Qarabağ hakimi Pənahəli xan Cavanşir 1750-ci ilin yayında Şuşa qalasının bünövrəsini qoyandan dərhal sonra həm qala divarlarının tikintisinə, həm də “Çuxur məhəllə” adıyla tanınan ərazidə özü, qardaşları və övladları üçün imarətlər tikdirməyə başladı. Az müddət içərisində memarlıq cəhətdən bir-birindən müxtəlif cizgiləri, detalları, estetik gözəlliyi ilə fərqlənən bir neçə möhtəşəm, gözəgəlimli inzibati və yaşayış binaları ucaldıldı…
Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyev bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verərək deyib: “Pənahəli xan Cavanşirin ikimərtəbəli saray kompleksi şəhərin aşağı hissəsində – Çuxur məhəllədə xüsusi tikinti üslubunda inşa edilmişdi. Üzü cənuba Bağırqan dağına və Topxanaya baxan, qala divarlarına və bürclərinə bitişik bu zəngin və cah-cəlallı, əzəmətli və möhtəşəm bina qədim Şərq şəhərləri üçün xarakterik olan əlavə hündür divarlarla əhatə olunmuşdu. İri bişmiş kərpicdən naxışlarla bəzədilmiş tağlı darvazası, çoxlu otaqları, geniş eyvanı qarşısında fəvvarəli bağça vardı. Sol tərəfdə isə anbarlar, tövlələlər, mərəklər tikilmişdi. Kompleksə daxil olan tikililərin əksəriyyəti xan nəslinin ayrı-ayrı üzvlərinin yaşayış evləri idi. Buradakı istinadgahda xanın ailəsi və nökərləri üçün müxtəlif təyinatlı çoxlu tikintilər də vardı. Saray kompleksində bu cür binaların tikilməsi bir çox xanlıq mərkəzləri üçün səciyyəvi idi.
Sarayın hər iki mərtəbəsinin planı eyni olmuşdur və hər mərtəbə simmetrik quruluşlu üç otaqdan ibarət idi: zal və iki yan otaq. Hər iki mərtəbədəki zallar sarayın baş otaqları adlanırdı, həmin zallarla iki otağı dəhliz birləşdirirdi. Mərtəbələr arasında daxili yol olmadığından ikinci mərtəbəyə yan fasadlara girişi olan yan otaqların arxasında yerləşən pilləkənlərdən qalxırdılar.
Birinci mərtəbədə dəhlizlərə giriş qapısı açılırdı. Aşağı mərtəbənin ortasında fontanın mərmər hovuzu olan zalı divanxana adlanırdı və rəsmi qəbul otağı funksiyasını yerinə yetirirdi. Xan çox vaxt burada otururdu və həmin yer “Xannişin” adlanırdı. O, bu zalda həm də elçiləri qəbul edir, qonaqları qarşılayırdı. İkinci mərtəbədəki böyük zal və hər iki yan otaq, əsasən yay mövsümü üçün nəzərdə tutulmuşdu.
Sarayda xalq təsviri sənətinin bir çox növləri XVIII əsrə aid maraqlı divan rəssamlığı nümunələri vardı. Üst mərtəbənin də alt mərtəbədəki kimi interyeri çoxçeşidli və çoxrəngli bəzəklərlə çox zəngin tərtib edilmişdi. Kəc suvaq üzərində işlənmiş həndəsi və nəbati naxışlar, döyüş və ov səhnələri, insan və quş rəsmləri, dekorativ tərtibatlı buxarılar yüksək bədii-estetik mühit yaratmışdı.
Sonralar Pənahəli xan Cavanşir öz sarayının yanında oğlanları üçün də eyni üslubda, eyni forma və biçimdə imarətlər tikdirmişdi. Qarabağ xan sarayı kompleksinin divarlarının uçuqları yaxın illərə qədər qalırdı.
Mehrəli bəy Cavanşirin imarəti Böyük Qurdlar məhəlləsində yaraşıqlı bina idi. Pənahəli xan Cavanşirin ortancıl oğlu Mehralı bəyə məxsus olan bu imarətin hər iki tərəfində uca bürclər vardı və bina hündür hasarlarla əhatələnmişdi. Həyət darvazasının üstündəki daş üzərində imarətin tikilmə tarixi və sahibinin adı yazılmışdı. Otaqların səqfi isə həndəsi şəkildə və üçkünc idi. İran şahzadəsi Abbas Mirzə Qacar 1826-cı ildə Şuşanı mühasirəyə alarkən şəhəri atəşə tutduğu zaman həmin binanın hasarına bir neçə top mərmisi dəymiş və divar çatlamışdı. Mehrəli bəy Cavanşirin imarəti uzun müddət öz formasını itirməmişdi. Lakin sonralar uçulmuş, bir otağı və bir də dalanının darvazası qalmışdı.
İbrahimxəlil xan Cavanşirin ikinci oğlu Məhəmmədhəsən ağa Cavanşirə məxsus imarət yaraşıqlı iri bina idi. Qala divarları və bürcləri evin yanından keçib, Xəzinə qayasına tərəf uzanırdı. Ağa Məhəmməd şah Qacar 1797-cı ildə Şuşada bir həftəlik “qonaq” olarkən bu imarəti çox bəyənmiş və yaşayış üçün oranı seçmişdi. İran şahının həbs etdirdiyi adamların bir çoxu, o cümlədən Molla Pənah Vaqif də dustaq kimi bu binada saxlanılırdı. Ağa Məhəmməd şahın başı da bu imarətdə kəsilmişdi.
Məhəmmədhəsən ağa vəfat edəndən sonra onun imarətində oğlu, şair və hərbçi, general mayor Cəfərqulu xan Cavanşir (Nəva) yaşamışdı. Zaman keçdikcə bina uçulub-dağılmış, yalnız alt mərtəbəsinin qalıqları qalmışdı.
Xan qızı Natəvanın imarəti “Bazar başı meydanı”nın yaxınlığında hasara alınmış ikimərtəbəli əzəmətli binada yerləşirdi. Beş iri otaqdan ibarət olan bu imarətə sonralar ikimərtəbəli, altı otaqlı əlavə bina da əlavə edilmişdi. Evin qarşısında bağça, arxa tərəfində böyük bir vağ, həyətində isə su anbarı vardı. Bundan əlavə Xurşudbəyimin yaşadığı binanın cənub tərəfində, həyətdə yerin dərinliyində xüsusi buzxana yerləşirdi. Burada ilin bütün fəsillərində, xüsusilə də isti havalarda buz saxlanılırdı. Həmin buzxanadan bütün şəhər əhli, ilk növbədə xəstələr istifadə edirdi. Buz lazım olduqda həkim məsləhətindən sonra xəstələrə, eyni zamanda müraciət edənlərin hamısına anbardan pulsuz olaraq buz verilirdi.
Xan qızı Natəvan rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi dərnəyinin məşğələlərini yay vaxtı bu bağda, qışda isə xüsusi olaraq tikilmiş birmərtəbəli evdə keçirirdi. Binanın sağ tərəfində isə onun qızı Xanbikənin evi yerləşirdi. 1920-ci ilə qədər bu binada “Nikolayevskı” rus-tatar məktəbi, sovet dövründə “Nərimaniyyə” məktəbi, sonralar isə təxminən əlli il Natəvan adına respublika Uşaq-Vərəm sanatoriyası yerləşirdi”.