Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən “Əbədi imzalar” layihəsi çərçivəsində nəşr olunaraq muzeyə hədiyyə edilmiş görkəmli bəstəkar, pedaqoq, akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin əsərlərindən ibarət notların təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir.
Vurğulanıb ki, layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu olaraq nəşr edilib. Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alıb.
İcrasına 2019-cu ildə başlanılan layihə çərçivəsində 6 bəstəkarın əsərlərinin yer aldığı 71 məcmuə dərc olunub. Bununla yanaşı, topluya 12 not qovluq da əlavə edilib. Həmin qovluqlar bəzi simfonik və kamera-instrumental əsərlərinin müxtəlif alətlər üçün solo partiyalarının notlarıdır.
Diqqətə çatdırılıb ki, “Əbədi imzalar” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Qara Qarayev ev-muzeyinin müdiri, pianoçu Züleyxa Qarayeva-Bağırova ailəsi adından tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.
Qeyd edilib ki, topluda nəşr olunan əsərlərin sırasında ilk dəfə işıq üzü görən nümunələr də var. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyət daşıyır.
Tədbirdə pianoçu, Xalq artisti, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin ifasında Qara Qarayevin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.
Həmçinin tədbir çərçivəsində Əməkdar rəssam Vüqar Əlinin bəstəkarın Ömər Xəyyamın şeirlərinə yazdığı səs və fortepiano üçün “Altı rübai”nin (1944) təəssüratı altında işlədiyi 6 rəsm əsərinin təqdimatı olub.