Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Birinci Qarabağ müharibəsi veteranı, istedadlı şair Nazim Əhmədlinin Stay In My Heart (“Ürəyimdə qal”) adlı seçilmiş şeirlər toplusu “Mütərcim” Nəşriyyat Evi tərəfindən ingilis dilində çap olunub. Şeir mətnlərinin tərcüməçisi və “Ön söz”ün müəllifi Beynəlxalq Yazıçılar İttifaqının (The International Union of Writers – IUW) həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir.
Bu barədə AZƏRTAC-a məlumat verən K.Nəzirli bildirib ki, topluda Azərbaycan şairinin qısa bioqrafiyası da verilib: Nazim Əhmədli orta təhsilini Laçında başa vurduqdan sonra Şuşada kolleci bitirib. Ali təhsilini Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda alıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunun rəhbəri olub. Bir sıra qəzet və ədəbi jurnal redaksiyalarında redaktor, müxtəlif universitetlərdə müəllim kimi çalışıb. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, doğma yurdu Laçın uğrunda döyüşlərdə iştirak edib. Ədəbi yaradıcılığa erkən yaşlarından başlayan Nazim Əhmədlinin poetik təfəkkürü, özünəməxsus dili və üslubu var, şairin kitaba daxil edilən şeirləri (Let Me Read You a Poem – Gəl sənə bir şeir oxuyum, Tell Me About Love – Mənə sevgidən danış, The World is a Dream- Dünya bir yuxudur, Don”t Wait For Me Anymore – Daha məni gözləmə, A Letter to My Mum – Anama məktub, Where You Lost Me – Sən məni harada itirdin, Tell Me One Lie- Mənə bir yalan danış, My Mother- Mənim Anam və s.) bənzərsizdir, əsasən folklordan mayalanan və aşıq ədəbiyyatına yaxın poetik nümunələrdir. İndiyədək şairin bir neçə şeir kitabı işıq üzü görüb, kitabları müxtəlif ölkələrdə nəşr edilib.
Onun sözlərinə görə, “Müasir Azərbaycan Poeziyası ingilis dilində” layihəsi çərçivəsində çap olunan bu topluya Nazim Əhmədlinin müxtəlif illərdə sevgi, Vətən, ana və s. mövzularda yazdığı seçmə lirik şeirləri daxil edilib. “Məqsədimiz müasir Azərbaycan və türk ədəbiyyatının tanınmış nümayəndələrini, onların yaradıcılığından seçdiyimiz poetik nümunələri beynəlxalq aləmdə təbliğ etmək, milli mədəni sərvətimizin bir parçası sayılan poetik düşüncə tərzimizi dünyanın bir nömrəli dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”,- deyə layihə rəhbəri Kamran Nəzirli bildirib.
Kamran Nəzirli deyib: “Son on ildə mənim tərcüməm, tərtibatım və “Ön söz”ümlə ingilis dilində hazırlanan 18 kitab nəşr edilib, bir qismi Azərbaycanda (“Mütərcim” nəşriyyatı), bir qismi də Türkiyə, İngiltərə, Kanada və ABŞ-da çap olunub. Bundan başqa Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi və təqdimatı ilə 50 Azərbaycan və 50 türk şairinin şeirlərini ingilis dilinə çevirmişəm, Antologiya Ankarada nəşr olunub. Ədəbiyyata, mədəniyyətə, bütövlükdə türk dünyasına gücümüz çatan şəkildə xidmət edirik, özü də heç kimdən bir qəpik ummadan. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur, növbəti kitablar da artıq hazırdır. Bunlar türk dünyasının böyük şairi, həm klassik, həm də müasir sayılan Nazim Hikmətin tərcümə olunmamış son şeirlərinin toplusu və Azərbaycan şairləri Ramiz Rövşən və Vaqif Bayatlı Odərin kitabları olacaq. Bəzi texniki məsələlər həll olunsa layihə çərçivəsində hazırlanmış hər üç kitab Azərbaycan yazıçılarının qurultayınadək işıq üzü görəcək”.