- Dil

Qazi Bürhanəddinin divanında arxaik leksika fondu

Elvin Paşayev

       ARXAİZMLƏRİN MƏNŞƏYİ VƏ ONLARIN ETİMOLOJİ XÜSUSİYYƏTLƏRİ

Qazi Bürhanəddinin “Divan”ında təkcə semantik söz qrupları yox, eləcə də arxaik sözlər də öz üslubi çalarlığı və rəngarəngliyi ilə də seçilir. Arxaik sözlər “Divan”ın dilini zənginləşdirən  əsas söz qrupları kimi əvvəldən – axıradək diqqəti cəlb edir. Öz spesifik xüsusiyyətləri ilə seçilən arxaizmlər , sanki, “Divan”da bir topuluq yaratmışlar. “Divan”da olan nümunələri nəzərdən keçirikdə , elə bil ki, bir axıcılıq, zəriflik diqqəti cəlb edir.

Qazi Bürhanəddinin əsərlərinin leksik tərkibində olan müasir dil üçün arxaikləşmiş sözlər dilçilik nöqteyi-nəzərincə ən maraqlı lüğət vahidlərindəndir.Bu sozlərin hər birinin ədəbi dildə fərdi inkişaf tarixi olduğu kimi onlıarın dildən silinməsinin də fərdi xarakter tarixi vardır.

Qazi Bürhanəddinin dilinin lüğət tərkibinin bir qismi qədim Azərbaycan söz­ləridir. Bu sözlər öz dövrünə görə işlək olsa da müasir Azərbaycan dili üçün arxaikləşmiş‚ bəziləri isə hələ də dialekt və şivələrimizdə öz izini saxlamışdır.

Qazi Bürhanəddinin dilindəki qədim Azərbaycan sözləri özündən əvvəlki və sonrakı qədim abidələrdə‚ bir sıra türkdilli mənbələrdə və ya Azərbaycan dilinin dialekt və şivə­lərində özünü göstərir.

Köhnəlmiş sözlər Azərbaycan dilinin leksikasında mürəkkəb və çoxsaylı sistemdir.Bu sözlər köhnəlmə dərəcəsinə‚arxaikləşməsinə‚istifadə imkanına və səciy­yəsinə görəmüxtəlifdir.Sözlərin mənaca köhnəlməsinin aşağıdakı səbəblərini qeyd etmək olar:

  1. Sözün ikinci nominativ-törəmə mənasının fəallaşması;
  2. Çoxmənalı sözlərin mənalarından birinin təkmənalı sinonimləri ilə sıxış­dırılması;
  3. Əsas məna mərkəzinin törəmə mənaya keçməsi;
  4. Eyni əşya və hadisənin bir neçə sözlə adlandırılması‚onlardan biri aktiv olur‚digəri passivləşərək köhnəlir və s. (1; 251-252)

Köhnəlmiş sözlər üslubi imkanlara malikdir. Bunlardan həm tarixə aid elmi elmi əsərlərdə‚ həm də bədii yaradıcılıqda istifadə edilir.

Qazi Bürhanəddinin dilində işlənən qədim Azərbaycan sözlərini‚ əsasən‚ 3 qismə ayırmaq olar:

  1. A) Müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş sözlər
  2. B) Semantik tutumunu dəyişmiş‚yeni məna qazanmış sözlər
  3. C) Müxtəlif fonetik dəyişikliyə uğramış‚yəni şəkilcə dəyişmiş sözlər

Yazı-çöl,bayır,yaban

Bu arxaik söz də Qazi Bürhanəddinin dilində rast gəlinən maraqlı arxaik sözlərdəndir. Həm çöl,bayır mənasında, həm də yazı yazmaq mənalarında işlənmişdir.

Sənciləyin bən yara irməmişəm,

Mən yazıya atduğum dərməmişmən.

Ta dikən tolmayınca bağçada

Bən anı balta ilə qırmamışmən (2; 681)

“Kitabi-Dədə Qorqud” dastanında yazı, yazi və yazı-yaban şəkillərində çöl, səhra, düzən mənasında işlədilmişdir.Məsələn,Qazan aydır:Bir dəxi kimsə yazi

yerdə yoldaş qoyub qaçmayə dedi;Ozan, evin tayağı oldur ki, yazidən-yabandən evə bir qonaq gəlsə, ər adəm evdə olmasə, ol onu yedirər, içirər, ağırlər

Qədim türk dillərinə dair yazılı abidələrdə(Orxon-Yenisey yazılarında) yazı, yazü şəklində çöl, boşluq mənasında verilir.

Mahmud Kaşğaridə yazı, yazi şəklində boşluq, açıqlıq mənasında verilir.

Müasir Azərbayacan dilinin dialekt və şivələrində bu gün də biz həmin sözə rast gəlirik.

Tapu-xidmət

Qazi Bürhanəddinin dilində rast gəlinən, maraq doğuran arxaik sözlərdən biri də tapu sözüdür. Bu söz türk mənşəlidir və hüzurqulluq mənalarını ifadə edir. Divanda, həmçinin, bu sözün xidmət mənasına da rast gəlinir.

Tapundan özgəyə and içmişüz, görəməzüz,

Ayağunun tozı ilə kəfarər oldı bizə (2; 101).

L.Budaqovun fikrincə, tau-tapü feodal sistminə, əsasən, orta təbəqəyə mənsub adamlara torpaq sahibi olmaq üçün verilmiş sənəddir. (14; 34 )

A.K.Borakova görə isə tabuq səcdə etmək üçün əl basmaqdır. (15; 67 )

            Eşik-qapı mənasında

Qazi Bürhanəddinin dilində rast gəldiyimiz bu arxaik söz də maraq yaradan sözlərdəndir. Qapı mənasını ifadə edən söz də, həmçinin, Mahmud Kaşğaridə də rast gəlinmişdir və orada da qapı mənasında işlənmişdir.

Nəzərdən keçirdiyimiz abidələrin hamısında eşik sözü demək olar ki, qapıhəyət-baca mənasında işlədilmişdir.

Şəha, bənüm olur isən yəqin budur ki, olur

Eşikdə bəndə fələklər mələk qulam əldə( 2; 303)

Qapundan ayru oldu Xətayi şikəstə hal,

Ümmid ilən eşiginə dərmanə gəlmişəm( 3; 142 )

“Kitabi-dədə Qorqud” dastanının dilində də eşik sözü qapı mənasında işlə­dilmişdir. Məsələn, Beyrək aydır: – Sağdə oturan sağ bəklər, solda oturan sol bəklər eşikdəki inaqlər.

Bu sözə, həmçinin, Xətainin, Füzulinin, Vaqifin, Zakirin dilində də rast gəlinir. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində bu sözə qapıhəyət mənasında rast gəlirik.

            İrişmək-yetişmək‚ çatmaq mənasında.

Arxaik feillərdən hesab olunan irişmək feli də Qazi Bürhanəddinin dilində geniş şəkildə işlənmişdir və məna gözəlliyi ilə fərqlənmişdir. Bu fel “Kitabi-Dədə Qorqud”da‚ eləcə də‚ klassiklərin dilində çatmaq‚ yetişmək mənalarında daha çox işlə­nən feillərdən biridir. Məsələn‚ Ağ-boz atlar minubən yortuşdilər. Bəy babası yaninə irişdilər.

Kişvəridə çatmaq‚ qovuşmaq mənasında irmək feilinə təsadüf olunur. H.Mirzəzadə irişmək felindən danışarkən yazır: “XIV-XVIII əsrlərin yazılarında çatmaq‚ yetişmək mənalarında işlədilmişdir. Sonrakı dövrlərdə işləndiyini görmədik…”(4;63).Tədqiqatçıların fikrinə görə müasir dialekt və şivələrimizdə şit gülüşistehzalı təbəssüm mənasını ifadə edən irişmək ehtimal ki‚həmin söz mənaca dəyişmişdir (5;69). Xətayinin dilində işlənmiş bu feilə Azərbaycan dili dialekt və şivələrində də təsadüf olunur.

Qulağuma gülşəndə bir avazə irişdi,

Bülbüldənü bildüm ki, canum yaza irişdi ( 6; 205).

  1. Semantik arxaizmlər

Ari-təmiz‚pak,saf,xalis.

Bu söz Qazi Bürhanəddinin dilində, həm ari, həm də təmiz mənalarında işlən­mişdir. Həmçinin, bu söz Qazi Bürhanəddindən əvvəl, qədim abidəmiz olan “Kitabi-Dədə Qorqud”un dilində, daha sonrakı dövrlərdə isə Xətayinin “Dəhna­mə” poema­sında təmizpak,saf mənalarında işlədilmişdir.

XVI əsr abidəsi olan “Şühədənamə”nin dilində də bu sözə və onun ifadə etdiyi mənalara rast gəlinir.

Azərbaycan dili dialekt və şivələrinin leksikasının tədqiqinə həsr olunmuş əsərlərdə (Bakı, Quba, Ordubad, Şəki, Qazax, Göyçay, keçid, Naxçıvan və s.) bu sözə arikiri şəklində təmizpaksaf  mənalarında rast gəlinir.

Azərbaycan ədəbi dili üçün arxaik sayılan bu söz qaraqalpaq dilində aruv şəklində təmizpak mənasında, özbək şivələrində də yenə həmin mənada işlənir. Məsələn,

Namusı qomışam ki, məgər hasil ola nam,

         Ari olayım ta ki,bulam ari bu gecə (2 ; 307).

Ər-kişi,adam.

Qədim türk dillərinə dair yazılı abidələrdə ər sözünə ərən şəklində kişi məna­sında rast gəlmək olar. Qazi Bürhanəddinin dilində işlənən bu söz öz semantik mənasını saxlamaqla ər,ərən mənalarında geniş istifadə edilmişdir.

Mahmud Kaşğaridə ər sözü kişiadam mənalarında verilir. Məsələn, “Ənqa ər”-lazımsız adam,yönsüz kişi.

Ər sözünün kişiadam mənalarında işlənməsinə “Kitabi-Dədə Qorqud”da və başqa abidələrdə də təsadüf olunur. Məsələn, Evinə yazıdən-yabandən bir udlu qonaq gəlsə, ər adam evidə olsa ona desə ki,tur övrət ətmək gətir yeyəyin.Məsələn,

Ər yigit qayda ürkər ürkülərdən?

Yaxşı at bəlinləməz ilkülərdən.

Düşmənlər bizdə bolsa ditrəşsünlər,

Qağan aslan qaypınmaz dilkülərdən ( 18 ; 686 )

Qılmaq-etmək mənasında yardımçı fel kimi işlənir.

Qazi Bürhanəddinin dilində işlənən bu arxaik söz qoşulduğu sözlərlə birlikdə tərkibi fel əmələ gətirərək,etmək mənasını ifadə etmişdir. Ümumiyyətlə bu söz ərəb-fars mənşəli sözlərələ işlənərək, mürəkkəb fel əmələ gətirir.Məsələn,imtahan qılmaq-imtahan etmək.

Qılmaq” yardımçı fel kimi etmək mənasında istər qədim türk dili abidə­lərində, istərsə də Azərbaycan dilinin Xətayidən həm əvvəlki, həm də sonrakı dövrlərində geniş yayılmışdır.

Qılmaq” feli Azərbaycan dilinin Bakı dialektində, İsmayıllı rayon şivələrində, Cəbrayıl keçid şivəsində və başqalarında indi də mürəkkəb fel tərkibində işlənir. Məsələn, çarə qılmaq-çarə etmək, təhər qılmaq-çarə etmək və s.

Indi də müasir Azərbaycan ədəbi dilində bu söz ərəb-fars sözləri ilə işlənərək,tərkib əmələ gətirir. Məsələn, namaz qılmaq və s.

Nəmazı qaşı mehrabında qıldum,

Çü anda oxıdum səbi məsanı ( 2 ; 108).

3.Müxtəlif  fonetik dəyişikliyə uğramış,yəni şəkilcə dəyişmiş sözlər.

İlərü-irəli.

Qazi Bürhanəddinin dilində işlənmiş bu söz,muasir ədəbi dilimizdə hal-hazırda işlənən irəli sözününilkin variantıdır.

Orta əsr abidələrinin dilində bu söz də ilərü formasında mövcud olmuşdur.Ancaq zaman keçdikcə ilərü sözü müasir ədəbi dilimizdə şəkilcə fonetik dəyişikliyə uğrayaraq, yəni metateza (yerdə­yişmə) hadisəsi nəticəsində irəli formasına keçmişdir.Məsəslən,

Bən ivərəm ki, irəm bir dəm ilərü sana,

Əcəb dəgül bu ucl, çünki əcəl be peydür (2 ;521)

Dün-gecə, dünən.

Qədim türk dillərinə dair abidələrin dilində dün, tün (tüp) şəklində gecə mənasında verilmişdir. Məsələn, tün ortu-gecə yarı. Qazi Bürhanəddinin dilində işlənən bu arxaik söz həm dün, həm də gecə şəkillərində işlənmişdir.

Mahmud Kaşğaridə dün sözü tün şəklində və ancaq gecə mənasında verilir. Məsələn,tün qərərdi-gecə qaraldı, qaranlıqlaşdı. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində isə dün sözü gecə və dünən mənasında, Füzulidə ancaq gecə mənasında, Vaqifdə dünən, Zakirdə isə gecə mənasında işlədilmişdir. Məsələn, Beyrək ap-alacə gərdəyi içində yeyib-içib bixəbər otururdu.

Hazırda dilimizdə işlənən dünən sözü də həmin sözlə, yəni dünlə əlaqədardır. Məsələn,

Eşigünə ki, səba yol bulımaz dün bucuğın,

Eşq əri könlinə meydan dedilər, gərçəkmi? ( 2; 98).

Qamu-hamı.

Qazi Bürhanəddinin dilində işlənmiş bu söz  qeyri-müəyyən əvəzlikdir. “Kitabi-Dədə Qorqud” dastanları və klassiklərin əsərlərində həmin sözə eyni şəkildə rast gəlinir. Məsələn,qamusi.

Mahmud Kaşğarinin “Divani-lüğətit türk” əsərində bu söz qamuğ şəklində hamı mənasında verilmişdir. Məsələn,Qamuğ kişi tüz erməs-hər kəs (hamı) bir olmaz.

Başqa, qədim türk dillərində bu sözə “kamik” şəklində hamı, hamısı məna­larında rast gəlinir.

Sonralar XVIII əsrə qədər yazılmış əsərlərdə q səsi, əsasən, işarə əvəzliyi olan sözlərin əvvəlində h səsini əvəzləmişdir.

Saçunun sağışıncadur, şəha, üşşaqi hüsnünün

Vəli bir nöqtə ağzundan qamusuna kifayətdür ( 2 ;51)

Ol-o(şəxs və işarə əvəzliyi).

Əvvəldə qeyd etdiyimiz söz kimi, bu söz də Qazi Bürhanəddinin dilində işlənmiş əvəzlikdir. Ancaq bu söz əvvəlkindən fərqli olaraq, şəxs və işarə əvəzliyini bildirir. Mahmud Kaşğari və başqa qədim türk yazılı abidələrində geniş şəklidə işlənmişdir.

Tarixi materialların dilindən aydın olur ki, ol işarə əvəzliyinin inkişafı üçüncu şəxs şəxs əvəzliyinin eyni olmuşdur. Ol sözü qədim dövrlərdən XX əsrə kimi işlənmişdir.

Azərbaycan dilinin dialekt və şivələrində bu sözə təsadüf etmirik.Müasir ədəbi dilimiz üçün tam arxaikləşmişdir.

Qısavü uzun demək ədəbdən ola xaric

Ol tonı kim ol xasa və ya ama geyürmiş (2 ; 182 ).

Degil möhkəm cahan mülkündə hər bünyad kim, qılsan,

Bəqa mülkündə tut mənzil kim, ol bünyad möhkəmdir ( 7; 213 ).

 

ƏDƏBİYYAT

  1. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı, “ Nurlan” nəş-tı, 2005, 452 s.
  2. Qazi Bürhanəddinin “Divan”ı. Bakı, “Öndər”, 2005, 726 s.
  3. Şah İsmayıl Xətayi “Seçilmiş əsərləri”. Bakı, “Şərq-qərb”,2005, 382 s.
  4. Mirzəzadə H. Azərbaycan dilinin tarixi rammatikası. Bakı, AU nəşri, 1990 ,376 s.
  5. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. I cild, Bakı, AMREA nəşriyyatı, 1967,                      281s.
  6. Şah İsmayıl Xətayi “Seçilmiş əsərləri”. Bakı, “Şərq-qərb”,2005, 382 s.
  7. Məhəmməd Füzuli “Seçilmiş əsərləri” 6 cilddə, II cild. Bakı, “Şərq-qərb”, 2005, 33 s.
  8. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. I cild, “Ozan”, 2006, 512 s.
  9. Kitabi-Dədə Qorqud, tərtib edən: H.Araslı, Bakı: Azərnəşr,1962, 176 s.
  10. Kişvəri. Seçilmiş əsərləri. Bakı. “Şərq-Qərb”, 2004, 176 s

11.Molla Pənah Vaqif. Seçilmiş əsərləri. “Şərq – Qərb”, 2004

  1. Q.Zakir. Seçilmiş əsərləri. “Şərq – Qərb”, 2004
  2. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, “Şərq-qərb”, 2008, 415 s.

14.Будагов Л.З. Сравителный словар турецко-татарских наречий Т.2, Санкт-Петербург,                 1871, 415 с

  1. Бороков А.К. Бадапал-лугат словар Тали Имани Тератскво Москва, 1991