Vasif SADIQLI
Bəd nəzərin çox xətərnak şey olması ta qədimlərdən məlumdur. Bəzən iki, hətta bir həsədçi göz bir insanın dönərgəsini döndərər, ən azı heç zaman unutmayacağı xatirələrə səbəb olar. Ona görə bunun qarşısını almaq üçün preventiv tədbirlər görərlər. Qədim Romada triumf nəğmələri deyilən bir janr vardı. Məqsədi qalib sərkərdə hökmdar və sair məşhur vücudları bəd nəzərdən qorumaq idi. O vax ənənəyə görə, parad zamanı hökmdar dörd ağ at qoşulmuş qızıl arabasına əyləşib minlərlə cüt gözün həsədli baxışları altında məbədə doğru yollananda prosessiyada iştirak edən bir qrup şəxs onu rüsvay eləyən nəğmələr oxuyardılar. Buna triumf nəğmələri deyərdilər. Məsələn, Yuli Sezarın triumf törənində belə oxuyurlarmış:
«Ey şəhər əhli, arvadlarınızı qoruyun, bu keçəlbaş zinakardır… və s.
Məqsəd sərkərdəni həsədlə ona baxan on minlərlə gözün şərindən qorumaq idi. Haqsız idilər?
İllərdən 1993-cü il, aylardan aprel idi. Gecə-gündüz başım işə qarışdığı üçün çoxdandı kəndə getmirdim. Bir gün yenə işçilərin birinin maşınını götürüb kəndə getdim. Gecəni kənddə qaldım, səhər tezdən Ağstafaya qayıdırdım. Kənddən çıxhaçıxda bir nəfərin diqqətlə mənə baxdığını gördüm. “Bu, niyə belə baxır, nəzərlərini heç çəkmir? Bir neçə həftə əvvəl başqa bir maşınla gəlmişdim. Bəlkə, hesab edir ki, hamısı mənim maşınlarımdır?”, – deyə düşünməyə başladım.
Çınqıllı kələ-kötür kənd yolu ilə maşının sükanını sağa-sola çevirə-çevirə: “Əşşi, baxsın də, nə olsun ki? Maşınlar ki mənim deyil, həsəd üçün bir əsas yoxdur”, – deyə düşündüm. Heç bir narahatlığım yox idi. Qonşu kənddə – Muğanlıda rayon mərkəzinə gedən bir tanışı da götürdüm. Yol boyu çox az söhbət etdik, maşını bərayi-ehtiyat asta və diqqətlə sürür, heç kəsi ötmürdüm. Sadıqlıdan Ağstafaya hardasa 45 kilometr olar. Şəhərə çatmağa az qalmışdı. Kəsəmən qəbiristanlığına yaxın ərazi – teleötürücünün yaxınlığı idi. Birdən maşına götürdüyüm şəxs: “Tülküyə bax, tülküyə” deyə həyəcanla səsləndi. Bir neçə dəfə sağa-sola baxıb tülkünü görmək istədim. Hər şey də onda baş verdi. Bir də baxdım ki, maşın çökəkliyə düşmək həddindədir. Sükanı çevirib qaz verdim. Əslində buna heç ehtiyac da yox idi. Sanki hansısa qüvvə beynimi deaktiv etmişdi, hər şey iradəmdən kənar baş verirdi. Bir də onu gördüm ki, maşın aşdı və ön pəncərədən çıxaraq asfalta sərildim. Asfalta enişi uğurlu edə bilmədim, əllərimlə yanaşı, çənəm də asfalta dəydi. Ayağa qalxanda səndələyib yıxıldım. Yanımdakı şəxsdən xəbərim yox idi (ona heç nə olmayıbmış). Bu vaxt qarşıdan gələn maşın saxladı. “Aaa, bu ki Vasif müəllimdir”, – köməyə gələn polislər idi. Məni maşınlarına qoyub Ağstafaya apardılar. İki-üç dəfə ağzımın qanını siləndən sonra dəsmalım qanla doldu və pəncərədən atdım. Bundan sonra polislərin dəsmalını ağzıma tutdum. Tezliklə onlar da atılası oldu, Yolda bir bulağın üstündə maşını saxladıq, bir qədər qanımı yudum, xeyri yox idi.
Xəstəxanada ayrıca palataya yerləşdirildim. Qazaxdan gələn həkim rentgen çəkilişindən sonra dedi: “Bir dəfə Ağköynək yolunda avtomobil aşmışdı. Qəzaya düşənlər öz ayaqları ilə Qazax xəstəxanasına gəlmişdi. İkisi də dünyasını dəyişdi. Gicgahda bir sümük var, o qırılanda xilas etmək olmur. Sizdə hər şey qaydasındadır”. Sonra damaqlarıma iynə vurub, alt çənəmi məftillə üst çənəmə bağlayıb, kəlbətinlə məftilin artıq hissəsini kəsdilər. Bir ay çənəm bağlı olmalı idi.
Bundan başqa, başın ortası, qaş və alt dodağıma tikiş qoydular. Xoşbəxtlikdən çənəm qırılan yerdə alt çənəmdən bir diş düşmüşdü, onun boşluğundan kiçik boru ilə maye qəbul edir, siqaret çəkirdim.
Xəbər ildırım sürəti ilə yayıldı. Şərhlərin hamısı eyni idi: “Sui-qəsddir, belə də olmalı idi”, “Mən demişdim”, “bu, filankəslərin işidir” və s. Eyni sözləri rayona çəkilişə gələn AzTV əməkdaşları da eşitmişdi. Həmkəndlimiz Məti Osmanoğlu da gəlmişdi. Kameraçı isə tanınmış şəxs idi, adını unutmuşam, Brejnev Bakıya gələndə çəkilişləri o aparırmış. Baş katibin qəribə hərəkətləri barədə çəkilişlərindən danışıb məni güldürməyə çalışırdı. Məni yataq vəziyyətində çəkməyib, sadəcə, informasiya verməyi qərara aldılar. Sui-qəsd olmadığını deyəndə təəccübləndilər. “Taksi şoferi deyirdi ki, yüz faizi qəsddir. Belə də olmalı idi. Mən demişdim”.
Təxminəm üç həftə palatada yatdım. Tək idim, başqa xəstə qoymurdular. Bir gün palatanın qapısı açıldı və yaxası medalla dolu bir müharibə veteranı göründü. O gördüyünə inanmırmış kimi təəccüblə mənə baxırdı. Mən müharibə veteranları üçün olan xüsusi palatada idim, görünür, veteran “bu yaşda adam necə müharibə veteranı ola bilər?”, – deyə donub qalmışdı. Bu vaxt həkimlərdən biri, “ağsaqqal, ora yox”, – deyib qolundan tutub apardı.
Nəhayət, həkim dedi ki, çıxıb gəzə bilərəm. Bu vaxt xəbər gəldi ki, qardaşım xəstədir. O, Biləsuvarda idi, tanışların birinə dedim maşını xəstəxananaın həyətinə sürsün. İlk gəzintimə sükan arxasından başladım, yoxsa qorxaq deyərdilər və ya azı özüm qorxaq olduğuma inanardım. Tovuzu keçənə kimi maşını özüm idarə etdim, təbii ki, tülkü göstərən olmadı, göstərsələr də, baxacaq deyildim. Avtomobil çüxurlara düşüb silkələnəndə sinəmdə ağrı hiss edirdim. Rayona qayıdanda rentgendə çəkidlər və məlum oldu ki, bir neçə qabırğam da qırılıbmış, bitişib.
Yolda Ucar ərazisində çay və yemək üçün dayandıq. Yemək gətiriləndə məlum oldu ki, “şlanq” götürməmişəm. Ofisiantdan göy soğan istədik. Göy soğanın qanadlarından boru kimi istifadə edib yeməyin suyunu və çay içirdim. Boru istidə tezcə xarab olduğu üçün bir neçə dəfə soğan sifariş verməli olduq.
Həri 1. “Göz dəymək boş şeydi, mövhumatdı” deyib keçməyin. Uşaq vaxtı “Elm və həyat” jurnalında oxumuşdum ki, göz dəyməsi inancı mövhumat deyil. Gözü dəmgil adamların gözündə silisiumun miqdarı normadan çox olur və fəsad törədən də odur.
Həri 2. Bir həsədçinin, gözü dəmgilin sizə gözünün dəyməsi üçün sizin nəzər dəyməsinə səbəb olacaq nemət, var-dövlət, komfort, ataraksiya, zahiri gözəllik sahibi olmağınız vacib deyil. Bunların olması barədə yaratdığınız (və ya özü yaranan) illüziya və ya həsədçinin özünün fantaziyası da ciddi xətərlərə səbəb ola bilər.
Həri 3. O gün bir daosizm pritçası paylaşmışdım. Ümumi ideyası budur ki, nəyin xeyir, nəyin şər olduğunu deməyə tələsməyək. Xeyir bildiyimiz şər, şər bildiyimiz isə xeyir ola bilər. Deyirlər, uğura çıxanda qənşərinə tülkü çıxmaq yaxşıdır. Bəlkə, o gün xəstəxanalıq olmaq özü xeyir imiş. Çünki sonrakı 2-3 ay ərzində bir dəfə iş yerimi, bir dəfə isə hər gəzdiyim avtomobili avtomatla gülləbaran etmişdilər. Bəlkə, bir ay xəstəxanada yatmağım məni hansısa qəsddən qurtardı? Bütün bunlar müəmma olduğu üçün qərara da gələ bilmirəm. Həmin gözü dəmgil müəllim qarşıma çıxarsa, nə etsəm, doğru olar? Əllərini sıxıb təşəkkür etmək, yoxsa təpiyin altına salmaq?
Düzünü Allah bilir.
Xeyirli şənbələr…