Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Türkiyənin Trabzon Sənət Teatrı Bakıda Firuz Mustafanın “Neytral zona” tamaşasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqı sədri vəzifəsi səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov sözügedən layihədən danışıb. Bildirib ki, ötən illər ərzində Layihə çərçivəsində bəzi teatrlar Teatr Xadimləri İttifaqının səhnəmizdə maraqlı tamaşalarla çıxış edib.
Trabzon Sənət Teatrının 1993-cü ildən fəaliyyət göstərdiyini diqqətə çatdıran H.İsmayılov qeyd edib ki, sənət ocağının yaradıcısı və bədii rəhbəri Necati Zengindir və o, teatrda çox sayda tamaşaya quruluş verilib. Bu tamaşaların əksəriyyəti türk və dünya dramaturqlarının əsərləri əsasında hazırlanıb. Türkdilli xalqların dramaturgiya nümunələri teatrın repertuarında möhkəm yer tutur. Ötən 30 il ərzində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi teatrı daim dəstəkləyib. Trabzon Sənət Teatrı Ankara, İstanbul, Qars, Ərzurum, Ordu və digər əksər şəhərlərdə çıxış edib.
“Teatr 2006 və 2009-cu illərdə Gürcüstanda uzunmüddətli qastrollarda iştirak edib. Repertuarında bir çox klassik və müasir dramaturqların əsərlərinə müraciət olunub. Buna misal olaraq, Maksim Qorkinin “Birincilər”, Eduardo de Filipponun “Milyonçu Napoli”, Nazim Hikmətin “Fərhad və Şirin”, Yaşar Kamalın “Yer dəmir, Göy bakir”, Əziz Nesinin “Qaragözün antenorluğu”, Çingiz Aytmatovun “Dənizdə ala köpək”, Tufan Minulinin “Şeytana lənət” və digər müəlliflərin əsərlərinin adlarını çəkmək olar. “Neytral Zona” indiyə qədər bir sıra ölkələrin – Türkiyə, Ukrayna, Azərbaycan və Rusiyanın teatrlarında uğurla oynanılıb. Səhnə bədii rəhbəri Necati Zəngin, rejissoru Cemire Can Avçıdır”,- deyə o əlavə edib.
Tamaşanın nümayişindən sonra Trabzon Sənət Teatrı və sənət ocağının bədii rəhbəri Necati Zengin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə əsasən mükafata layiq görülüb. Həmçinin Əməkdar incəsənət xadimi Firuz Mustafa “Neytral zona” tamaşasının orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.