- Mədəniyyət

Qazax kinosunun qızıl fondunda saxlanılan filmlərə ziyan dəyməyib

Qazaxıstan Mədəniyyət Nazirliyi Almatı şəhərində baş verən iğtişaşlar nəticəsində qazax kinosunun qızıl fonduna ziyan vurulduğunu təsdiqləsə də, filmlərin əksəriyyətinin salamat qaldığını bildirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Tengrinews agentliyi məlumat yayıb.

“Qazaxıstan” teleradio şirkətindən daxil olan məlumata görə, onların Almatıdakı filialının binasında saxlanılan kinoarxivə ziyanın nə dərəcədə dəyməsi hələ ki, tam araşdırılmayıb. Ancaq Mədəniyyət Nazirliyindən bildirilib ki, əvvəllər saxlanılması üçün Mərkəzi Dövlət Kino, Fotosənədlər və Səs Yazıları Arxivinə təhvil verilmiş qazax kinosunun qızıl fondunun mühüm hissəsi salamatdır.

Qeyd edək ki, “Qazaxfilm” kinostudiyasının əsası 1934-cü ildə Almatı şəhərində qoyulub. Sovet dövründə ümumittifaq prokatının liderlərinə çevrilən studiyada məşhur filmlər yaradılıb. Onların arasında “Atamanın sonu” (1972), “Madam Vonqun sirləri” (1986), “Süvari qız” (1955), “Edelveys çiçəklərinin açdığı yer” (1966), “Trans-Sibir Ekspresi” (1978), “İynə” (1988) ekran əsərlərinin adlarını çəkmək olar.