“Jeti ata” qazaxlar və bəzi digər türk xalqları tərəfindən qəbul edilmiş ənənəvi ailə bağları sistemidir. Bu ənənənin tələbinə görə, hər kəs kişi xətti ilə yeddi əcdadının adını bilməlidir. Bu biliyə sahib olmaqla əldə edilən əsas məqsədlərdən biri yaxın qohumlar arasında evliliyin qarşısını almaqdır.
Qohumluq əlaqələri qazax xalqının həyatında həmişə mühüm rol oynayıb. Kollektivlik qazaxların çox əsrlər əvvəl formalaşmış və bizim dövrümüzdə də öz əhəmiyyətini itirməmiş xüsusiyyətidir. Qazax xalqının nümayəndələri üçün “ailə” və “tayfa” həmişə sakral sözlər olub. İnsanların əcdadlarının xatirəsinə qayğı ilə yanaşmasının səbəbi də qismən budur.
“Qazaxıstan” milli ensiklopediyasına görə, “Jeti ata” institutu yeddinci nəslə qədər nikahlarda ekzoqamatik maneə yaratmağı nəzərdə tutur. Bundan əlavə, əcdadların adlarını və həyat hekayələrini bilmək mühüm sosial funksiyaya malikdir. Qazaxlar öz babalarının, ulu babalarının və s. fəaliyyət nümunələri üzərində tərbiyə alıblar. Bundan əlavə, bu yolla insan öz tayfasının və ya cuzunun (tayfa ittifaqı) tarixi haqqında daha çox məlumat əldə edə bilər. Gördüyümüz kimi, “Jeti ata”nın maarifçilik funksiyası da olub.
“Jeti ata” prinsipi xalqın folklorunda da öz əksini tapıb. “Yeddi atasını bilməmək yetimlik əlamətidir” və ya “Yeddi atasını bilən oğul yeddi atasının qayğısına qalar” atalar sözlərini xatırlaya bilərik.
Kişi xətti ilə 7 nəfər əcdadın adları belədir: əke (ata), ata (baba), arğı ata (ulu baba), baba (ulu babanın atası), tək ata (ulu babanın babası), tüp ata və nəhayət, jeti ata (ulu babanın babasının babası).
Nəsil üzrə kişi xətti ilə aşağıya doğru gedəndə bunlar var: bala (oğul), nemere (nəvə), şöbere (nəticə), şöpşək (nəticənin övladı), nəmənə (nəticənin nəvəsi), tuajat (nəticənin nəticəsi) və ən sonuncusu – jürejat (nəticənin nəticəsinin övladı).
Onu da qeyd etmək lazımdır ki, nikahların bağlanması və pozulması proseduru, habelə ər-arvadın hüquq və davranış qaydaları müəyyən andan etibarən Qazaxıstan cəmiyyətində ciddi şəkildə tənzimlənməyə başlanıb. Buna “Jeti Jarğı” qanunlar tolusunun qəbulu kömək edib. Bu sənəddə bütöv bir bölmə ailə və məişət münasibətlərinə həsr olunmuşdu.
Sovet hakimiyyətinin qurulması ilə bir çox qazaxlar nikah bağlayarkən bu ənənəyə riayət etməyə davam etsə də, “Jeti ata” prinsipinin aktuallığı tədricən azalmağa başladı. Amma bu gün də bəzi insanlar əsrlər əvvəl yaranmış qaydaya əməl etməyə davam edirlər.
İnternet materialları əsasında Kim BİLİR hazırlayıb