- Cəmiyyət, Manşet

Qardaş ölkələrin məktəblərinin “Kitablarla səyahət” layihəsində əməkdaşlığı

Azərbaycan Respublikası Təhsil Nazirliyi TSİİ-nin koordinasiya etdiyi “eTwinning plus Azerbaijan” portalında qardaş Türkiyənin 5 məktəbi və Azərbaycanın müxtəlif bölgələrindən 3 məktəbin qatıldığı “Kitablarla səyahət” adlı layihədə maraqlı və səmərəli işbirliyi həyata keçirilib.

Layihənin rəhbəri Samirə Əmrahovanın saytımıza verdiyi məlumata görə, şagirdlər türk və azərbaycanlı müəlliflərin əsərlərini oxuyaraq şərh edib, onlayn viktorina yarışları təşkil olunub, söhbətlər, veb-seminarlar (veb konfrans) ilə onlara məlumat verilib. O, onlayn oyunlar sayəsində ədəbiyyatı populyar hala gətirdiklərini, mədəniyyət mübadiləsi, iki qardaş ölkə arasında ürək körpüləri qurduqlarını bildirib. Bundan əlavə, 23 Aprel Dünya Kitab Günü ilə əlaqədar olaraq Azərbaycanın uşaq ədəbiyyatının tanınmış simalarından olan professor, şair, yazıçı, akademik Zahid Xəlil ilə olduqca maraqlı ədəbiyyat vebinarı təşkil olunub. Layihənin sonuncu ədəbiyyat vebinarına Türkiyənin tanınmış sənətkarları Səbahəddin Sivirkaya və Günerkan Aydoğmuş da dəvət olunub. “Bana ay-yıldızlı bayrak getirin” adlı onlayn tədbirdə şagirdlər vətənpərlik mövzusunda şeirlərin ərsəyə gəlməsi, onlara musiqi bəstələnməsi haqda ətrafli məlumatları dinləyiblər.

Qardaş ölkələrin uşaqlarını bir araya gətirən layihədəki məqsədlərinin yalnız ibrətamiz bacarıqlardan ibarət olmadığını dilə gətirən layihə rəhbəri şagirdlərin universal bacarıqlara yiyələnmələrini hədəflədiklərini və artıq buna nail olduqlarını deyib. Layihədə Türkiyə məktəblərindən Figen Öztürk Arslan, İstanbuldan Ramazan Yayla və Handan Özgüler, Antalyadan Ayşenur Yüksel, Osmaniyyədən Ayşe Güngör, Azərbaycan məktəblərindən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdən Samirə Əmrahova, Balakən rayon Qaravəli kənd tam orta məktəbdən Günay Gondolova, Ucar rayon Ə. Məmmədxanlı kənd tam orta məktəbindən Saida Quliyeva əməkdaşlıq edib.