- Mədəniyyət

Qənirə Paşayeva Daşkənddə Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı tədbirdə geniş məruzə ilə çıxış edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzi (KİM) ilə birgə keçirdiyi “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbirdə iştirak və çıxış edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı AMM-in Daşkənddə özbək dilinə tərcümə və çap etdirdiyi “Xəmsə”nin təqdimatı olub.

Qənirə Paşayeva çıxışında xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan, əməkdaşlığından söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb.

Komitə sədri vurğulayıb ki, Özbəkistan ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib: “Bunun üçün Prezident Şavkat Mirziyoyevə, Özbəkistan dövlətinə və xalqına minnətdarlığımızı bildiririk. Çox şadıq ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələr həyata keçirilir, yeni layihələr planlaşdırılır. İştirakçısı olduğumuz belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda gerçəkləşdirilməsi vacibdir. Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu türk dünyasında qardaşlığın, dostluğun daha da dərinləşdirilməsi, gücləndirilməsinə də bir töhfədir.

Azərbaycan-Özbəkistan dostluq və qardaşlığı əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərimizə örnək təşkil edən bir mahiyyətlə ortaq türk keçmişindən ortaq türk gələcəyinə aparan yolla getməyimizin təsdiqi, təsbitidir.

Bu il Azərbaycanda Nizami Gəncəvi, Özbəkistanda Əlişir Nəvai ilidir və hər iki klassikimizin irsinə bir daha müraciət etməyimiz, gənc nəsillərin təlim-tərbiyəsi, əxlaqı, ruhaniyyəti və ortaq dəyərlərə sahiblənməsi baxımından çox faydalıdır.

Biz hər iki dahimizi minnətdarlıqla yad edərkən, onların irsinin ümumbəşəri mahiyyətini bir daha vurğulayırıq. Nizami Gəncəvinin, Əlişir Nəvainin irsinə yiyələnmiş cəmiyyətlər xoşgörülü olur. Belə cəmiyyətlər “yaradılanı Yaradan üçün sevən”, həmişə, hər yerdə insan qalmağı təşviq edir, öyrədir.

Çox şadıq ki, qardaş Özbəkistanda Nizami Gəncəvi elə Azərbaycandakı qədər sevilir, öyrənilir, öyrədilir. Nizami Gəncəvinin adı Özbəkistanda dövlət qatında da, ümumxalq səviyyəsində də əziz tutulur. Necə ki, Azərbaycanda Nəvai irsi əziz tutulur, öyrənilir, öyrədilir. Bu, keçmişdə də belə olub, müstəqil ölkələrimizin qüdrətlənməsi ilə getdikcə daha geniş miqyas alacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ümumşərq, ümumtürk mədəni abidələrinin beynəlxalq səviyyədə qorunması, təbliği sahəsində gördüyü işləri də burada minnətdarlıqla qeyd etmək istərdim. Hesab edirəm, bu örnək əsasında, gələcəkdə ortaq dəyərlərimizin beynəlxalq səviyyədə müdafiəsi, təbliğ və tərənnümü istiqamətində çalışmalarımızı gücləndirməliyik.

Mütəfəkkir şair, Azərbaycan dahisinin Nizami Gəncəvinin “Xəmsə”sinin Daşkənddə özbəkcə nəşr olunması yalnız özbək mədəni həyatı üçün deyil, əməkdaşlığımız üçün də önəmli hadisədir. Şadam ki, AMM-in həyata keçirdiyi layihələr çərçivəsində indiyədək 100-ə yaxın kitab özbək dilində gün üzü görüb. Bu işlərdə əməyi keçən hər kəsə könül dolusu təşəkkür edir, yeni uğurlar diləyirəm”.