- Ədəbiyyat

Qəzəllər

Cəbrail Həşimov

Qəzəl
rəməl

Gözüm almış, gözəlim, gözlərinin qarəsini,
Gözünün qarəsi də vurdu gözə yarəsini.

Gözün olmuş gözə dərman, gözəlin yox xəbəri,
Gözüm axtarmış elə gözlərinin çarəsini.

Gözün etmiş ürəyim gör necə də parə-tikə,
Gözüm onsuz da onun gəzmədə hər parəsini.

Gözünün vurduğu oxlar kor edib gözlərimi,
Gözüm istər ki, onun göz verə kəffarəsini.

Gözünə söylə, gözəl, gözlərimə rəhm eləsin,
Gözün ağlatdı necə Cəbraili-zarəsini.

Qəzəl
münsərih

Gözlərin almış məni, dustaq edib zindana,
Bunca əzab eyləmə, sən bu sənə heyrana.

Ağlımı almış mənim, başdan edib sözlərin,
Bənzəyir ol gözlərin bir dəlisov ceyrana.

Dərdimi heç bilməyir, etina etmir mənə,
Sözlərimi dinləmir, göndərirəm canana.

Amma onun işvəsi can evimi yandırır,
Bircə nəzər salmayır, baxsa da hər bir yana.

Sözlərimi düzmüşəm inci kimi saplara,
Cəbrailə rəhm elə, döndü ciyərlər qana.

Qəzəl
rəcəz

Dərdim coşub, bir gör necə halım pərişandır, muğam.
Aç pərdəni , bir nalə çək, od sal cana, yandır, muğam.

Qoy dərdlərim qövr eyləsin qalxdıqca sən bəmdən zilə,
Qəm mülkünün soltanıdır, hər dərdə dərmandır muğam.

Hardan bilər zahid nədir xanəndənin zənguləsi,
Bir xəstə eşqin naləsin qafillərə qandır, muğam.

Seyyidlərin, Cabbarların ləhnindən almışdır sığal,
Ariflərin yapdıqları bir mülki-kaşandır muğam.

Məcnun da düşmüş çöllərə bir sevgili Leyla üçün,
Aşiqlərin çəkdikləri hər nalə, əfğandır muğam.

Gər musiqi ariflərin başında zərrin tacdır,
Ol tacda mirvaridir, ləli-dürəfşandır muğam.

Əsrar ilən bir dopdolu dəryayə bənzər, Cəbrayıl,
Kükrər necə ümman kimi, heç sanma asandır muğam.