- Dil

Qazaxlar dillərini və birliklərini itirə bilərlər: Tenqriçiliyi Qazaxıstanın ən destruktiv ideologiyası adlandırıblar

Ulysmedia.kz-ın verdiyi xəbərə görə, təhsil sahəsində ekspert, kitab müəllifi və sahibkar Qabit Bekaxmetov Qazaxıstanda “aqressiv tenqriçiliy”in yayıldığını bildirib.

Bekaxmetov deyib ki, qazaxlar ölkədə tenqriçiliyin yayılması ilə əlaqədar identikliyini itirmək riski ilə üzləşiblər.

“Müasir qazax cəmiyyətində ən destruktiv ideologiya tenqriçiliyin aqressiv formasıdır. O, nəyə görəsə yalnız islam əleyhinə yönəlib, buna rəvac verən isə linqvistik təmizlikdir (dilin saflığının qorunması).

Bu aqressiv ideologiya uğur qazansa, qazaxlar həm dinlərini, həm dillərini, həm də birliklərini itirəcəklər”, – o deyib.

Ekspertin fikrincə, yeni yaranan tenqriçilər çoxsaylı sınaqlardan keçmiş özünəməxsus minillik mədəniyyəti yox etməyə cəhd edən puritanlardır.

“Onlar kənardan asanlıqla manipulyasiya edilə bilən və fundamenti olmayan romantik ideologiya ilə idarə olunurlar.

Bekaxmetov belə güman edir ki, tenqriçilik Qazaxıstanı parçalaya və xaosa sürükləyə bilər.

“Tenqriçilik pik nöqtəsinə çatanda müsəlmanların tam surətdə demonizasiyasından, qazax kişilərinin kütləvi şəkildə nüfuzdan salınmasından və bir etnosun kişi və qadınları arasında fundamental bölünmədən sonra qazaxları nə gözləyir? Xaos və boşluq.

Elə bu xaosda da yeni mənalar və dəyərlər yaranacaq ki, bunların kökləri minilliklər boyunca həyat ağacını yaşadacaq” – o, fikrini belə yekunlaşdırıb.

Qabit Bekaxmetov Qazaxıstanda təhsil sahəsində ekspertdir. “Bilik gəmisi: NİŞ, BİL, RFMSH” (2023), “Barsa Kelmes: The Nomads Return” (2022), “Tənqidi düşüncənin əsasları” (2014) kitablarının müəllifidir.

Dyuk (ABŞ) və Oksford (Böyük Britaniya) universitetlərini bitirib, həmçinin Böyük Britaniyanın Kral İncəsənət Cəmiyyətinin üzvü seçilib.