“Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Quyu” qısametrajlı filminin çəkilişləri sona çatıb.
Bu barədə APA-ya “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib.
Bildirilib ki, çəkilişləri əsasən Bakı şəhərinin Lökbatan qəsəbəsi və İsmayıllı rayonunda baş tutan film dram janrındadır, məzmununu insan və yaradılış fəlsəfəsinə dini yanaşma üslubu təşkil edir.
Filmin mövzusu həyatın tamamilə öldüyü bir məkanda quyu qazaraq varlığın mənbəyi və əsası olan su axtarışında olan insandır. Amma suyu tapdıqdan sonra nəfsinə güc gələ bilməyən qəhrəmanın səyahəti tamamən fərqli və gözlənilməyən istiqamətdə dəyişir.
Filmin ssenari müəllifi və rejissoru Rufat Ray, təsvir rejissoru Nadir Mehdiyev, rəssamı isə Rafiq Nəsirovdur. Rollarda Pərviz Məmmədrzayev və Şamil Süleymanlı yer alıb.
Qeyd edək ki, film hal-hazırda “post-production” mərhələsindədir və növbəti il izləyiciyə təqdim ediləcək.