- Manşet, Mədəniyyət

“Qafqaz Albaniyası və albanlar” kitabı ingiliscə nəşr edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən albanşünas tarixçi-alim Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabını ingilis dilinə tərcümə edilərək nəşr edilib. Kitabın çapı Multikulturalizm Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olan Qafqaz Albaniyasını öyrənirik layihəsi çərçivəsində həyata keçirilib. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, albanşünas tarixçi-alim Fəridə Məmmədova hələ sovetlər dönəmində ilk dəfə Qafqaz Albaniyasında feodal münasibətlərinin genezisi problemini tədqiq edib. F.Məmmədova tarixşünaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut edərək, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə. IV – b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq edərək, Ermənistan dövlətinin bu ərazidə deyil, kiçik Asiyada mövcud olmasını sübut etmişdir.

Kitabın baş redaktoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, elmi redaktoru AMEA-nın Arxeologoya və Etnoqrafiya institutunun əməkdaşı Ülviyyə Hacıyevə, layihə rəhbəri Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdur.