Bəzən turançılıqdan danışanda ortaq dil üçün Anadolu türkcəsi məsləhət görülür, amma yaxın keçmişimizdə bu ortaq dil vardı və bu, bizim bu gün danışdığımız dilə çox yaxındır. Bizim danışdığımız dil Qaracaoğlanın, Dadaloğlunun, Məhdimqulunun, Dirili Qurbanın, Sarı Aşığın, Xəstə Qasımın dilidir. Kim şübhə edirsə, buyursun onların şeirlərini oxusun. Və ya ortaq dastanlarımızı oxumaq dediklərimizin təsdiqidir. Aərbaycan coğrafi baxımdan da buna daha çox haqqı olan türk ölkəsidir. Ayrı bir dərdimiz elektron mediada dilimizin yavan olmasıdır. 44 günlük müharibədə məlum oldu ki, bizdə müharibə jurnalistikası hələ o umulan səviyyədə deyil. Bundan başqa elektron KİV-də dərc olunan mətnlərdə dilimiz bərbad vəziyyətdə olur. Bəzən belə kobud səhvlər xəbər başlığına çıxardılır. Məsələn Liviyadan danışanda paytaxtı Beyrut kimi göstərmək jurnalist adına biabırçılıqdı. Saytlarımızda çoxlu üslub səhvləri və dil qüsurlarını görmək adamı ağrıdır.
– “Bir adamlıq şəhər”kitabınızı oxuyanda Akademik Nizami Cəfərovun haqqınızda yazdığı fkir ürəyimdən olduğundan burda vurğulamaq istəyirəm: İlham yalnız şeir yazmır, həm də poeziya barəsində elə mühakimələr irəli sürür ki, adamın onunla üzbəüz oturub saatlarla mükalimə etməyi gəlir. N.Cəfərovla ana dilinin problemlərindən də danışırsınızmı?
– Nizami müəllimə kitabıma yazdığı ön sözə görə təşəkkür edirəm. O, dilçilik və ədəbiyyatşünaslıq sahəsində dövrümüzün ən dolu söz və fikir adamlarındandır. Nizami müəllimlə bir dəfə Aşıq Alının toplayıb tərtib etdiyim “Nə qaldı” kitabı haqqında televiziyada verilişdə olmuşuq. Başqa mövzuda söhbət etmək fürsətimiz olmayıb.
– Folklora, xüsusilə aşıq ədəbiyyatına bu qədər bağlılıq, sevgi mənbəyini hardan alıb?
– Sizə bir fikrimi deyim – mənə görə hər hansı bir sahənin adamı həmin sahə üzrə özündən əvvəllkiləri unutmamalıdır. Yeri gəldikcə onları yad etmək Allaha da xoş gedər. Bu bir qədrdanlıq – yəni sələflərə xələflik borcumuzdur. Ona görə mən də Haqq Aşıqlarımızın hamısından şeirlər əzbərləmişəm. Bu yerdə başıma gələn bir maraqlı hadisəni danışmaq istəyirəm – bir məclisdə aşıqlardan xeyli əzbər söylədim. Bir nəfər soruşdu ki, bunları necə əzbərləyirsiz, dedim axşamlar ayağımı soyuq suya qoyuram. O əvvəl inandı, mənim güldüyümü görəndə isə zarafat etdiyimi bildi.Klassik aşıqlarımızın şeirləri çox gözəldi. Obrazlı desək onların şeirləri dəymiş şeirlərdi. Bu gün nə qədər çiy, dəyməmiş şeirlərə rast gəlirik. Ən pisi isə onları bəh-bəhlə oxucuya sırıyırlar və bununla gələcək nəsillərin zövqünün korlanmasına bais olurlar.
– Yeni kitabınızda özünüz də dediyiniz kimi 44 günlük müharibənin bədii xronikasını əks etdirən bayatılar yer alıb.
– Bir şair kimi müharibə dövründə hiss etdim ki, mən bu mövzuda özümü daha çox bayatılarda ifadə edə bilərəm və qeyd etdiyiniz həmin bayatıların əksəriyyəti bədahətən gəlib yazmışam, sanki kimsə daxildən bu bayatıları mənə deyirdi. İctimai televiziyanın efirində o bayatıların bir neçəsini oxuyanda mənimlə verilişdə olan görkəmli alimimiz Qəzənfər müəllim (Qəzənfər Paşayev -P.B.) və aparıcı Qorxmaz Tofiqoğlu efirdə doluxsundular. Bayatılar müharibə dövründə yazılıb və müharibə başlayıb qələbə anına qədər davam edən hadisələri özündə ehtiva edir. Həmişə dediyim fikri təkrar edirəm, mən yaşadığım hissləri yazıram. Bu zaman hər şeir ruhun dilindən gəlir. Yeri gəlmişkən 44 günlük qələbəmizlə bitən müharibədən sonra Azərbaycanda hər şey təzə libas geydi, salam da, xeyir-şərimiz də, qohumluğumuz da və bir çox müqəddəs dəyərlər urvata mindi.
– Sizinlə söhbətdən sonra ədəbiyyata bağlılığınızı görüb buna laqeyd qalmağın günah olduğunu düşündüm. Şövqlə danışırsınınz. İstəyərdim zamanımızda ən çox narazı qaldığınız məqamlardan danışasınız. Ürəyinizdə nə varsa bölüşün.
– Ədəbiyyat sənət sahələri içində daha çox diqqət tələb edən yaradıcılıq sahəsidir. Gərək aidiyyatı qurumlar meyarları itirməyələr. Keçən il Mədəniyyət Nazirliyinə çap olunan kitablarımdan alınıb kitabxana və mədəniyyət qurumlarına paylanması üçün cənab nazirə müraciət etdim. Şeir və tərtib etdiyim folklor kitablarının heç biri alınan kitablar siyahısına düşmədi. Bu da aidiyyatı qurumlarda meyarlar doğrudanmı gözlənilir sualı doğurur.
– Od vurdum yana kağız,
Halımı qana kağız.
Şair də toxucudu
İp sözdü, hana kağız.
Nə toxumusunuz indiyəcən? Sizcə, gələcək nəsillər toxuduğunuz hanaların naxışlarını bəyənəcəklərmi?
– Yazdıqlarımın taleyindən bədgüman deyiləm, inanıram ki, vaxt gələcək mənim şəhidlik mövzusunda, əsgər mövzusunda, eləcə də başqa mövzularda yazdığım şeirlər dərsliklərə düşəcək, təbliğ ediləcək. Misal çəkdiyiniz bayatı şeirin əsas atributlarından olan təşbehdi, obrazlı deyimdi. Xalqımız dəvrəl-qədimdən obrazlı danışığı qiymətləndirib. Günümüzün Azərbaycan şeirində məndən çox obraz işlədən şair yoxdur. Bu haqda Nizami müəllim kitabıma yazdığı ön sözdə də vurğulayıb.
– Onda belə bir sual: İlham Qəhrəmanın yeri Azərbaycan şeirində hardadır?
– Əgər şeiri şəhərə və kəndə bölsək, mənim yerim bu iki mövqenin ortasındadır. Mən şeirdə bir tərəfdən ənənəçiliyi, bir tərəfdən müasirliyi nəzərə alıram. Və onu deyim ki, bunu qəsdən etmirəm, necə gəlir elə də yazıram, sonda deyilən mənzərə yaranır. Çünki tənqidçilər də xalq şeiri ənənələrini müasir poeziyanın tələbləriylə uğurla sintez etdiyimi xüsusi vurğulayırlar.
– Ay mənim əyri yiyəm,
Yox mənim ayrı yiyəm.
Mən bu doğma Vətənin
Bir ögey şairiyəm.
Suç sizi ögey bilənindir. O cür bayatılar yazan, Vətənin dərdini oxşayan şair niyə ögey sayılsın ki?
– 63 yaşındayam, indiyə qədər 4 folklor kitabı toplayıb tərtib etmişəm, 9 şeir kitabım – onlardan ikisi qonşu İran İslam Respublikasında yüksək tirajla nəşr olunub. Dünən ədəbiyyata gələn qələm adamalarını başımızın üstündən hoppandırıb ev, mükafat, fəxri adlar verirlər, xaricdə kitabları nəşr edilir, xarici səfərlərə gedirlər. Amma bir siyahıda mənim adıma rast gəlməzsiniz. Bu ögeylik deyil, bəs nədir? Adı varsa, siz deyin.
– Şairin əsl xoşbəxtliyi oxucularının çox olmasıdır. Aprelin 2-də keçirilən imza gününüzdə xeyli oxucunun toplaşması sizi məmnun etməlidir. Adətən, kitab təqdimatlarına həmkarlar deyinə-deyinə gedirlər. Sizdə isə şəhid ailələri, yaradıcılığınızı sevənlər gəlmişdilər. Kitabxanalardan sosial şəbəkələrdə tədbirdən paylaşımlar edənlər də oldu. Belə doğmalığın əvəzi yoxdur. Siz şəhidlərin xatirələrini əziz tutursunuz, onların ailəsi də sizi tək qoymadılar. Sonda istəyirəm bir bayatınızı xatırlayaq:
Üç rəngdə güllən, bayraq,
Ətirlən, hillən, bayraq.
Qoy düşmənin çatlasın,
Şuşada yellən bayraq.
Bayrağımızın əbədi dalğalanması ümidilə hələlik bu qədər.
-Bayrağımızın 30 ilə yaxın müddətdən sonra Şuşada dalğalanmasından böyük, iftixar və qürur ola bilməz. Diqqətiniz üçün təşəkkür edirəm.
Pərvanə BAYRAMQIZI