Hər bir xalqın dili onun həyat tərzi ilə sıx bağlıdır. Vilhelm Humboldt dili insanın ətrafında çəkilən dairə ilə müqayisə edirdi. Bu dairədən çıxmağın yeganə üsulu başqa bir dili öyrənməkdir, onda da insan başqa bir dairəyə düşmüş olur. O dairədə isə o xalqa dair nələr yoxdu? Həmin dilin daşıyıcısı olan xalqın həyatı – sevinci, kədəri, eşqi, iztirabı, behçəti, eyşi, süruru; təmasda olduğu canlı və cansızlardan ibarət coğrafi ərazinin mozaikası, iqlim, relyef və s ilə bağlı özünəməxsusluqların verbal ifadəsinin struktur vahidləri, sementi, suvağı…
İbn Xəldun deyirdi ki, coğrafiya qədərdir (taledir). Dillərin taleyində də digər amillərlə yanaşı, coğrafiyanın öz rolu var. Keçən dəfələrin birində ərəb dilində dəvənin 77 adı haqda yazmışdıq. Bizim dildə dəvə mənasında 4 söz xatırlayıram: “nər” (erkək dəvə), “maya” (dişi dəvə), “köşək” (dəvə balası) və ümumi “dəvə” sözü.
Ərəb dilində “səhra gəmisi” (dəvə) ilə bağlı 6 minə qədər söz olduğu bildirilir. Ərəbcə dəvə mənasında ən çox işlənən sözlər bunlardır: ibil, cemel, bəir, nəqa, hecin, falic, buxt. Cinsindən asılı olmayaraq tək dəvəyə bəir, dişi dəvəyə nəqa, tək hörküclü dəvəyə ırab, iki hürküclü Asiya dəvəsinə falic və ya buxt deyilir. Bundan başqa, cahiliyyə dövründə on bala verdiyi üçün sərbəst buraxılan qulağı kəsik dəvə bəhirə adlanırdı. Bundan başqadan başqa, dəvəçilərin yeməklərini və paltarlarını yüklədiyi dəvəyə qəsisə, sıxlıq olanda suya yaxınlaşmayan dəvəyə rekub, anası ərəbi, atası ərəbi olmayan dəvəyə mükrif, köklüyündən yeriyə bilməyən dəvəyə dəbub, başqa bir bala əmizdirən dəvəyə haliyə, balası qalmayan dəvəyə həbul, oxşayanda süd verən dəvəyə bəsus deyilir və s.
Araşdırıcılar qırğız dilində at anlayışının müxtəlif yaş dövrü ilə bağlı 10 sözlə ifadə olunduğunu deyir. Bundan başqadan başqadan başqa, məşhur rus yaponşünası, akademik Alpatova görə, yapon dilində balıq anlayışını yeddi sözlə ifadə etmək olur: sakana – «canlı balıq, ərzaq», uo– «canlı balıq», gyoorui – «zooloji sinif kimi balıq; Balıq bürcü», gyooniku – «ərzaq kimi balıq», kaigyoo– «dəniz balığı», kavazakana və kavauo – «çay balığı».
Bu gün qar yağdığı üçün qışda qara həsrət bir xalqın qarlı-buzlu xalqların dil dairəsinə səyahətinin maraqlı olacağını düşündüm. Ərəblərdə dəvə, qırğızlarda (qırmızı oğuz) atla bağlı sözlər çox olduğu kimi, şimal xalqlarında da iqlim şərtlətinin diktəsi ilə qar və buzla bağlı sözlər çoxdur.
Məsələn, eksimos-aleut dilləri ailəsinin eskimos qoluna aid inuit dilində
qar və buz mənasında ona yaxın söz var: aput – qar (ümumi), tinqenek – quru buz, pukak – duz kimi qar, mauya – yumşaq, dərin qar, tipviqut – quru qar, massak – yumşaq qar, manqokpok – sulu qar, massalerauvok – su ilə dolu qar və s.
Qərbi Qrenlandiyada isə qar və buzla bağlı 49 söz müəyyən edilib.
iluliaq – aysberq, nilak – şirinsulu buz parçası, issinnirit – sahilə atılmış buz parçası, qaniit – havada düşən qar, nittaalaakkat – bərk qar dənələri,
kanipalaat – düşən qarın lələyəbənzər topaları, apirlaat – yeni düşən qar, apusiniq – quru qar, kassuk – dreyf edən buz parçası, kusurak – sırsıra.
Hə, yaxşı yadıma düşdü, yapon dilində su anlayışı iki sözlə ifadə edilir: mizu – «soyuq su (otaq temperaturu və ondan az istilikdə)» və yu – «isti su». Su çərşənbəsi hər zaman boz ayda keçiriliyindən, boz ayda isə bir gün yazdan, bir gün qışdan olduğundan, görəsən, yaponlar Novruzu qeyd etsəydilər, ilk çərşənbəni necə adlandırardılar: mizu çərşənbəsi idi, yoxsa yu çərşənbəsi?
Xeyirli mizu çərşənbələri