XIX əsrin ortalarında İranda Seyid Əli Məhəmməd Bab (ərəb.”Qapı”) adlı gənc İlahi Zühur iddiası ilə ortaya çıxdı. Babı öncə aralarında Tahirə Qürrətül-Eyn (1819-1852) adlı bir qadın olmaqla 18 nəfər tanıdı və Onun təlimlərini yaymaqdan ötrü ölkənin dörd bir tərəfinə yayıldılar. On minlərlə insan bu xəbəri eşidib, Baba iman gətirdi. Babilər hərəkatı (1844-1852) xüsusi qəddarlıqla yatırıldı: minlərlə insan qətlə yetirildi, Babın özü isə 1850 il iyulun 9-da Təbriz şəhərində kütlə qarşısında edam edildi.
Babın qadın həvvarisi, türk qızı Tahirə Qürrətül-Eyn ilahiyyatçı alim, İran modernist poeziyasının banisi, babilər hərəkatının ən fəal rəhbərlərindən biri idi. Tahirə İslam şərqində çadrasını atmış və Bəşər tarixində qadın-kişi bərabərliyini elan etmiş ilk qadın idi. O, bunu o zaman etmişdi ki, istər Şərqdə, isərsə də Qərbdə elə düşünürdülər ki, qadın zəif məxluqdur, o, yalnız dünyaya uşaq gətirmək və ev təsərrüfatını idarə etməkdən örtü yaradılmışdır, onun ictimai həyatda heç biri rolu ola bilməz. XIX əsrin ortalarında dini cəhalətin hökm sürdüyü İranda yüksək təhsilli, inqilabçı və cəsarətli bir qadının ortaya çıxması nadir və heyrətamiz bir hadisə idi.
Əsl adı Fatimə idi və Hacı Saleh adlı mücdəhidin qızı idi. Onun əmisi də tanınmış din xadimi və Qəzvinin imamcüməsi idi. Fatimənin atasının və əmisinin şəxsi kitabxanasına girişi var idi və bu ona vaxtının çox hissəsini tədqiqata sərf etməyə imkan verirdi.Tezliklə O, anlayışının dərinliyi, nitqinin bəlağəti və qüdrətli təfəkküri ilə hamını heyran etdi.
Atası və əmisinin güclü müqavimətinə baxmayaraq, o, Şeyxi sufi təlimlərinə maraq göstərdi və tezliklə Yeni İlahi Zühurun gəlişini proqnozlaşdıran Seyid Kazım Rəşti ilə yazışmağa başladı. Onun yazı üslubu və tədqiqat mövzuları o qədər dərin idi ki, Seyid Kazım ona “Gözlərin Təsəllisi” (Qurrətül-Eyn) adını verdi.
Tahirə Babın tanıdıqdan sonra həyatını Onun təlimlərini yaymağa həsr etdi. Bu, ona çox böyük əzablar gətirdi: ailəsi ona qarşı çıxdı, əri onu boşadı, uşaqları əlindən alındı. Bütün bunlar onun imanını sarsıtmadı. 1848-ci ildə o, Bədəşt kəndinə getdi. Burada, yeni Vəhyin gəlişini dindaşlarına elan etmək və İslam qanunlarını ləğv etmək üçün babilərin əhəmiyyətli konfransında iştirak etdi. Bu konfransa kimi babilər Babın İlahi təlimini İslam çərçivəsində qəbul edirdilər. Bədəşt konfransında Tahirə babiliyin İslamdan ayrılmasında rol oynadı. Onun inandırıcı dəlililərinin təsiri ilə babilər İslamdan çıxdıqlarını elan etdilər. Konfransda Tahirə üzündəki örtüyü götürdü və bütün qadınlara ayağa qalxmağı və Allahın verdiyi insan haqlarını tələb etməyi tövsiyə etdi, onları təhsil meydanında səy göstərməyə təşviq etdi. O, açıq və kəskin şəkildə qadınların azad edilməsini tələb edi. Bu konfransda ona “Tahirə” – Pak ləqəbi verildi.
Konfransdan iki il sonra o, həbs olundu, Tehrana gətirildi və 1852-ci ildə şəriət məhkəməsinin qərarı ilə ölüm cəzasına məhkum edildi. Tehranın Elxani bağında qətlə yetirilərək, cəsədi yandırılıb quyuya atıldı. Lakin tarix Tahirənin ictimai islahatlara verdiyi böyük töhfəni tanıdı. Böyük türk yazarı Süleyman Nəzif belə yazmışdır: Ey Tahirə!..Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə..
Tahirə edam edildikdən sonra onun adı və şöhrəti dərhal Qərb dünyasına addadı. Tahirənin hekayəsi İran sərhədlərini aşıb dünyaya yayıldıqca bir çox müəlliflər onu məqalələrdə, kitablarda və pyeslərdə qəhrəman kimi təsvir etməyə başladılar. Qərb dünyası belə bir qadının varlığından heyrətə düşdü.
Kraliça Viktoriyanın İran şahının sarayında nümayəndəsi kimi xidmət edən ingilis generalı və diplomatı Ser Castin Şeyl 22 avqust 1852-ci il tarixli məktubunda Tahirənin edamına dair ilk məlumatı verdi: Ölümə düçar olanlar arasında Tehranda üç il həbsdə olan gənc qadın da var. O, babilər tərəfindən peyğəmbər qadın kimi hörmət edilirdi və onların arasında O, “Qürrətül-Eyn” kimi tanınırdı. O, Şahın əmri ilə boğuldu.
Edamın ertəsi günü Rusiyanın İrandakı səfiri knyaz Dolqorukov Sankt-Peterburqa məktubu göndərdi: babi qadın (Tahirə) uzun müddət Tehranda polis rəisi Mahmud xanın nəzarəti altında həbsdə idi. Buna baxmayaraq, o, hər gün ətrafına öz təriqətinin bir çox üzvünü toplamaq üçün vasitə tapırdı. O, polis rəisinin gözü qarşısında bağda boğuldu.
Tahirənin edam xəbəri 1852-ci il oktyabrın 13-də Londonda çıxan Times qəzetində “Onlar Farsda xəyanəti necə cəzalandırırlar” başlıqlı məqalənin mövzusu oldu .
Tahirənin xatırlandığı ilk kitab Lady Meri Şeilin 1856-cı ildə nəşr olunan “Farsda Həyat və Davranışların Görünüşü” idi. Müəllif yazır: Daha bir qurban var idi. Bu, bir molla qızı olan gənc bir qadın idi. Babilər ona peyğəmbər kimi hörmət edirdi; Babi üsyanı yatırıldıqdan sonra onu Tehrana gətirdilər və həbs etdilər, lakin yaxşı rəftar etdilər. Bu edamlar baş verdikdə o, boğularaq öldürüldü. Bu qəddar bir əməl idi.
Bab və onun davamçılarının tarixindən bəhs edən ilk kitab Mirzə Kazım-Bəy tərəfindən rus dilində yazılmış və 1865-ci ildə nəşr olunmuş “Bab və Babilər: 1848-1852-ci illərdə İranda dini və siyasi iğtişaşlar” əsəri olmuşdur.
1865-ci ildə avstriyalı həkim, doktor Yakob Polak, Tahirənin edamında iştirak etdiyini iddia etdi. Bu təsdiqlənməmiş bir iddia idi. Sonrakı on illikdə Tahirəni Qərb dünyasına ətraflı tanıdan şəxs inigilis şərqşünası Edvard Braun oldu: Qürrətül-Eyn kimi bir qadının meydana çıxması, istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkdə bunun olması qeyri-adi haldır– xeyr, demək olar, bir möcüzədir. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması kifayət edərdi.
Başqa bir Avropalı alim Lord Kerzonun “Fars və Fars məsələsi” adlı kitab 1892-ci ildə nəşr olundu. O, bu kitaba Tahirə haqda yazı daxil etdi: Qəzvinin sevimli, lakin bədbəxt şairəsi Zərintacın (Qızıl tacın) və ya Qürrətül-Eynin (Gözlərin təsəllisi) örtüyü atmaq, iman məşəlini uzaqlara aparmaq hekəyəsi müasir tarixin ən təsirli epizodlarından biridir.
İngilis diplomat Frensis Edvard Yanqhusband (1863-1942) isə “Parıltı” kitabında Tahirə haqqında bu sözləri yazdı: Tahirə hərəkatın ən diqqətəlayiq şəxsiyyəti, fəziləti, təqvası ilə məşhur idi və o, imanı ilə sərvətdən, övladdan, addan əl çəkdi.
1904- cü ildə Rusiyanın Sank-Peterburq şəhərində İzabella Qrinevskayanın “Bab” pyesi səhnəyə qoyulur. Əsərin qəhramanı Bab və Tahirə idi. Mənbələrə görə İzabella Babilik haqqında ilk məlumatı rus yazıçısı İvan Turgenyevdən almışdır. Sonralar Oksord Universitetinin professoru Banjamin Covett ilə bu mövzuda söhbətlər aparmış, bu, onu belə pyesi yazmağa ruhlandırmışdır.
Fransada 1905-ci ildə A.L.M.Nicolasın “Seyyid Əli Məhəmməd Bab” adlı kitabı nəşr olunur. Kitabın On ikinci fəslində Tahirənin edamı təsvir edilirdi. O, yazırdı ki, Tahirə Babın dini təlimində vəd edilən azadlıqdan danışaraq qadınları öz əqidəsinə cəlb etmişdir. O, ruhaniləri kəhanətlərin hərfi şərhinə görə tənqid edirdi. Nəticədə din xadimləri onu bidətçi elan etdilər. Nikolas həmin fəsildə, gün batdıqdan sonra küçələrin boşaldıldığına və Tahirənin Elxanı bağına aparıldığına və orada zabitin əsgərlərindən birinə onu boğmaq əmri verdiyinə şahid olduğunu söyləyir.
Lauta Barney tərəfindən yazılmış “Tanrının Qəhrəmanları” adlı əsər 1910-cu ildə Vaşinqtonda səhnəyə qoyulur. Laura Barney Vaşinqtonda tanınmış bir rəssamın qızı idi və Fransada qızlar üçün yaradılmış internat məktəbdə oxumuşdur. O, Parisdə təhsilini davam etdirir və orada Bəhai dini (Babi dininin sələfi) haqqında ilk dəfə eşidərək, onu qəbul edir; Fələstinə səfərlər edərək burada o, Əbdül-Bəhaya verdiyi sualların cavablarını toplayıb Bəzi Suallara cavablar adlı kitab buraxdırır.
XX əsrin əvvəllərində Dublin şəhərində qadın hüquqlarının müdafiəçisi və həftəlik The Vote qəzetinin redaktoru Şarlotta Despart Tahirə haqqında bir neçə əhəmiyyətli məqalə yazdı. 1911-ci ilin sentyabr-oktyabr aylarında isə “Səs” jurnalının üç nömrəsində “Farsda bir qadın həvvari” başlığı altında Tahirənin həyatından bəhs edən yazılar buraxdı. O, yazırdı: “Qürrətül-Eyn..Onun səsi çox sakit və şirin idi, lakin səsində ruhu alovlandıran bir şey var idi. Dünyanın dəyişdiyini, bir nəsil üçün faydalı olan adət-ənənələrin və ideyaların digər nəsillər üçün qəddar zəncir kimi olduğunu söyləyirdi; hər kişi və hər qadının azadlıq hüququna malik olmasını; bütün dinlərin yaxşı olduğunu, qardaş sevgisi və dözümlülüyün ailələri və millətləri bir arada tutacağını söyləyirdi”.
İngilis qadın jurnalisti Elizabet Maud Konstans 1911-ci ildə “İlk Fars Feministi” adlı məqalə ilə çıxış edir. Məqalədə o, Tahirəni qadınların dəhşətli vəziyyətlərinə “böyük oyanışın” “şəhidi” kimi qələmə verir.
Sonda onu da deməyi özümüzə borc bilirik ki, Tahirə dünyamızı cəhalət zülmündən əbədi olaraq xilas edəcək ideyaya xidmət edirdi. Müasirləri onu anlamadı: onu və daşıdığı ideyanı məhv etməyə tələsdilər. Bəşəriyyətin bu gün qlobal miqyasda qadın-kişi bərabərliyinə və qadın azadlıqlarına doğru iri addımlarla irəliləməsi onun mübarizəsinin bəhrəsidir. Edam yerinə aparılarkən Tahirə üzünü qatillərinə tutub bu sözləri demişdir:
Məni istədiyiniz kimi öldürə bilərsiniz, ancaq Bəşəriyyətin qadın azadlıqlarına doğru hərəkətini dayandıra bilməzsiniz.
Azər Cəfərov
Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru,
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru