- Köşə

“Qadınsız kişi necə ola bilərdi? Natamam, cənablar, natamam” – Mark Tven

8 MART Beynəlxalq Qadınlar Günü münasibətilə mən də daxil olmaqla xanımlarımızı təbrik edən, onlara dəyər verən, arxada və qabaqda deyil, məhz öz böyürlərində bütün işlərdə bərabər görən, sevən, hörmət göstərən, etibar edən bəylərimizə bir daha təşəkükr edirəm.

Biz bu dünyaya bir-birimizə dayaq olmaq, bir-birimizi tamamlamaq üçün gəlmişik. Bu dünya, bu həyat, bu cəmiyyət məhz kişi və qadınların birliyi ilə davam edir. Heç bir kişi və heç bir qadın tənha qalmasın. Kimin çox, kimin az əziyyət çəkməsi məsələsi mənim üçün çoxdan bağlanmış mövzudur. Hər bir cinsin – həm kişinin, həm də qadının özünün öz çiyinlərinə düşən yükü var. Cinslər istənilən qədər mübahisələr edə bilərlər, amma kaş qadın kişinin yerinə, kişi də qadının yerinə bircə gün keçəydi, onda hər kəs üçün çox şey aydınlaşardı.

Bir maraqlı hadisəni diqqətinizə çatdırmaq istərdim. Viktor Hüqo öz dövründə qadınların kişilərlə bərabərhüquqlu olması barədə fikirləri ilə məşhur idi. O, qadınlara yüksək dəyər vermişdir. Məşhur “Qadın o qədər zərifdir ki, onu gül yarpağı ilə də vurmaq olmaz” aforizmi məhz V.Hüqoya məxsusdur.

1875-ci ildə Qadınların Vəziyyətinin Yaxşılaşdırılması Cəmiyyəti Viktor Hüqoya müraciət xarakterli çıxış üçün məktub göndərmişdir. Ədib aşağıdakı məzmunda cavab yazır.

“XANIMLAR!

Sizdən aldığım məktub məni şərəfləndirdi. Sizin nəcib və haqlı tələblərinizdən agaham. Cəmiyyətimizdə qadın əziyyət çəkməyə məhkumdur. Taleyini yaxşılaşdırmaq barədə iddialarında haqlıdırlar. Mən bunların hamısını görür, dərk edirəm. Sizin də haqlarınızın olduğunu başa düşürəm və sizin layiq olduğunuz hüquqlarınızın bərqərar olması mənim həyatdakı amalımdır. Ona görə də məhz mənə güvənib müraciət etməklə heç də haqsız deyilsiniz. Kişi – XVIII əsrin problemi idi. Qadın isə XIX əsrin problemidir. Qadın deyəndə uşaq ağla gəlir, çünki bu, bəşəriyyətin gələcəyidir. Bu formada qoyulmuş sual bütün dərinliyi ilə gözümüz önündə canlanır və ali sosial döyüşün aqibəti məhz bu məsələnin həllindən asılıdır. Necə qəribə və anormal bir vəziyyətdir!

Məsələlərə real gözlə baxanda kişilərin qadınlardan asılı olduğunu görürük, çünki kişinin ürəyi qadının əlindədir. Qanun qarşısında qadın yetkinlik yaşına çatmayan – kiçik, bacarıqsız, mülki və siyasi hüquqları olmayan bir varlıqdır. Qısaca desək, heç nədir. Ailə qarşısında isə hər şeydir, çünki qadın anadır. Qadın ocaq yandırandır. Evdə yaxşını da, pisi də yaradan qadındır.

Qadının azad olmaq istəyi zülmlə qarşılandı. Qadın kişinin əleyhinə gedə bilər, amma öz xeyri üçün heç nə edə bilmir. Qadın bu qədər güclü, mətanətli olduğu halda onu belə zəiflətmək ağılsızlıqdır. Gəlin bu zəifliyi qəbul edək və onu qoruyaq. Gəlin bu gücü tanıyaq və onu müdafiə edək. Bu, kişinin borcudur, həm də onun maraqlarının xeyrinədir.

Problem ortaya qoyulub və o, həllini gözləyir. Yox, mən heç vaxt bunu deməkdən əl çəkməyəcəm. Kişilərin çəkdiyi yükün yarısı qadınların zərif çiynindədir. Kişilərin yarı haqlarını da əldə etməyə haqq edirlər. Bəşəriyyətin yarısı hüquqdan məhrumdur. Bu haqq onlara – QADINLARA verilməlidir. Bu, nəhəng əsrimizin nəhəng nailiyyətlərindən olacaq. Qadınlar da kişilərlə bərabər haqq qazansınlar. Yəni qanunlar ölkənin əxlaq dəyərləri və ədəbinə uyğun olsun.

Hörmətlərimi qəbul edin, XANIMLAR!”

Aşağldakı Patrisiya Kaasın ifasında bir mahnıdır: “Bu, kişilərin dünyasıdır, amma qadınsız o dünya bir heçdir!”
Mahnıda tez-tez bu fikir təkrarlanır. Tərcüməsini yazıb uzunçuluq etmək fikrim yoxdur, amma ümumi məna budur: “Kişilər çox şeyləri düzəltdilər, icad etdilər və sair və bu dünya kişilərindir, amma qadınsız heç bir şeyin əhəmiyyəti yoxdur”.

Əslində bu mahnının müəllifi Ceyms Braundur və o, bu mahnı ilə kişilərin dominantlığını deyil, məhz onların qadınsız çox gücsüz olduqlarını vurğulayır. Xoşbəxtlik qadınla gəlir. Mahnının qayəsi budur.

Sonluq: “Axmaq da bilir ki, qadınlarla kişilər bəzən fərqli düşünürlər. Amma ən böyük fərq budur: kişilər unudur, amma heç vaxt bağışlamır. Qadın isə bağışlayır, amma heç vaxt unutmur” – Robert Cordan

Hörmətli BƏYLƏR,

Həyatınzda olan XANIMLARın dəyərini bilin, sevin, qayğı göstərin və xəyanətdən uzaq olun!

Təşəkkür edirəm sona qədər oxuduğunuz üçün!

Aygün ƏZİZ