- Ədəbiyyat

Rəşid bəy Əfəndiyev. Uşaq və qarışqa

Novruzdan bir qədər vaxt keçmiş, bahar fəslinin əvvəl vaxtlarında, camaat düz yerlərə və çəməngahlara seyrə çıxdıqları zaman əlində dəyənək bir oğlan uşağı da öz atası ilə gəzintiyə çıxmışdı. Bunlar gəzir və hər şeyə göz gəzdirirdilər. Bu aralıqda bu uşağın gözü bir yerə toplanmış qarışqa topasına sataşdı.

Uşaq əlindəki dəyənəklə qarışqa topasının ortasına vurdu və qarışqalardan bir xeylisini qırıb tələf elədi.

Bu əsnada qarışqanın biri dedi:

— Əzizim, iki gözüm, atandan, anandan, qardaşlarından və başqa nəsil və oymağınızdan ibarət iyirmi-iyirmi beş nəfər şəxs bir otaqda oturduğu əsnada evinizin səqfi çöküb uçsa və bu adamların bir neçə nəfəri altda qalıb əzilsə, xoşuna gələrmi?

Qarışqanın bu sualına uşaq birdən-birə cavab verə bilmədi. Bir müddət xəyala gedib dedi:

— Xeyr, elə bir işə razı olmaram.

Onun bu cavabının qarşısında qarışqanın:

— Bəs belə olan surətdə bir dəyənəklə bir tayfadan bu qədər cana qıymaq və həlak eyləmək nə səbəbdən xoşuna gəldi? — sualı qarışqa ilə uşağın mübahisəsinə səbəb oldu:

Uşaq:

— Sizlər də bizlər kimi nəsil və oymaq hesab olunursunuzmu?

Qarışqa:

— Şübhəsiz! Sizlərin nəsil və oymağı on-on beş nəfərdən ibarət bir ailə hesab olunur. Amma bizimki yeddi və səkkiz yüz, bəlkə, min-min beş yüz nüfusdan ibarətdir.

Uşaq:

— Sizin də ata-ananız, qardaşınız və bacınız, çolum-çocuğunuz olurmu?

Qarışqa:

— Əlbəttə, olur! Bu gördüyün qarışqaların bəzisi ata, bəzisi ana və bəzisi də analıq ilə atalıq arasında olan bir sayaq kəslərdir ki, insanlar arasında olmazlar.

Uşaq:

— Aman, aman! Bunu qana bilmədim.

Qarışqa:

— Bəs belə! Bunlar ancaq dişi qarışqalar yumurtladığı yumurtalara gözətçi və sonra yumurtadan çıxan balalara dayə və qulluqçu olurlar.

Uşaq:

— Bəs sizin eviniz və eşiyiniz varmı?

Qarışqa:

— Aha, var! Bax, bu gördüyün ovuntu torpağı yerin altındakı evimizdən çıxarıb bayıra atmışıq. Evimiz neçə qat və neçə gözdür. Keçən qış evimizdə dustaq qaldıq. Qışdan qorxuruq, qış fəslində yer üzünə həsrət oluruq.

Uşaq:

— Bəs yerin altında nə yeyirsiniz?

Qarışqa:

— Əzizim, ehtiyatlıyıq, öz işimizi bilirik. Qış fəslində nə qədər yeyəcəyimiz lazımdırsa, onu yay fəslində yığıb-yığışdırırıq. Biz çox nizamlı və səliqəliyik. Bizim aramızda dava, qeylü-qal və gurultu olmaz. Tənbəllik, oğurluq və quldurluq bilmərik. Böyüklərimizin sözünə baxıb, hər vaxt itaətlərində olarıq. Öz rahatlığımız və xoşbəxtliyimiz üçün lazım olan qulluqları cümləmiz əlbir olub yerinə yetiririk.

Uşaq bu sözləri eşitdikcə fikrə gedib gözü yol çəkirdi. Azca qabaq etdiyi pis əməldən tövbə etdi. Əlindəki dəyənəyi atıb qarışqalardan üzr istədi, günahının bağışlanmasını xahiş elədi. Nəhayətdə bu uşaq əməlisaleh bir insan oldu.

portal.azertag.az