Sinəndə güllə gül açıb
Yaralı gülüm, şəhidim..?
Göz yaşım yandırar necə,
Yaranı silim, şəhidim..?
Ürəyimi oxuyursan,
Güldən kəfən toxuyursan.
Yaman Vətən qoxuyursan…
Qoxlayıb ölüm, şəhidim.
Əlin yurddan köz götürüb,
Gözlərin torpaq gətirib.
Daş qanında gül bitirib
Bəs necə dərim, şəhidim?
Qisas almasam ölümdən,
Çəkilim dara dilimdən.
Dur tut ruhumun əlindən
Dirçələ bilim, şəhidim…