- Köşə

Qadın gülərsə…

  

Gülyaz ƏLİYEVA

Mən bir türk qızı, Azərbaycan qadınıyam, azad olmağa çalışan, azadlığı sərbəstlik kimi başa düşməyən, öz ayaqları üzərində durmağa, kimsədən maddi və mənəvi cəhətdən asılı olmamağa çalışan bir qadın. Eyni zamanda, müsəlman Şərqinin adət-ənənələrini yaxşı bilən, adət -ənənəyə hörmət edən bir qadın-ana.

Mən güclüyəm, mən bacarıqlıyam, özümə güvənirəm, özümə müəyyən karyera qurmaq üçün gecə-gündüz çalışır, kişiyə nisbətən ikiqat əziyyət çəkərək həm evdə, həm işdə yükün ağırını, zərif çiyinləri üzərinə götürən, ailənin bütün qayğıların çəkən, övladlarının sağlamlığı yolunda yuxu bilmədən dayanan şəfqətli bir ailə həkimiyəm, övladları ilə dərs çalışan səriştəli, hövsələli və səbrli ailə müəllimiyəm, sağlamlığa xidmət eləməklə faydalılığı və ləzzəti bir araya gətirmək üçün saatlarla bişirəcəyi yeməyi düşünən ailə aşpazıyam, öz evində təmizliyə ciddi riayət edən, evimin çalışqan xadiməsiyəm, həmçinin evimin xanımıyam, yaraşıqlı görünüşünü nisbətən ucuza başa gətirmək üçün özünə əziyyət verərək saatlarca dükan-bazar gəzən milyonlarla azərbaycanlı qadından biriyəm.

Bu işlərin hamısının öhdəsindən eyni anda gələn biriyəm. Mən övladımın yolunda, ailəm uğrunda bütün bacarıqlarımın, bütün qazancımın, bütün karyeramın üzərindən bir andaca “uf” demədən xətt çəkməyi bacaran biriyəm! Mən övladıma görə “odun istisindən”, “suyun soyuğundan” keçib bərkimişəm. Mən övladım uğruna girdiyim bütün savaşları qazandım. Mən savaşa girərsəm, mütləq qazanaram, dişimlə -dırnağımla didər, düşmənimi yenərəm, məhv edərəm. Çünki mən bir savaşa girdimsə, mütləq qələbə çalaram. O yolda hər əzaba qatlaşaram. Mən qadınam, çətinlikdən qorxmayan, çətinliklərə sinə gərən savaşçı bir qadın! Gülüşə möhtac bir qadın. Mənim üzümü yalnız övladımın sağlamlığı, yoldaşımın rahatlığı, dünyanın əmin-əmanlığı, bütün uşaqların xoşbəxtliyi, vətənimin azadlığı güldürə bilər! Mən, həmçinin, sənin dayağın, köməyin, duakeşinəm, cəfakeş bacıyam.

Şeyx Şamilin belə bir sözü var: “Bir qardaşın yaxşı bir bacısı varsa, o, özünü heç vaxt anasız hiss etməz. Çünki yaxşı və mərd bir bacı həm ananı, həm də atanı əvəz edəcək qədər güclüdür”.

Mən isə bu sözləri qardaş haqqında demək istəyirəm: “Bir bacının yaxşı bir qardaşı varsa, o heç vaxt özünü atasız və yiyəsiz hiss etməz. Çünki yaxşı və mərd bir qardaş həyatda hər kəsi əvəz edəcək qədər güclüdür!”

…Mən təkcə bacı deyiləm, mən həm də qızam, qadınam, anayam! Mən əmanətəm! Mən vətənəm! Məni qorumaq, mənim üzümü güldürmək sənin müqəddəs vəzifən, Vətən oğlu!

Mənim əsirlikdə olmağımı qəbul etmə, təhqir olunmağıma dözmə, Vətən oğlu! Sənin şərəfinəm, namisunam mən, Vətən oğlu!

Mən zərifəm, zəif deyiləm! Mən güclüyəm, aciz deyiləm.

Məndə də Prometey əzmi var, mən övladım yolunda hər əzaba qatlaşıram, kipriklərimlə od götürürəm, bütün şəxsi istəklərimin üstündən xətt çəkirəm, bütün dünyanı – yeri göyü, okeanları bir xoşbəxt körpə qığıltısının mənə verdiyi sevincə dəyişmərəm! Çünki o körpə Allahın mənə əmanətidir! Mən də sənə əmanətəm. Mənim əsarətim sənin baş alçaqlığındır, mənim düşmən əlində olmağım düşmənə boyun əyməyimdən deyil, mənim düşmən yanında olmağım mənim günahım deyil, bu həyatı mən seçməmişəm, mənim həyatım, gələcəyim sənə bağlı, Vətən oğlu !

Mən səni, sənin ayağa qalxmağını, məni xilas etməyini gözləyirəm, mənim balam, mənim qardaşım, mənim baş tacım, mənim atam! Məni xilas elə! Torpağı, anası, bacısı, qadını, qızı əsarətdə olan ölkə azad sayılmaz, xoşbəxt sayılmaz, yaşamaq haqqı olmaz!

Bu təhqiri bəndələr götürsə də, sən götürmə, Allahım!!!

Axı mən sənin zərrənəm, cənnəti mənim ayaqlarım altında gizlətmisən, Allahım !

Məni alçalmaq əzabından özün xilas elə, uca Allahım!