- Mədəniyyət

Qarabağın toy adətləri: Zamanın süzgəcindən keçən ənənələr

Azərbaycanın qədim toy adətləri tarix boyu xalqımızın milli ruhunu, məişətini və ənənələrini özündə əks etdirib. Hər bir toy iki ailənin, iki könlün, bəzən isə iki elin qovuşduğu müqəddəs bir mərasimdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Qarabağdakı toy adətləri ilə bağlı düşüncələrini AZƏRTAC-la bölüşüb.

O bildirib ki, Qarabağda hələ ta qədimdən toy mərasimləri çox zəngin olub, mərhələlərlə icra edilib. Toy prosesi qız bəyənmə ilə başlayardı. Maraqlı məqam odur ki, oğlanın atası hansısa toyda oğluna qız bəyənsəydi, ya onun başına buğda tökər, ya da rəqs edərkən qızın şalının ucuna bir nişanə bağlayardı. Əgər qızın razılığı olardısa, həmin nişan saxlanılar, yox, əgər istəyi olmazdısa, bir həftə içində geri qaytarılardı. Qarabağda elçilik çox ciddi adət-ənənələrə əsaslanırdı. Qıza elçi düşməzdən əvvəl qadınlar arasında bir araşdırma aparılır, buna “araaçma” deyilirdi. Yalnız bundan sonra elçi gedilirdi. Amma maraqlı bir məqam var: Qarabağda elçilik üç dəfə olardı, birinci dəfə elçiliyə gedənlərə qız verilmir, üçüncü dəfə isə oğlan evi razılıq alsa, qənd aparıb çay süfrəsinə qoyardı. Əgər razılıq olsaydı, çaya qənd salınardı, yox, əgər razılıq alınmazdısa, qənd olduğu kimi geri qaytarılardı.

– Toy günü hansı maraqlı adətlər icra olunurdu?

– Qarabağ toylarında musiqi, oyunlar və maraqlı ayinlər mühüm yer tuturdu. Ağcabədi bölgəsində, məsələn, əvvəllər qara zurna çalanlar evin damına çıxıb zurna çalırdılar ki, hər kəs həmin gün toyun harada keçiriləcəyini bilsin. Bərdə rayonunda gəlin oğlan evinə aparılarkən pilləkənlərə boşqab düzülərdi. Gəlin bu boşqabları ayağı ilə sındıraraq evə daxil olardı ki, bu da ailəyə bərəkət gətirdiyinə inanılan bir ayin idi. Füzuli rayonunda isə gəlinin bərəkət və xoşbəxtlik gətirməsi üçün çörək, nəzərdən qorunmaq üçün qoyun ayağı və çıraq aparması adət idi. Qarabağ toylarında xüsusi olaraq “bəy tərifi” və “papaq oyunu” kimi maraqlı ənənələr var idi. Toyun sonunda bəylə-gəlini oynadır, onların başına pul səpirdilər. Bəyin dostları arasında isə “papaq-papaq” adlı oyun oynanırdı. Bu oyunda bəyin başına papaq qoyular və kim ilk götürsə, növbəti evlənəcək şəxs hesab olunardı. Eyni zamanda bəylə gəlinə xələt almaq üçün xanəndə muğamat oxuyar və qohum-əqrəbadan mükafat istəyərdi.

– Bu adətlər günümüzdə nə dərəcədə qorunub saxlanılır?

– Çox sevindirici haldır ki, Qarabağ toy adətləri zamanın süzgəcindən keçsə də, əsas mahiyyətini qoruyub saxlayıb. 30 illik işğal dövründə belə Qarabağdan didərgin düşən ailələr toylarını doğma adət-ənənələr əsasında keçirirdilər. Hazırda Qarabağ toyları yenidən öz yurdunda bərpa olunur. Bununla yanaşı, AMEA Folklor İnstitutu 2012-ci ildən başlayaraq “Qarabağ folklorunun toplanması və sistemləşdirilməsi” layihəsini həyata keçirib. Bu çərçivədə “Qarabağ: Folklor da bir tarixdir” adlı 10 cildlik toplu nəşr olunub. Həmçinin Qarabağ xalq mahnıları və oyunlarından ibarət CD-lər buraxılıb.

– Qarabağ mədəniyyətinin dünyaya tanıdılması istiqamətində hansı addımlar atılır?

– Son illərdə müxtəlif beynəlxalq tədbirlərdə Qarabağ mədəniyyəti, o cümlədən toy adətləri geniş şəkildə təqdim olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xarici ölkələrdə Qarabağ geyimləri sərgilənir. Səmərqənddə keçirilən “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Qarabağ geyimlərinin təqdim olunması da bunun bariz nümunəsidir. Bu cür tədbirlər həm mədəni irsimizin qorunması, həm də erməni təbliğatının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.