- Dil

Qırğızlarda adqoydu

Qırğızıstanda da dünyaya yeni övladın gəlməsi bayram əhval-ruhiyyəsi yaradan hadisədir. Uşaq dünyaya gələn kimi bu xoş xəbər (“suyunçu” – muştuluq) bütün qohumlar və dostlarla bölüşülür. Muştuluğa görə hədiyyə və ya pul vermək adətdir. Həmçinin “Beşik boosu bek bolsun”, yəni “beşiyi möhkəm olsun” deyilir.

Adətən, uşağa ad qoymaq məsuliyyəti ailənin ən böyüyünün üzərinə düşür. Bu, yeni doğulmuş uşağın babası və ya nənəsi olur.

Qırğızlar hesab edirlər ki, ad insanın taleyini əvvəlcədən müəyyənləşdirir və buna görə də yeni doğulmuş uşağın həyatını bu və ya digər adla “proqramlaşdırmağa” çalışıblar. Belə hallarda uşağa konkret məna daşıyan ad verilir. Məsələn, Kubanıçbek (sevinc), Salamat (sağlamlıq), Kairat (cəsarət), Maksat (məqsəd), Şayır (əyləncə), Umut (ümid), Akjol (uğurlu yol). Çoxdan gözlənilən övlada Kudaibergen (Allahverdi) adı qoyulur. Bəzi xurafatlar da olub. Ailədə oğlan gözlənilib, qız olanda ona Burul (döngə), Uulbolsun (oğul olsun) adları qoyulurdu.

Tuşoo kesuu. Bu, bağları kəsmək mərasimidir. Uşaq bir yaşına çatdıqda həyata keçirilir. Uşağın ayaqlarını ağ-qara sapdan hazırlanmış kəndirlə bağlayırlar. Uşağı nənəsi tutur, uşaqlar, eləcə də böyüklər fiziki imkanlarına uyğun olaraq qaçışda yarışır və hamıdan tez gələn əvvəlcədən hazırlanmış bıçaqla uşağın ayağındakı bağları kəsir və əlindən tutub körpəni gəzdirir. Bu şəxsə bıçaq və bayramın əsas mükafatı verilir. Bu, qoç, müəyyən miqdarda pul və ya hər hansı digər böyük mükafat ola bilər. Digər iştirakçılar da hədiyyələr alır, uşaqlar oyuncaqlar alırlar. Mərasimin mənası budur ki, bağlar kəsildikdən sonra uşağın böyük dünyaya yolu açılır.

Keçmişdə əgər ailədə oğlan uşaqları ölürdüsə, onda 10-12 yaşına qədər valideynlər oğluna qız paltarı geyindirir, qız adı ilə çağırır, saçlarını hörürdülər. Uşağı bəd nəzərdən qorumaq yak və ya yeni doğulmuş dayçanın quyruğunun ucundan hazırlanan talisman körpənin paltarına tikilirdi. Qırğızlar islam dinini qəbul etdikdə onu lülə halında bükülmüş, Quran ayələri yazılmış kağızla əvəz etdilər.

Körpə uşaq ilə bağlı qadağalar

1-ci qadağa: Uşağın dabanından öpmək olmaz, yoxsa tənbəl və şıltaq olar..

2-ci qadağa: Körpəni bəd nəzərdən və zərərdən qorumaq üçün dəqiq yaşını qeyd etmək qadağandır.

3-cü qadağa: Hava qaraldıqdan sonra uşağa əsl adı ilə müraciət etmək olmaz. Pis ruh – “albarsta” bunu eşidə bilər.

4-cü qadağa: Yeni doğulmuş uşağı qıdıqlamaq olmaz, əks halda bütün gecəni ağlayacaq.

5-ci qadağa: Pis göz və zərərin qarşısını almaq üçün uşağa çox sevgi göstərilməməlidir.

Uşağı tərəzidə çəkmək, boyunu ölçmək, gözəl olduğunu söyləmək də pis əlamət sayılır.

Qırğızıstanda ən populyar kişi adları: Nurbek, Azamat, Aybek, Nurlan, Adilet, Kubanıçbek, Ulan
Qırğızıstanda ən populyar qadın adları: Aynura, Nargiza, Aida, Dinara, Asel, Tatyana, Natalya.

İnternet mənbələri əsasında hazırladı Kim BİLİR