Bugünkü müsahibimiz Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevadır. Onunla ədəbi dilmizin indiki vəziyyəti, qloballaşma şəraitində ədəbi dilimiz üçün təhdidlər, o cümlədən küçə və prospektlərimizin “əcnəbiləşməsi” barədə danışdıq.
– Qənirə xanım, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin ölkəmizdə ədəbi dil normalarının pozulması ilə əlaqədar Milli Məclisin120 deputatına göndərdiyi müraciətinə hamıdan öncə münasibət bildirərək: “Çox aktual, vacib, ciddi mövzudur, hamımızı narahat edən məsələdir. Mən bununla bağlı Mədəniyyət komitəsinin sədri kimi həm öz adımdan, həm də komitə üzvləri adından müvafiq qurumlara müraciət göndərəcəyəm. Dilimizin saflığının qorunması, dövlət dili haqqında qanuna əməl edilməsi üçün səlahiyyətim daxilində hər cür kömək edəcəyəm” – demişdiniz. Bununla bağlı parlamentdə məsələ qaldırılıbmı?
– Parlament dövlətin ali qanunvericilik orqanı olaraq, digər əməli fəaliyyət sahələrində, münasibətlər sistemində olduğu kimi, dövlət dili, dövlət dilinin tətbiqi məsələləri ilə bağlı da qanunların qəbul edildiyi, bu mövzuda peşəkar müzakirələrin aparıldığı yerdir. Ayrı-ayrı qanun layihələrinin müzakirəsi vaxtı da dövlət dilinə, dilin tətbiqinə dair məsələlər olur.
Bundan başqa, cari məsələlərdə zaman-zaman, dediyiniz problemlə bağlı həmkarlarımın, o cümlədən Mədəniyyət Komitəsi üzvlərinin də, mənim və çıxışlarımız olub. Lakin qaldırdığınız məsələ daha çox icra strukturlarının, müxtəlif idarə, müəssisələrin, əlaqədar şəxslərin üzərinə düşən məsuliyyəti ifadə edir. Yəni bu sahədəki problemlər qanunvericilikdəki hansısa boşluqdan qaynaqlanmır, bununla belə, etiraf edək ki problemlər mövucddur və aradan qaldırılması üçün hər birimiz çalışmalıyıq.
– “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında (18 iyun 2001-ci il) deyilir ki, “kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”. Bu mənfi təsir azı 19 ildir davam edir. Bəs niyə tədbir görülmür?
– Tamamilə tədbir görülmür demək düzgün olmazdı; bu narahatlıqların mühüm dövlət sənədlərində, Pezident Fərmanında əks olunması özü, elə dediyiniz o tədbirlərin ən yüksək mərtəbəsini ifadə edir. Əgər Konstitusiyada, müvafiq Qanunda, Fərmanda açıq təsbitlər, müəyyənliklər varsa, deməli, bütövlükdə cəmiyyətimiz problemlərə səssiz qalmamalıdır. Çox şükürlər, aydınlarımız, özəlliklə jurnalistlərimiz heç vaxt səssiz qalmayıb. O ki qaldı iş dünyasının təmsilçilərinin kobud dil pozuntularına, elə bilirəm, həm qanunvericilik əsasında, həm cəmiyyətin təpkisi ilə bu problem də önəmli dərəcədə aradan qaldırılacaqdır. Doğrudur, mən dövlət dilinin işlənməsi ilə bağlı məsələni ikinci dərəcəli iş hesab edə bilmərəm, məhz birinci dərəcəli işlər sırasında görürəm, bununla belə, vandal düşmənin işğalına məruz qalmış, yüzminlərlə qaçqın-məcburi köçkün problemi yaşamış ölkə olmaq etibarı ilə, müstəqilliyinin yaşı o qədər də çox olmayan və müstəqillik illəri boyu təxirəsalınmaz çoxlu işlərin mövcudluğu səbəbi ilə daha çox diqqət göstərilməli məsələlərin sırasının da çox geniş olduğunu qəbul etməliyik. Elə başa düşürəm, işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçidi təmin etdiyimiz kimi, dövlət-xalq birliyi ilə digər vacib məsələləri, o cümlədən dövlət dilinin tətbiqi məsələlərini də xalqımıza, dövlətimizə, mədəni irsimizə xas ədəb-ərkanla həll edəcəyik.
– Ötən yay 800-ə qədər ziyalının paytaxtın əcnəbi dillər tərəfindən “işğalı” ilə bağlı BŞİH başçısına müraciəti olmuşdu. Hörmətli Eldar Əzizov dərhal kollegiya iclası keçirdi, ziyalılar BŞİH-də qəbul edildi. Məlum oldu ki, qanunvericiliklə bağlı probelmlər var. Belə ki, Əqli Mülkiyyət Agentliyi əcnəbi dillərdə brend adlarını, İqtisadiyyat Nazirliyi isə şirkət adlarını qeydiyyata alır. Sonra həmin adlar ticarət və xidmət obyektərinin özünə yazılır. “Dövlət dili haqqında” qanuna görə, isə ticarət və xidmət obyektərinin dili azərbaycanca olmalıdır. Dövlət Reklam Agentliyinin rəsmiləri bildirir ki, şirkət və brend adı təsdiq olunubsa, həmin lövhələrin dəyişdirilməsini tələb edə bilməzlər. Çıxış yolu yoxdurmu?
– Çıxış yolu həmişə var. İlk növbədə, sizin dediyiniz iradı bildirənlər alternativlətin mövcudluğunu unutmamalıdır. Necə deyərlər, bəhanə axtaran bəhanə, çıxış yiolu axtaran çıxış yolu tapar. Adam var problemi işə çevirir, adam da işi problemə çevirir. Ən doğru yanaşma, qanunlara istinad etməkdir. İkinci yanaşma, vətəndaş məsuliyyəti nümayiş etdirmək, milli təəsübkeşliklə yaşamaqdır. Vətənpərvərlik yalnız əldə silah öncəbhədə vuruşmaqla olmur. Anadolulu qardaşlarımızın məşhur sözü ilə desək, ən vətənpərvər insan öz işini yaxşı görən insandır. Məsələn, yeni iş yeri açan vətəndaşımıza milli addan, öz sözlərimizdən yararlanmağı kim qadağan edir? Yaxud dünyada tanınmış brend, marka adlarının daha böyük ölçüdə yaxud eyniölçüdə bizim dil qaydalarına uyğun da yazılmasının qarşısını nə və kim alır? Elə başa düşürəm, vətəndaşlarımız da alqı-satqı etdikləri yerlər arasında seçim imkanı varsa, məhz vətənpərvərlərin, dövlət dilinə münasibətdə örnək addım atanların dükan-bazarlarına üstünlük verməklə mövqe nümayiş etdirmiş olar.
Bilirsiz, hər bir dil pozuntusu edən iş adamının yanına bir polis təyin edə bilmərik, hətta nəzəri cəhətdən dil polisinin varlığını, gündəlik sıx hərəkət marşurutunu təsəvvür etsək belə, bu əlverişli metod sayılmaz. Məncə, burada siz jurnalistlərin, media orqanlarımızın da üzərinə mənəvi vəzifələr düşür. Bu vəzifələr maarifçilikldən, obyektiv tənqiddən, satira-yumor, karikatura üslubunda qamçılamadan keçir həm də.
– “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin opponentləri paytaxtın, eləcə də digər şəhər rayonların dilinin “əcnəbiləşməsi”ni ölkəmizin də qoşulduğu Paris Konvensiyası ilə əsaslandırmağa çalışırlar. Amma elə həmin konvensiyanın preambulasında həmin sənədin “dövlətlərin öz ərazilərində mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün uyğun hesab etdikləri siyasət və tədbirləri dəstəklədiyi” qeyd edilir. Bundan əlavə, həmin konvensiyaya qoşulan qonşu Rusiya və Gürcüstanda hətta “Makdonalds” kimi obyektərin adını dövlət dilində (də) yazırlar. Bizdə ana dilimizə qarşı bu qeyri-həssaslıq nə vaxtadək davam edəcək?
-44 günlük Vətən Müharibəsi günlərində adını çəkmək istəmədyim belə obyektlərdən bir-ikisi, cəbhədə qələbələrimizi əks etdirən lövhələri bir neçə gün nümayiş etdirdikdən sonra, qaldırmışdı. Həmin yaramaz hərəkətin sosial mediada necə linc edildiyini yaxşı xatırlayıram. Bildiyim qədər həmin obyektlər müştəri sarıdan da ciddi azalma yaşadı. Sonra müxtəlif cəhdlərlə öz qüsurlarını ört-basdır etmək, günahlarını yumaq istəsələr də, günü bugün də həmin obyektlərə getməyən neçə insan tanıyıram. Yəni vətəndaş təpkisi, eləcə də, sosial maarifçilik hədər getmir. Digər tərəfdən, bir öncəki suala cavabda da vurğuladığımız kimi, brend adları dövlət dilində də yazmaq ağlagələn ən ilk çıxış yolu kimi görünür. Yenə deyirəm, qanunvericilikdə boşluq yoxdur, boşluq qanunun icrasında ola bilər.
– Reklamları, ticarət və müəssisə adları əcnəbicə yazılmış Bakı küçələrindən keçərkən öz dilini sevən bir vətəndaş, bir millət vəkili kimi özünüzü necə hiss edirsiniz?
-Məncə, bu sual, necə deyərlər, ritorik sualdır. Aydındır ki, narazı qalıram, məmnun olmuram. Mən məhz öz doğma Azərbaycan sözləri ilə adlandırmaların tərəfdarıyam.
– Sizcə, deyilən biznes strukturları sahiblərinin “Dövlət dili haqqında” Qanuna etinasızlığı biznes maraqları ilə bağlıdır, yoxsa Azərbaycan dilinə qarşı məkrli plan həyata keçirilir?
– Məkrli plan kimi ağır ifadəni işlətmək istəməzdim. Zatən necə-necə məkrli planlar dilimizi sıradan çıxara bilməyibsə, belə naqis addım atanlar boşuna zəhmət çəkir. Hesab edirəm, söhbətin mövzusu, daha çox, elə etinaszlığın özü və biznes maraqlarının düzgün olmayan qiymətləndirməsindən gedə bilər.
– Sahə mütəxəssisləri deyir ki, linqvistk ekspansiyanın arxasında hər zaman mədəni və siyasi ekspansiya maraqları gizlənir. Sizcə, belə bir maraq ola bilərmi? Bu, mədəni təhlükəsizlik məsələsi deyilmi?
– Bizə qarşı nə düşünüldüyündən çox bizim nə düşündüyümüz, bizim özümüzün necə davrandığımız önəmlidir – mən öz milli qürurumuza, xəlqi heysiyyatımıza, konkret olaraq, ana dilimizə necə sayğı duymamıza diqqət etmənin tərəfdarıyam. Başqalarından bizi sevmək tələbimiz, bizim istədiklərimizi olduğu kimi yerinə yetirmək arzumuz yox, müstəqil ölkənin qanunlarına, ənənələrinə sayğı tələb və istəyimiz ola bilər. Bu sahədə ən yaxşı istinadlardan biri də şəxsi örnəkdir. Biz özümüz dilə münasibətdə örnək göstərsək, bu zaman-zaman başqalarına da sirayət etmiş olacaq. Özünə hörmət qoymayana başqaları da hörmət bəsləməz…
– Doğrudur, dilimizə özümüz hörmət qoymasaq, onu başqalarından gözləməyə dəyməz. Müsahibə üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm.
Gülyaz ƏLİYEVA