- Köşə

Qum saatı

 Gülyaz ƏLİYEVA

İnsan bəzən məkanı və zamanı unudar. Dünyada hər şeyi unudar. Yalnız bir şeyə – nəyəsə köklənər. Bəzən saatlar susar, divardakından tutmuş qolundakınadək. Bir qum saatı axar xəyalında yalnız. Fikrində yalnız o qum saatının axdığı vaxt qalar… Həyat oradan davam edər. Arada keçən zaman dayanar, həyatının o qum saatı axan anları həkk olar yaddaşına. Hər insan kəlmələrini, ürəyindən keçən sözləri söyləyə bilməz. Danışa bilməz. Ürəyindəkiləri düz ifadə edə bilməməkdən qorxar. Dili ürəyinin tərcümanı ola bilməz. Saatlar işləməz, sonsuzluğa baxar bu zaman insan. Sanki bu dünyanı çoxdan, lap çoxdan tanıyırmış kimi bir hiss olar içində. Min il, milyon il əvvəl bu dünya necə idisə, eləcə gələr adama. Dünya həmin dünyadır, Ay həmin Ay, Günəş həmin Günəşdir, dağlar da eləcə sıra ilə dayanıblar yerlərində Xosrovu gözləyən keşikçi əsgərlər kimi.

Bəs insan? Bu illər ərzində o insan necə, azacıq da olsa, dəyişibmi? Sevgisi, ya nifrəti dəyişib? Mənəm-mənəmliyi, hirsi-hikkəsimi dəyişən? Dünyaya ağalıq etmək istəyən, Allahın yanına nərdivan düzəldib çıxmaq istəyən hansı firon qaldı bu dünyada?! Nizələrin üstündə nəşi aparılan, nizə ilə dünyanı tutan, Aristoteldən dərs alan, dünyaya hökmranlıq iddiasında ikən kiçicik bir mikroba qurban gedən İsgəndərmi? Hansı insan milyon illərdən bəridir ki, o dünyanı görüb gələ bilib? Elm, texnika bu qədər inkişaf etdiyi halda, kosmosa uça bilən insan o dünyadan qayıda bilibmi? Nə dəyişib bu dünyada?! Dünyanı qurtaracağına ümid etdiyimiz mədəniyyət insanı onun hegemonluq istəyini, qəddarlığını dəyişə bildimi?! O kiçicik mikroba inkişaf etmiş tibb bu gün qalib gələ bilibmi? Nə dəyişib bu qoca dünyada? Formamı, mahiyyətmi, nə?

Dəhşətli müharibələrin törətdiyi fəlakətlər həkk olar insan beyninə , hər şey unudulsa da, o anlar unudulmaz… yenidən dünyaya gələndə yenə həyatın o anlardan başlar…
Sevgi elə həmin sevgi, nifrət elə həmin nifrətdir. İnsan elə həmin insan. Dünya yenə həmin dünya . Mikrob da elə o mikrob. Heç nə dəyişməmiş imiş, demə, bu dünyada . Xeyirlə Şər də milyard illərdir ki, mübarizədə…
Bəzən vaxt dayanar, bütün saatlar susar. Beynində bir qum saatı axar …axar , axar, gedər…