- Köşə

Rəna Qələndərova. Ömrün payızı və ürək

Ömrün payızında yavaş-yavaş yeriyirəm. Addımlarımı qısa tutmağa, vaxtı uzatmağa çalışıram. Fəqət hərdən əsən külək qışın soyuğunu üzümə vurur. Deməli qış çox da uzaqda deyil, eyvah…

Elə bu anda bir küncdə bir dirçəliş nəzərimi özünə tərəf çəkir! Balaca, təravətli, rəngarəng!

İnanılmaz.. Ömrümün tufanlarına, qasırğalarına sinə gərə bilmiş gözəl bir bahar havası lap ürəyimə dolur. Ayaq saxlayıram. Əlimi uzadıram. Çox da yaxında deyilmiş. Gülür… Eyni mənim kimi.. Gülüşü qulaqlarımda cingildəyir… “Həə, niyə baxırsan, gəl, gəl tut məni!” deyir.

Ona tərəf bir neçə addım atıram. Allahım! Baharın ətri məni məst edir! Yalnız qüvvəm imkan vermir. Nəfəsim təngiyir. “Bir az yavaş!” – deyə səslənirəm. Yenə gülür.. Əlini uzadıb: “Bircə gün, bircə gün gəl mənimlə”, deyib qəhqəhə çəkir.

Ömrün payız yolçuları mənə baxır. Gözlərində hirs görürəm. “Hara? Əlin ona dəyən kimi məhv olacaqsan. Səni yolundan etməyə, aldatmağa imkan vermə!”

Yenidən ona baxıram. Necə gözəldir. “Varsın öldürsün!” deyib yenə irəli – bahara doğru getmək istəyirəm. Dizlərimin taqəti tükənir. Bircə dəfə… Bircə an! Nəfəsini lap yaxında hiss edirəm. “Əlini ver, gəlirəm!” – deyirəm. Səsimi eşitmir sanki… Gülür, qucaq dolu çiçəkləri göyə sovurur.

Bir addım daha… Birdən üzücü bir ağrıya diksinirəm… Ürəyim! Bu qədər də olmaz deyib ürəyimi məzəmmətləyirəm. Başımı qaldırıb “Bir az gözlə!” demək istəyirəm.

Heyhat… Getmiş… Yerində bir ovuc xəzan yarpaqlarını külək ağuşuna alıb göyə sovurur…