- Mədəniyyət

Qlazqoda Azərbaycan filminin nümayişi keçirilib

Şotlandiyanın Qlazqo şəhərində “Caspian Circle” təşkilatının təşkilatçılığı ilə “Miras” filminin nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl təşkilatın rəhbəri Fuad Ələkbərov tamaşaçılara Bakı Media Mərkəzinin istehsalı olan ”Miras” filmi barədə məlumat verib, həmçinin Şotlandiyada Azərbaycanın diaspora fəaliyyəti ilə bağlı gələcək planlarını bölüşüb. Tədbirdə, həmçinin Qlazqodakı Azərbaycan icmasının üzvü Rəşadət Əliyev Şotlandiyada yaşayan soydaşlarımızın uğurlarından danışıb.

Filmin məqsədi Nobel qardaşlarının Azərbaycanda gördüyü işlərin həm regionda, həm də dünya miqyasında əhəmiyyətini və tarixi rolunu vurğulamaq, eləcə də Bakıda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Filmin təqdimatına Qlazqo, Edinburq, Danfermlayn və Londonda fəaliyyət göstərən Azərbaycan icmasının və universitetlərin təmsilçiləri qatılıb. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.