ABŞ, Almaniya, Ukrayna və Moldova mətbuatında keçmiş sovet məkanında dondurulmuş münaqişələr, onların kökü və həlli kimi II Qarabağ müharibəsinin nümunəsi barədə azərbaycanlı jurnalist Mübariz Aslanovun məqaləsi dərc olunub.
“Report” xəbər verir ki, postsovet məkanındakı dondurulmuş münaqişələr fonunda Qarabağ münaqişəsinin “buzunun əriməsi”ni özündə əks etdirən məqalədə uzun müddətdir həllini tapmayan münaqişələrin kökünün XVIII-XIX əsrlərdə qoyulduğu vurğulanır.
Tarixin səhnəsini birdəfəlik tərk edən bir sıra dövlətlərin XIX əsrdən iri güclərin mübarizə meydanına çevrilməsinə baxmayaraq, yüz illərin əsarətinin xalqların dövlətçilik ənənələrini məhv edə bilmədiyi vurğulanır.
Məqalədə ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürülməsi ilə xalqlar arasında nifaq salındığı qeyd olunur:
“Ermənilər Qarabağda uzun illərdir yaşadıqlarını israr edirlər. Bəs faktlar nə deyir? Ermənilərin Qarabağa gəlmələri münasibətilə ucaltdıqları “Marağa – 150″ abidəsi hər şeyi çılpaqlığı ilə göstərir. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İran və Türkiyədən on minlərlə erməni köçürülüb. 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsinin 15-ci maddəsi də elə bunu deyir”.
Bildirilir ki, postsovet ölkələrində davam edən dondurulmuş münaqişələr sırasında Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi qətnamələrin 30 ilə yaxın Ermənistan tərəfindən heçə sayıldığı Birləşmiş Millətlər Təşkilatının (BMT), həmçinin münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun məsələnin həllində acizliyi fonunda 2020-ci ilin 27 sentyabrında ermənilərin növbəti təxribatına geniş cavab verərək Vətən müharibəsinə başlayan Azərbaycan dünyaya sübut etdi ki, region şimaldan nə qədər dondurucu axınlara məruz qalsa da, əməli işlə buzları əridib, münaqişəni həll etmək mümkündür.
“İşin bir də informasiya tərəfi var ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 44 gün ərzində 30-dan çox dünya mediasına müsahibələr verərək qarşı tərəfi təkzibolunmaz faktlarla bir daha üz-üzə qoydu və illərdir birgəyaşayışla bağlı verdiyi zəmanəti bir də xatırlatdı. Amma Ermənistan rəhbərliyi inad etdi, münaqişəni qansız həll etmək əvəzinə, təxribatlara əl ataraq müharibə variantına üstünlük verdi, öz gənclərinin qanı bahasına olsa belə…”, – müəllif qeyd edir.
Məqalə ABŞ mətbuatında ingilis və rus dillərində, həmçinin Almaniya, Ukrayna, Moldova xəbər resurslarında dərc olunub.