Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli Fransa kinosunun korifeyi Robert Hosseinlə bağlı xatirələri və dünyaşöhrətli fotoqraf Reza Deqatinin fəaliyyətinin bəzi məqamları barədə məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.
2013-cü il oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilmişdir. Tədbirdə Seyid Yəhya Bakuvinin xəlvətilik təriqətinin dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilmişdir. Simpoziumda iştirak edən xarici ölkələrdən dəvət olunmuş tədqiqatçı alimlər, mədəniyyət xadimləri, UNESCO-da akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri tədbir çərçivəsində dünyaşöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgisi ilə tanış olmuşlar.
Qonaqlarda böyük maraq doğuran bu sərgidə nümayiş etdirilən fotolar ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrini əks etdirirdi.
Sərginin mənim üçün ən çox yaddaqalan məqamlarından biri də dünya kinosunun ulduzu, məşhur fransız aktyoru Robert Hosseinlə tanışlıq oldu. Bu tanışlıq məni keçən əsrin 60-80-ci illərində SSRİ-də ekranlara çıxan “Anjelika və Kral”, “Anjelika, mələklər şahzadəsi”, “Professional” və bir çox başqa məşhur fransız filmləri barədə xoş xatirələrə qaytardı. O zaman Bakı kinoteatrlarındakı növbələri, bu filmlərin seanslarına olan bilet qıtlığını indi təsəvvürə belə gətirmək çətindir.
Robert Hosseinin bu filmlərdəki ifası, xüsusən Anjelikanın sərgüzəştlərindən bəhs edən melodramdakı qraf de Peyrak obrazıyla o, tamaşaçıların sonsuz sevgisini qazandı. … Edamdan canını qurtaran, öz sevgisi uğrunda qorxub çəkinmədən mübarizə aparan qraf de Peyrak sübut eləyir ki, Anjelikanın məhəbbətinə layiqdir.
Robert Hossein yalnız əfsanəvi kinoulduzu deyil, həm də böyük teatr xadimi idi. O, 20-dən çox böyük tamaşanın müəllifi olmuşdur. Parisin “Palais des Sports” idman sarayında Robertin izdihamlı səhnələrlə diqqəti çəkən “Un homme nommé Jésus” mega-tamaşası böyük uğur qazanaraq, 700 minə yaxın izləyicisi olan bir səhnə əsəri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Robert Hosseinin teatr uğurları barədə danışan Beynəlxalq Kann Film Festivalının prezidenti Gilles Jacob onu kütlələr üçün teatr şahzadəsi (the prince of theatre for the masses) adlandırıb.
1927-ci il dekabrın 30-da Parisdə anadan olmuş Robert Hosseinin atası Əmənulla Hüseynov musiqiçi, bəstəkar və gözəl tar ifaçısı olub. Əminulla Hüseynov oğlu Robertin bir neçə filminə də musiqi bəstələyib. Robert Hosseinin oğlu Pyer də babasından qalan ənənəni davam etdirərək tarda çalır.
Fransa kinosunun korifeyi Robert Hossein Reza Deqatinin sərgisindəki görüşlərində, etdiyi söhbətlərdə ölkəmiz haqqında xoş fikirlər söyləyirdi. Azərbaycanda müxtəlif dinə, etnik mənşəyə mənsub insanların bir ailə kimi yaşadığını əks etdirən fotoları seyr edən Robert Hossein ölkəmizin multikultural dəyərlərinə heyran olmuşdu. Çünki sənətkar özü hər zaman millətlərarası və dinlərarası hörmətin vacibliyini anlatmağa çalışmış və bu dəyərləri yaratdığı kino və teatr səhnələrinə də gətirirdi.
Robert Hossein tarixi vətənini sevən, əcdadları ilə fəxr edən böyük sənətkar olub. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi multikultiralizm və tolerantlıqla bağlı tədbirlərdə məmnuniyyətlə iştirak edirdi. “Mən fəxr edirəm ki, belə bir xalqın parçasıyam,” – deyən Robert Hossein müsahibələrinin birində bildirmişdi: – “Bu gün Azərbaycanda xalqlar və dinlər arasında olan münasibətlər heç yerdə yoxdur”.
2013-cü il oktyabrın sonunda Robert Hossein 86 yaşında ilk dəfə Azərbaycana dəvət alaraq Bakıya gəldi. Təyyarəyə minmək xofu ucbatından 40 il idi ki, o, bir çox ölkələrə dəvət alsa da, təyyarəyə minmirdi. Lakin vətən həsrəti bu xofu aradan qaldırdı və Robert Hossein ölkə rəhbərliyinin dəvətini qəbul edərək uzun müddətdən sonra təyyarə ilə tarixi vətəninə gəldi.
Ömrünün son illərində Robert Hossein Azərbaycana 4 dəfə səfər etdi və özünü vətəndə hiss etdiyini dönə-dönə dilə gətirdi. Bu barədə o, müsahibələrində deyirdi: “Məni Azərbaycana dəvət etdiklərinə görə, Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Çünki onlar mənə əcdadlarımla yaxından tanış olmaqda kömək etdilər”.
Tarixi vətəni barədə maraqlı fikirlərdən birini də o, Fransa prezidenti Fransua Ollandla 2014-cü ilin may ayında Azərbaycana səfəri zamanı səsləndirmişdi: “…Mən bunu iftixar və fərəh hissi ilə bu ölkənin övladı kimi qeyd etmək istəyirəm. Çünki mən hər ikisi vətənim olan ölkələrimiz arasında böyük dostluğu təcəssüm etdirirəm. Mən sevdiyim ölkədə – Fransada anadan olmuşam. Mən, həmçinin qibtə etdiyim ölkənin – Azərbaycanın oğluyam.
… Fransa Respublikasının Prezidenti bilməlidir ki, bu paytaxt Bakı şəhərində həm sinaqoq, həm məscid, həm də pravoslav kilsələr yan-yana mövcuddurlar, heç bir problem olmadan fəaliyyət göstərirlər”.
Robert Hossein babasının Azərbaycanda doğulduğunu, atasının isə Səmərqənddə dünyaya gəldiyini vurğulamışdı.
Robert Hossein Azərbaycana yenidən səfər etməyi, Bakıda tamaşa qoymaq, hansısa bir əsəri səhnələşdirmək istəyərdi. Bu, Azərbaycanda olarkən şahidi olduğu dəyərlər barədə, din və irqlə əlaqəsi olan humanist bir tamaşa olmayacaqdı. Lakin ömür vəfa vermədi. Böyük sənətkar 2020-ci il dekabrın 31-də, doğum günündən bir gün sonra bu dünyaya göz yumdu.
Diaspor fəaliyyəti ilə əlaqəli olan bir şəxs kimi qeyd etməliyəm ki, biz Azərbaycan həqiqətlərinin təbliğində dünyaşöhrətli Robert Hosseinin imkanlarından az istifadə edə bildik. Biz bu böyük sənət adamını kəşf etməkdə gecikdik. Azərbaycan müstəqilliyinin ilk illərindən Robert Hossein kimi tanınmış bir mədəniyyət xadimi diasporumuzun Fransadakı fəaliyyətlərinə yaxından cəlb olunsaydı, ölkəmizin multikultural dəyərlərinin qərb auditoriyasına tanıdılması və diaspor işi xeyli effektiv olardı.
Biz bunu digər məşhur həmvətənimiz Reza Deqatinin timsalında Azərbaycanın müstəqilliyə doğru illərindən tutmuş bu günə kimi fəaliyyətində görə bilərik. Vətən müharibəsi və ölkədəki pandemiya üzündən Azərbaycana gediş-gəlişin məhdudlaşdığı üçün Reza mənimlə telefon söhbətində Bakıya gələ bilmədiyini bildirmişdı. Diaspora işinə cəlb olunduğum üçün mən bu məsələni Diasporla İş üzrə Dövlət Komitəsində qaldırdım və komitənin rəhbərliyi Rzanın Azərbaycana gəlməsini Nazirlər Komitəsi yanında Operativ Qərargahla tez bir zamanda həll etdi.
44 günlük Vətən müharibəsində Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarından hazırladığı fotoreportajlarla erməni yalanlarını ifşa edən, viran edilmiş vətən torpaqlarını çəkdiyi fotolarda sənədləşdirən Rza, Azərbaycanın haqq işini qərb auditoriyasına, xüsusən də erməni diasporunun güclü təsiri altında olan Fransa cəmiyyətinə çatdıran çox az sayda tanınmış simalardandır. Bu gün Bakıya dönən Rza Diqqəti Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yenidən iş başındadır.