Hamı bu sözü ən qısa ömür kimi tanıyıb bilir… Deyirlər kəpənəklər cəmi bir gün yaşayır. Əslində bu, belə deyil, lap elə deyək ki, belədir. Gəlin onda kəpənəyi müşahidə edək və bir nəticə çıxaraq.
Bir yarpağın üstünə naxış şəklində, simmetrik, çox diqqətlə yumurta qoyarlar kəpənəklər. Bu yumurtalar böyüyər, qurdlar çıxar. Sonra bu qurdlar özlərinə məzar kimi qapısız, bacasız bir ev qurar. Zaman keçər, “məzar həyatı” bitər və bizim kəpənək başlar bu məhbəsdən çıxmağa cəhd etməyə. Aman, nə qədər çətinlik çəkər! Bəzən günlər kecər, odunlaşıb, bərkimiş məhbəs divarını dəlməyə güc sərf edər. Çalışar… Çalışar…. Çalışar…
Nəhayət əlvan qanadlı, simmetrik bəzəkli bir kəpənək qanadlarını çırpıb havaya atılar!
Güldən-gülə qonar, təbiətin nizamına öz gücü qədər yetməyə çalışar. Neçə-neçə meyvənin yaranmasına başlanğıc verər, tozlandırar. Bu müddətdə sevişə də bilər. Deyirlər, erkək kəpənəklər dişi kəpənəkləri neçə kilometrdən gəlib tapar… Buna kəpənək sevgisi deyə bilərik… Zərif kəpənək ömrünə zərif kəpənək eşqi hakim olar…
Qəzavü-qədərə tuş gəlməsə, yəni quşa, qurbağaya yem olmasa, gəlib yumurta da qoyar, nəsil də artırar…
Və bütün bunları biz insanların yaratdığı, bəlkə də uydurduğu zamanla bir neçə günə edər.
Bəs əslində necə olur? Biz insanların ömrü kainata nəzərən, an məsələsi deyilmi?! Deməli, bizim bir neçə gün dediyimiz vaxt kəpənək üçün keçərli deyil.
Bu ömür kəpənəyə yetir, deməli tam yaşayır. Ən maraqlı yerə indi çatdıq.
Kəpənək olana qədər neçə ömür yaşadı bizim kəpənək.
Yumurta ömrü, qurd ömrü, məhbəs (pup) ömrü…
Və ürkək, əlvan, zərif, amma qısa kəpənək ömrü…
İnsan kimi…
Biz neçə ömür yaşayırıq? Bir qız uşağının öz ana nənəsinin bətnində yaşadığını düşünün. Dəhşətdir, deyilmi?! Möcüzədir dünya! Yaşadığımız həyat bəlkə də 60, 70, 80 və sair il sürən ömrü sığdırdığımız bir andır…
Yaxşı ki, var olmuşuq, yaxşı ki, düşünürük…