- Ədəbiyyat

  Qumru xoşbəxtliyi       

                                                                                                 (hekayə)

Yazın buludların arxasında qaçdı-tutdu oynayan, hürkək-hürkək boylanan ilıq nazlı-qəmzəli günəşi səhər tezdən pəncərədən içəri girib gecənin yuxusunu qovan vədədə gözlərimi açdım. Evin xanımı, yəni uşaqların anası hələ yuxulu dünyanın qoynunda uyuyurdu…

Xanım deməyimə təccüblənməyin. Bilirəm, siz də xanım demirsiniz. Axı qonşular, ata-ana eşidər, ayıbdı. Mən də ömrüm boyu “xanım” səsləyib onu sevindirməmişəm. Ona ancaq bu hekayəmdə xanım deyə müraciət edəcəyəm. Guya mədəniyəm də. İndiyə kimi heç adıyla da səsləməmişəm. Axı atamın ağarmış qalın qaşları heyrətdən atılıb-düşər, mən də onun “bunun tərbiyəsinə bax” səssiz tənəsini göydə tutaram. Gündə, bəlkə də, əlli dəfə ona “ey” deyirəm.  Məsələn, “ey, deyəsən mən acmışam”. Ağsaqqal qonşmuz Abdulcəlil kişi həmişə mənim “tərbiyə”mi qonşulara nümunə göstərib tərifləyir ki, halal olsun sənə, əsl milli oğulsan. Əslində “ey” çağıranda bunun millilik olduğunu anlamamışam. Nəyə gülürsünüz, guya siz bilirdiniz?..

Nə isə. Həyətimizdə bizimlə çoxdan “qonşu” olan iki qaratoyuq lirik ləhcələriylə yeni günün “sabanınız xeyir” duetini oxuyanda dünyanı tutub bağrına basmaq istəyənlər kimi qollarımı geniş açıb, “yataq idmanı” edirmiş kimi ürəkdən gərnəşib  yerimdən qalxdım. Ədəb-ərkanla geyinib həyətə düşdüm. Əlimin qabarıyla, tez-tez kəsilib bizi duşun altında “gözümçıxdı”ya salan qızıldan qiymətli su ilə ərsəyə gətirdiyim 5-6 ağacla, qızılgüllərlə, qaratoyuqlarla salamlaşdım. Onlar mənim həyətdə yaşayan doğmalarım, sevimlilərimdir.

Qızılgüllərin ləçəkləri, ağacların yarpaqları, tumurcuqların “bağrını yarıb” ”azadlıq” pıçıldayan çiçəkləri qədirbilənliklə məni süzürdülər. Onların “sağ ol”unu eşidirdim. Arılar gilənarın, əriyin məsum çiçəklərinin ətrafında vızıltılı səslə “Həyat, necə gözəlsən” nəğməsini zümzümə edirdilər.

Bu sehirli dünyamdan məni qəfil eyvanda görünən, ovcunun arxası ilə gözlərini ovxalayıb oyanmağa çalışan xanımın səsi ayırdı:

-Neyləyirsən?

-Heç nə. Təbiətlə söhbət edirəm.

-Kiminlə? Təzə qonşudu?

Sualından, gözlərinin böyüməsindən hiss elədim ki, ya ağlıma şübhəsi yarandı, ya da məni  “iş” başında yaxalayıb. Özüm də şübhələndim ki, yəqin sevgimi kiminləsə bölüşəndə ələ keçmişəm. Eksponatlarla ziyarətçiləri tanış edən muzey bələdçisi kimi əlimi həyətin ora-burasına gəzdirib sakit-sakit dilləndim:

-Qızılgüllərlə, yarpaqlarla, çiçəklərlə, arılarla, qaratoyuqlarla.

-Eh, sənin də işin, gücün qurtarıb deyəsən. Bəsdir də, əl çək bu sentimentallıqdan.

-Yadımdan çıxmışdı. Sabahın xeyir. Heç olmasa sən “sabahın xeyir” demədin.

Gərginliyin artım sürətini azaltmaq üçün hövsələmin “əyləc”i basıb müdafiəyə çəkilmək istəyirdim ki, hücumun daha güclü dalğası məni haqladı:

-Nə sabahın xeyir e, dünya vecinə deyil. O böyük qaratoyuq var ha, – əliylə ağacın dibində yem axtaran sevgi “tərəfmüqabili”ndən bir az ağırçəkili qaratoyuğu göstərib söhbətinə davam etdi, – səndən qat-qat ailəcanlıdır. Külfətinə yem axtarır.

Dönüb qaratoyuqlara baxdım. Uşaqların anası böyük qaratoyuq deyəndə yəqin ki, erkək quşu nəzərdə tuturdu. Fikirləşdim: “doğrudanmı, erkəklər həmişə böyük olur? Bəs niyə indi ailədə, cəmiyyətdə böyüklük, kiçiklik qalmayıb”?

Səhərin gözü əməlli-başlı açılmamış ovqatım elə qarışdı ki, nitqim tutuldu. Amma o, (xanım deməyə dilim dönmədi) başladı, nə başladı:

-Evdə duz belə yoxdu. Hələ pendiri, yağı, qəndi, əti, qatığı demirəm. Yaxşı ki, axşam nəvəyə iki çörək aldırmışam. Sən haradan biləsən ki, nəvələrin hazırlıq, bayram pullarının vaxtından üç gün keçib. Sinif rəhbərinin ad gününə hədiyyə almaq lazımdır, özü də sanballı. Hələ üç toy dəvətnaməsini demirəm. Oğlunun evə gec gəlməsi ilə heç maraqlanmısan? Xəbərin varmı harda veyillənir? Mən də bilmirəm. Allah bilir, kimin şalvarının dizi cırıq qızına vurulub. Yerə-göyə sığışmır. Lap sənə oxşayıb. Dayılarına oxşasaydı nə vardı?

Xanımın ağzının enerjisi aşıb-daşırdı, elə bil yenicə yüklənmişdi. Dayanmaq, nəfəs almaq yadına düşmürdü. Sanki yuxudan oyanar-oyanmaz, ya da elə yuxuda “monoloq”unu əzbərləyib yataq otağından çıxmışdı. Əslində xanımlar anadangəlmə fitri istedad sahibləridir. Onlar məşqə, qrimə, rejissora, suflyora ehtiyacı olmayan aktrisalardır. “Bir aktyorun teatrı”nı yaradanlar qadınları nəzərdə tutublar.

Uşaqların anası “antrakt”sız – filansız “monoloq”unun ən qəliz kulminasiya nöqtəsinə çatdığını o dəqiqə anladım. Uşaq ha deyiləm. Birinci dəfədi ki? O, ömrümüz boyu yaxamızdan əllərini çəkməyən sağalmaz yarama – kreditin ödənilməsinə “səhnə mizan”nına fikir vermədən məharətlə “keçid” etmək istəyəndə “təzyiq”lərə dözməyib tüfəngin lüləsindən çıxan, arxasına barıt doldurulmuş giliz kimi darvazadan küçəyə nə təhər atıldımsa, cəldliyimə özüm heyran qaldım, yəqin ki, o da…

Qonşulara belə “salam” sözünü qıymayan polis rəisi qonşumuzun beşmərtəbəli evinin alqırmızı damının üstündəki şappıltı səsinə başımı yuxarı qaldırdım. Dam örtüyünün üstündə iki qumru qanadlarını bir-birinə çırparaq, üzbəüz dayanıb bir-birinin gözünün içinə baxaraq şıltaqlıqla sevişirdilər. Dünya yansa belə onların vecinə deyildi. Hələ də yatağında xumarlanan şəhər istirahət gününün həzzini yaşayırdı. Nə olsun ki, Günəş günota yerinə doğru yoldaydı. Aşiq qumrular yatmış şəhərin mürgülü sakinlərini qanadlarını şappıltısı, eşq qığıltıları ilə oyatmağa çalışırdılar, ömrün yeni gününə səsləyirdilər. Kimiydi qumruların “sevgi himn”inə oyanan? Qəflət yuxusu gözlərini açmağa imkan verirdi ki, oyansın təkcə gözləri yox, həm də beyni yumuqların? Belələri oksigen çatışmayan yorğan içində hardan bilsin ki, həyat gözəldir? Nəinki şəhərdəkilər, evlərinin damının üstündə eşq “roman”ı yaşayan qumruların çağırışını beşmərtəbəli imarətin qayğısız sakinləri də eşitmirdi.

Qumrular ilahi “iş”indəydilər. Mən bu “iş”ə həsədlə baxıb gözümü qonşunun evinin damından çəkdim. Niyə bəxtəvərlərə mane olum ki? Sevgi ucalığından məni seyr edən qumruların nəzərlərindən halıma yandıqlarını hiss edirdim. Bəlkə də təsəlli üçün quş dilində  nəsə deyirdilər? Mən Süleymam peyğəmbər deyiləm ki, quş dili bilim? Bilsəydim də onu eşidəcək əhvalda deyildim…

Deyirlər, dünya gözəldir, yaşamaq da. Bəlkə də.  Gözəlliyi hamının duymasına mane olan nədir bəs? İnsanların bitib – tükənməyən qayğılarmı, paslanan zövqümü, gözəlliyə laqeydliyimi, duyğuların kasadlığımı, bir-birini anlaya bilməməsimi? Şüursuz saydığımız canlılar qədər gözəlliyi duymaq bacarığı yoxdumu insanlarda?

Yəqin ki, yoxdur. Olsaydı, qumruların xoşbəxtliyinə qibtə ilə baxmazdım…

VAQİF  OSMANOV. aprel  2020.