Rəsul RZAnın Azərbaycan Ali Sovetinin sessiyalarında çıxışlarından
Öz ana dilinin yaxşı bilməyən insan başqa dilləri də lazımi dərəcədə mənimsəməyə qadir deyil…
Dil qüdrətli təbliğat vasitəsidir. Təəssüf ki, bizim qəzet və jurnallarımız, bəzi yazıçılarımız bunu başa düşmür.
Mən bilmirəm hansı əsasla və nə haqla “Kommunist” qəzeti özbaşınalıqla dilimizə finans, promısel, sopka, produkt, stimul, çaşka və bu kimi sözləri gətirir, halbuki bizim dilimizdə bunların öz adları var: maliyyə, vətəgə, təpə, məhsul, həvəs, fincan və s.
Niyə traktorçu əvəzinə traktorist yazılmalıdır. İş o yerə çatır ki, bizim qəzet işçiləri dilimizə bütöv ifadələri olduğu kimi daxil edirlər, məsələn, “kapitalist okrujeniyası”. Belə misalların sayını artırmaq da olar, məsələn, Yevropa, İndiya və i.a. Bir neçə adam dilin taleyini həll edə bilməz…
Dilin ən böyük qoruyucusu xalqdır, xalqın danışığı, xalqın tarixidir. Qoy bizim bəzi nəşriyyat və mətbuat işçiləri gələcəyin böyük və vahid kommunizm dilini yaratmağa tələsməsinlər. Necə deyərlər, “çay keçmədən çırmanmasınlar, yay gəlmədən qızmasınlar”. Cahillik nəticəsində dilimizi zibilləməsinlər. Belələri haqqında xalqımızın söylədiyi bir ifadəni xatırlamaq istəyirəm: “Ağır otur, batman gəl”.