- Mədəniyyət

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Rusiya xalqlarının mədəniyyət festivalı keçirilib

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda açıq səma altında Rusiya xalqlarının mədəniyyət festivalı keçirilib. “Dil mədəniyyətləri mozaikası” adlı festivalın təşkilatçısı qismində çıxış edən Bakıda Rus Evinin (RİMM) fəaliyyət istiqamətlərindən biri Rusiyanın mədəni irsinin təqdim edilməsi və mədəniyyət sahəsində əməkdaşlığa kömək etməkdir.

AZƏRTAC RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, konsert proqramında Azərbaycanın rus icmasının nümayəndələri və musiqi kollektivləri – “İqray, qarmon” ansamblı, tatar icmasının “Tuqan Tel” ansamblı və azərbaycanlı rəqqas Fərid Kazakov, ləzgi icmasının “Suvar” ansamblı və onun solisti Cəvahir Abdulova iştirak ediblər. Festivalda “Naxış” kollektivinin və “Davam” gənclər hərəkatının nümayəndələrinin – “Xarıbülbül” kollektivinin ifasında Azərbaycan xalq musiqisi və rəqsləri ifa edilib.

Moskvadan olan “Jazz du Soleil” musiqi qrupu və bu kollektivin solisti Anna Kaşina festivalın xüsusi qonaqları olub.

Festivala gələnlər Rusiyanın müxtəlif xalqlarının mədəniyyəti ilə tanış olub, yaradıcı kollektivlərin çıxışlarını izləyiblər. Milli azlıqlar öz etnik simalarını qoruyaraq, ümumi Azərbaycan mədəniyyətinə öz töhfələrini verir, onu zənginləşdirir və eyni zamanda, ondan bəhrələnirlər.

Festivalın aparıcısı – beynəlxalq musiqili-bədii layihələrin müəllifi və təşkilatçısı, musiqili filmlərin quruluşçu rejissoru, müxtəlif beynəlxalq müəllif mahnıları festivallarının laureatı Vəfa Məmmədova olub.