- Mədəniyyət

Qənirə Paşayeva Özbəkistan Ali Məclisi Senatının Mədəniyyət və İdman Komitəsinin sədri ilə görüşüb

Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistan Ali Məclisi Senatının Mədəniyyət və İdman Komitəsinin sədri Baxtiyar Sayfullayevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, Bakıdakı “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva da iştirak ediblər.

Qonaqları salamlayan Baxtiyar Sayfullayev Azərbaycanla mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi haqqında danışıb, son zamanlar Özbəkistanda mədəniyyət sahəsində təşkil olunan beynəlxalq tədbirlər, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən elan olunan “Yeni Özbəkistan” layihəsindən söhbət açıb.

Qənirə Paşayeva Azərbaycan dövlətinin Özbəkistanla əməkdaşlığa xüsusi önəm verdiyini bildirib, mədəniyyət sahəsində əlaqələrin inkişafından danışıb, qardaş ölkənin Türk Şurasına üzv qəbul olunmasının Azərbaycanda böyük məmnunluq hissi ilə qarşılandığını qeyd edib. O Azərbaycanla Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıqdan söhbət açıb, Vətən müharibəsi günlərində Özbəkistanın Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini xüsusi vurğulayıb.

Komitə sədri 30 il Ermənistan işğalı altında qalan torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edildiyini və bu ərazilərdə bütün infrastrukturun, mədəniyyət və dini abidələrin məhv etdiyini söyləyib. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş quruculuq işlərinin aparıldığını, qədim Şuşa şəhərində beynəlxalq musiqi və poeziya festivallarının keçirildiyini, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini diqqətə çatdırıb.

Q. Paşayeva regionda etnik təmizləmə siyasətini aparıldığını, Azərbaycanın Xocalı şəhərində soyqırımı həyata keçirdiyini söyləyərək bu qətliamın dünyanın ondan artıq ölkəsinin, ABŞ-ın 20-dən çox ştatının parlamentlərinin soyqırımı kimi tanıdığını qeyd edib. O, gələcəkdə Özbəkistan Ali Məclisinin Xocalı soyqırımını rəsmi şəkildə tanıması üçün də çağırış edib. İkitərəfli mədəni əməkdaşlıqdan danışan Qənirə Paşayeva ölkələrimiz arasında mədəniyyət layihələri, keçirilən tədbirlər barədə məlumat verib.

AMM-nin direktoru Samir Abbasov ölkələrimiz arasında mədəni əməkdaşlıq, Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri, iki xalqın ortaq dəyərlərinin təbliği, UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilən mədəni irs nümunələrimiz haqqında danışıb, bu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini və bu istiqamətdə Özbəkistanda həyata keçirilən layihələr barədə məlumat verib. O Ermənistanın təcavüzü nəticəsində Azərbaycana aid çoxsaylı mədəniyyət abidələrinin dağıdıldığını, milli mədəni irsimizə böyük ziyan vurulduğunu, İslam abidələrinin təhqir edildiyini söyləyib. S. Abbasov işğaldan azad edilmiş ərazilərdə 67 məsciddən, 65-nin ermənilər tərəfindən tamamilə dağıdıldığını, qalan iki məscidin isə zərər gördüyünü vurğulayıb.

Daha sonra Azərbaycanla Özbəkistan arasında birgə layihələr, mədəniyyət sahəsində əməkdaşlıqdan danışan S.Abbasov yaxın günlərdə həm Özbəkistanda, həm də Azərbaycanda geniş mədəniyyət layihələrinin həyata keçiriləcəyini söyləyib.

Görüşdə Qənirə Paşayeva gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində təkliflər verib, Baxtiyar Sayfullayevə Azərbaycan xalçası, müəllifi olduğu “Addım-addım Özbəkistan” toplusunu və “İrəvan xalçaları” fotokitabını hədiyyə edib.