- Dil, Manşet

Qanunun tələbləri pozulan 229 reklam daşıyıcısı aşkarlanıb


Paytaxtın ticarət və xidmət obyektlərində “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinə əməl edilməməsi ilə bağlı Prezidentinin Administrasiyasına  göndərdiymiz məktuba Dövlət Reklam Agentliyindən cavab gəlib. Bu barədə kamilinfo.net-ə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı məlumat verib. Məktubda “ana dilimizin qorunması istiqamətində respublikamızın bir qrup ziyalısının mövqeyi və narahatlığı təqdirəlayiq hal” olduğu bildirilir və görülən tədbirlər barədə məlumat verilir. “Cari ilin ilk 6 ayı ərzində Dövlət Agentliyi tərəfindən aparılmış monitorinqlərin nəticəsində Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun müvafiq müddəalarının tələblərini pozmaqla reklam yayımlayan 229 ədəd reklam daşıyıcısı aşkarlanmış və bununla əlaqədar müvafiq tədbirlər görülmüşdür”, – deyə 16 iyul 2021-ci il tarixli məktubda qeyd edilir.

Məktubun tam mətnini təqdim edirik:

“Təkrar kollektiv müraciətə baxılmasının nəticələri barədə

Hörmətli Vasif  Sadıqlı

Açıq məkanda reklam yayımı zamanı dövlət dili ilə bağlı qanunvericiliyin tələblərinin pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş kollektiv müraciətinizə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyində (bundan sonra Dövlət Agentliyi) aidiyyatı üzrə baxılmışdır.

 Sözügedən məsələ ilə bağlı, ünvanladığınız əvvəlki eyni məzmunlu müraciətlər aidiyyatı üzrə Dövlət Agentliyi tərəfindən araşdırılaraq 01-11/356 nömrəli 25.08.2020-ci il tarixli, 01-11/398 nömrəli 18.09.2020-ci il tarixli və 02-09/467 nömrəli 14.10.2020-ci il tarixli müvafiq məktublarla cavablandırılmışdır.

  Bir daha bildiririk ki, “Filoloji Araşdırmalar və Dil Monitorinq Mərkəzi” İctimai birliyi tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən bir sıra xidmət sahələri, reklam və elanlar üzrə dövlət dilinin işlədilməsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparılması, həmçinin müəyyən olunmuş pozuntularının aradan qaldırılması, “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununa riayət edilməsi, ana dilimizin qorunması istiqamətində respublikamızın bir qrup ziyalısının mövqeyi və narahatlığı təqdirəlayiq haldır.

Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7-ci maddəsinə, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-1-ci maddəsinə əsasən reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən  sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coqrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin, qanunvericiliyə əsasən, sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan (belə adla müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınmış) ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər.

Qeyd etmək lazimdir ki, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində son dövrlərdə bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmış, digər zəruri tapşırıqlar müəyyən olunmuşdur. O cümlədən, həmin Fərmanın icracı olaraq, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində ayrıca məsuliyyət nəzərdə tutan yeni 533-1-ci maddə əlavə edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci i 19 dekabr tarixli 857s nömrəli Sərəncamı ilə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlə Planı” təsdiq edilmişdir. Tədbirlər Planının 6-cı hissəsində Dövlət Agentliyi tərəfindən açıq məkanlarda adların və reklamların yayımı zamanı dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə əməl edilməsi sahəsində mütamadi olaraq monitorinqlərin aparılması nəzərdə tutulmuşdur.

Həmin tədbirlərə və öz Nizamnaməsinə uyğun olaraq Dövlət Agentliyi tərəfindən açıq məkanda yayımlanan reklamlar üzrə mütamadi olaraq monitorinqlər aparılmış, müvafiq sahədə dövlət dilinin tətbiqi daim diqqətdə saxlanılmış, əcnəbi dillərdə yazılan və ya Azərbaycan dilinin normalarının pozulması ehtimal olunan reklamların müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunluğu yoxlanılmışdır.

Belə ki, cari ilin ilk 6 ayı ərzində Dövlət Agentliyi tərəfindən aparılmış monitorinqlərin nəticəsində Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun müvafiq müddəalarının tələblərini pozmaqla reklam yayımlayan 229 ədəd reklam daşıyıcısı aşkarlanmış və bununla əlaqədar müvafiq tədbirlər görülmüşdür.

Sözügedən məsələ ilə bağlı, bu ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətinin və Dövlət Agentliyinin əməkdaşları tərəfindən rəhbərlik etdiyiniz İctimai Birliyin nümayəndələrinin də iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşdirilən reklamların dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə uyğunluğun yoxlanılması çərçivəsində monitorinq həyata keçirilmişdir. Monitorinq zamanı bir sıra nöqsanların aşkar olunması ilə yanaşı, xarici dildə yayımlanan reklamlarla bağlı aidiyyatı reklam yayıcılarına mıxsus rəsmi sənədlərin (əmtəə nişanının qeydiyyat nömrəsi, franşiza sənədi, distribütor və ya dilerlik müqaviləsi, patent, lisenziya,sertifikat və s.) İctimai Birliyin nümayəndələrinə təqdim edilmiş, bu barədə qüvvədə olan qanunvericilik aktlarının tələbləri onların diqqətinə çatdırılmışdır.

Xarici dillərdə reklam yayımlayan və bu haqda müvafiq rəsmi sənədi (əmtəə nişanının qeydiyyat nömrəsi, franşiza sənədi, distribütor və ya dilerlik müqaviləsi, patent, lisenziya,sertifikat və s.) olan obyektlərin sayı çox olmasa da, bir çox hallarda xarici dildə reklam yayımlayan obyektlərin adlarının vergi orqanında eyni adla qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinə məxsus olduğu müəyyən edilmişdir.

Qeyd olunanlarla yanaşı, Dövlət Agentliyinin müvafiq əmri ilə açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi, dövlət dili ilə bağlı qaninvericiliyin tələblərinə əməl olunması və müvafiq sahədə aparılan monitorinqlər zamanı nöqsanların aradan qaldırılması işinin səmərəli təşkil edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Agentliyinin əməkdaşlarından ibarət birgə komissiya yaradılmışdır. Komissiyaya açıq məkanda yerləşən reklamların dövlət dili ilə bağlı normalara uyğunluğunu müəyyən etmək məqsədilə Bakı şəhərinin ərazisində monitorinqlərin aparılması, görülmüş işlər barədə məlumatların icmalaşdırılmasınını həyata keçirilməsi və bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədilə təkliflər verilməsi tapşırılmışdır.

İdarə Heyətinin sədr müavini Orxan Əliyev”