Qətər Dövlətinin məşhur Şeyx Faysal Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan guşəsinin açılış mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimindən əvvəl çıxış edən Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açıb və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulayıb. Səfir qeyd edib ki, dünyanın tanınmış Şeyx Faysal Muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi və təbliğ edilməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. Səfir yaradılmış bu şərait və imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra tədbirdə çıxış edən muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək bu cür eksponatları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd edib.
Daha sonra səfir və Faysal muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani muzeyin əsas hissəsində yaradılmış Azərbaycan guşəsinin açılışını bildirən rəmzi lenti kəsib və qonaqlarla birlikdə eksponatlara baxıblar. Burada sərgilənən məlumatlar və eksponatları özündə əks etdirən guşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb. Muzey ilə tanış olan iştirakçılar burada olan nadir eksponatları maraqla izləyib.