- Mədəniyyət

Qırğızlar COP-29 günlərində Musiqili Teatrda “Adəm”lə çıxış edəcəklər

Noyabrın 13-14-də qırğız mədəniyyət və incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinin qonaqları olacaqlar.

AZƏRTAC xəbər verir ki, onlar Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) keçirildiyi günlərdə “Adəm” adlı balet-tamaşası ilə çıxış edəcəklər.

Qırğızıstanın “Artist” teatr truppasının nümayəndələrindən ibarət təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsi olan bu tamaşa iki il öncə “Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gəlib.

“Adəm”də dünyanın ekoloji tarazlığının bərpası naminə insanların həmrəy olmasının vacibliyi vurğulanır.

“Hər şeyə rəğmən, bəşər övladının əsas amalı yaşıl planetin xilası və yenidən bərpası olmalıdır!” – bu, səhnə əsərinin əsas şüarlarından biridir.

Qeyd edək ki, tamaşaya giriş sərbəstdir.