- Mədəniyyət

Qırğızıstanda Novruz

Qırğızıstanda Noovruz (və ya Novruz) martın 21-də, gecə ilə gündüzün bərabərləşdiyi gündə qeyd olunur və yeni ilin başlanğıcı hesab edilir. Novruz bayramı uzun boru şəklində olan nəfəs aləti karnayın sədaları ilə başlayır. Süfrəyə milli xörəklər düzülür, zərif ağ süfrə örtülür, sumolok isə bayram süfrəsinin məcburi atributudur. Sumolok cücərmiş buğda dənələrindən hazırlanır, üyüdülür və sonra 20-24 saat un (bəzən unsuz) əlavə edilərək yağda qazanda bişirilir. Sumolokun yanmasının qarşısını almaq üçün ona kiçik daşlar da əlavə edilir. Hesab edilir ki, sumolok fincanınızda bu daşlardan birini tapsanız, arzu edə bilərsiniz və həmin arzu mütləq gerçəkləşəcək. Sumolokun hazırlanması çox vaxt aparır, buna görə də qadınlar vaxt öldürmək və yemək atmosferini müsbət enerji ilə doldurmaq üçün bütün prosesi mahnılar, rəqslər və yumoristik, şən nəqarətlərlə müşayiət edirlər.

Bayram ərəfəsində insanlar evlərini səliqəyə salır, köhnə əşyaları evdən çıxarır, lazımsız əşyaları atır, borclarını ödəyir, küsülü olduğu hər kəslə barışır. Novruz bayramından əvvəlki gecə süd, məhsul, yağış bol olsun deyə bütün qablara süd, ayran, taxıl, bulaq suyu doldurulur.

Bütün ailə üzvləri parlaq rənglərə üstünlük verərək bayrama yeni və təmiz paltarlarla hazırlaşırlar. Həmçinin, köhnə ilin son günü və Novruz bayramı ərəfəsində qırğızlar ənənəvi olaraq evdə ardıc yandırır. İnanca görə, tüstü, pis ruhları qovur, evi və insanı təmizləyir.

Qırğızıstanda Novruz bayramını, adətən, Bişkekdəki Cıdır meydanında və digər yerlərdə keçirilən atçılıq oyunları olmadan təsəvvür etmək olmaz. Həmçinin oxatma, cıdır yarışları, kok-boru və ər əniş üzrə komanda yarışları keçirilir.

Kok-Boru

Kok-Boru (ehtimal ki, göy qurd deməkdir) ənənəvi idman yarışıdır. Bu yarış zamanı atlılar səkkiz nəfərdən ibarət komandalara bölünərək, keçinin cəmdəyi uğrunda mübarizə aparır. Onu ələ keçirib rəqibin qapısına atmağa görə xal verilir. Qədim dövrlərdə kok-boru həm kişilər, həm də atlar üçün ova və döyüşə hazırlıq üçün bir növ məşq idi.

Kok-boru yarışı 2016-cı il Dünya Köçəri Oyunlarında çox sayda tamaşaçı toplayıb. Daha sonra müsabiqənin finalı Qırğızıstan və Qazaxıstan arasında olub.
Er Eniş

Er-eniş atlılar arasında ənənəvi qırğız güləşi oyunudur, burada hər bir atlı digərini atdan atmağa çalışır. Atlılar sinəsi çılpaq, başlarına xüsusi kəmərlər və yaylıqlar bağlayaraq çıxış edirlər. Hakim oyunun başlandığını elan etdikdə, rəqiblər bir-birindən yapışaraq yerə atmağa çalışır. Qələbə təkcə güc deyil, həm də atlı və atdan çeviklik və dözümlülük tələb edir. Bunlar kişilər və atlar üçün dəyərli bacarıqlardır və buna görə də yarışlar kişilərə öz bacarıqlarını nümayiş etdirmək, o cümlədən müharibəyə hazırlaşmaq üçün ən yaxşı üsul idi.

Bundan başqa, bayramın məcburi tərkib hissəsi kimi milli atçılıq oyunları – “Uluttuk kureş” (“milli güləş”), “Kız kuumay” (“qızı tutmaq”), “Ordo”, “Toğuz korqolu”, “Jambı atış” (“atla çaparkən dəqiq ox atmaq”), “Tıyın enmey” (“atla çaparaq yerdən sikkə götürmək” və s yarışlar da keçirilir.

Yazını İnternet materialları əsasında Kim BİLİR hazırlayıb