(Esse-məqalə)
Dövrümüzdə informasiyanı daha çox sosial şəbəkələr vasitəsilə aldığımız kimi, yaradıcı adamları da buradan tanıyırıq. Feysbuk sosial platformasında izləyici olaraq diqqətimi özünə çəkən imzalardan biri Rasif İmanoğludur. Qısa müddətdə oxucularının sevgisini, diqqətini özündə cəmləşdirdiyini müşahidə etdiyimi bu imza sahibinə peşəkar qələm sahiblərinin marağını araşdırmaq istədikdə qarşıma çıxan ilk yazılar jurnalist-yazarın yaratdığı yeni janrın elmi-ədəbi dəyərini artıq müəyyən səviyyədə verdiklərini də gördüm. Sakit Məlikovun, Nəsib Abidin Rasif İmanoğlunun “Yarızarafat” adlı onluqlar formatında yazdığı əsərə həsr etdikləri məqalələrində bu əsərin janrını Azərbaycan ədəbiyyatında bir yenilik kimi dəyərləndirmiş, məzmun və struktur xüsusiyyətlərini ədəbi təhlilə cəlb etmişdirlər.
Nəsib Abidin yeni nəşrdən çıxmış “Yarızarafat” kitabına ön söz olaraq yazdığı “Rasif İmanoğlunun “Onluqlar”ının ədəbi janr kimi müvəffəqiyyət qazanacağına inanıram” başlıqlı məqaləsində yazı formatının sərlövhəyə çıxarılması kitabın üzqabığında “Onluqlar”ı bir janr kimi təsdiqləyir. Müəllif “Onluqlar”ı dövrün və yazıya verilən yeni tələblərin işığına tutaraq bu yeni ədəbi-bədii janrı belə xarakterizə edir: “”Onluqlar” həm həyati həm məntiqi, həm də publisistik bir ədəbi janr ünvanını daşımağı haqq edir. Bir janr kimi, “Onluqlar” ona görə publisist janr hesab olunur ki, burada gündəlik həyatın nəbzini tutmaq mümkündür. Bir janr kimi “Onluqlar” ona görə ədəbi janrdır ki, buradakı bütün düşüncələr ədəbi-əxlaqi mahiyyəti ilə seçilir.” Müəllif sonra bütün bu fikirlərini ümumiləşdirib “Onluqlar”ı, bizim də yuxarıda qeyd etdiyimiz kimi, dörün tələbi ilə yarandığını vurğulayır: “Onluqlar” zamanın tələblərinə cavab verən həyat janrıdır.” Müəlliflə tamamilə razılaşıram, çünki hər gün Feysbukda “Onluqlar”ın bir nümunəsini oxuduğumuz zaman onun məzmunun həmin gün fikrimizdən keçdiyini dilimizə gətirməmək mümkün deyildir. Hər gün bu nümunələri özümüz yazıbmışıq kimi təsdiqləyirik:
“Çox dərin müşahidələrdir. Hər cumləniz heyrətləndirir. Var olun!” (Könül Aydın. Feysbuk. 31.10.2024)
“Hər biri günümüzün reallıqlarının yaratdığı qayğıların ifadəsidir. Sizin onluqları oxuduqca paranoik olmadığımı görüb təsəlli tapıram.” (Könül Aydın. Feysbuk. 30.10.2024)
“Hər bir “Onluqlar”ın öz gündəlik düşüncə tərzi var. Rasif İmanoğlunun esse-lirikası düşündürücü həyat ruhu ilə könüllərə daşıyır sevgini.” (Nəsib Abid. Feysbuk. 28.10.2024)
Bu məqamda bir daha janr məsələsinə qayıdıram: Nəsib Abidin əsəri janr baxımından dəyərləndirməsi gələcək mütəxəssilərin düşüncələrinə çıraq tutacaqdır. Format, yazı şəklinə görə “onluqlar”ı janr olaraq təsdiqləyən filoloq məzmun, material baxımından esse-lirika adlandırır. Məmununa gəlincə, Rasif müəllimin hər cümləsi oxucularının ürəyindən xəbər verən pıçıltılardır. Hətta hər bir cümləsini oxuduqca düşünürük ki, gördüyümüz, düşündüyümüz, amma dilə gətirmədiyimiz məsələləri – əsasında bütöv bir situasiya, hadisə və ya xarakter olan bir anı necə sənətkarlıqla cümlə-əsərə çevirə bilibdir. Nəsib Abid də əsərin hamının ürəyindən xəbər verən ismarıclarla zənginliyini özünəməxsus publisistik dillə ifadə etmişdir:
“Onluqlar” gündəlik həyatın fikir mübadiləsi janrıdır.
“Onluqlar” gündəlik həyatın psixolojisini üzə çıxardan düşüncə janrıdır.
“Onluqlar” gündəlik həyatın “qoroskop”u, ictimai həyatın aynası kimi estetik bir janrdır.”
Sakit Malikov isə açıq və bəlağətsiz ifadə tərzi ilə bu mövzuda mənimlə həmfikridir: “Kitabın sadə dili və hər kəsin gündəlik həyatda rastlaşdığı mövzuları əhatə etməsi, onu geniş auditoriya üçün əlçatan və oxunaqlı edir.” Və məmin düşündüklərimi təsdiqləməkdə davam edərək yazır: ““10-luqlar” kitabı, sadəcə olaraq, qısa mətnlər toplusu deyil. Bu əsər, Rasif İmanoğlunun həyatın müxtəlif sahələrinə olan baxışlarını, gündəlik müşahidələrini və insanların həyatında gizlənmiş kiçik anların necə böyük mənalar daşıya biləcəyini oxuculara çatdırır. Kitab, hər bir yazıda sadəliklə dərinliyi, qısa sözlərlə dolğunluğu ustalıqla birləşdirir.” Sakit Malikov hər bir oxucusunun və həmçinin qələm sahiblərinin Rasif İmanoğlunun yeni janrı haqqında söyləyə biləcəklərini mətbuatda hamıdan öncə söyləmişdir.
Yuxarıda bəhs etdiklərimiz Rasif müəllimin yaradıcılığında xüsusi yer tutan “Onluqlar”ın ümumi xarakteristikasıdır və hələ bu nümunələrlə tanış olmayanlar, haqqında dərindən düşünməyənlər üçün tanışlıq təqdimatıdır. Bizim məqalədə tədqiqat işığına cəlb etmək istədiyimiz gizlinlər yazarın bu yeni yaradıcılıq nümunəsində ədəbi portreti və real şəxsiyyətinin surətini işıqlandırmaqdır. “Yarızarafat” kitabı yazıçının şəxsiyyətinin pasportudur. “Onluqlar” Rasif İmanoğlunun simasını iki prizmadan aydın əks etdirir: yazıçı və real şəxsiyyət.
Yazıçı kimi Rasif İmanoğlu güclü satirikdir və bunu özü də əsərinin adını “Yarızarafat” qoymaqla yumoristik, satirik məzmununu təsdiqləyir. Güldürərək ağladır, ağladaraq güldürür. Ürəyindən qara qanlar axanda səbəbkarları neştərləyir: mən inciyirəmsə, ağrılarımda öz simanızı görün!
“Pulu olmayanın canını pul, pulu olmayanların da canını Allah sağ etsin.”
“Allaha inanıram. Bəlkə, ona görə ki, inandığım kimsə qalmayıb.”
“Çox şeyi qarışdırırıq. Ya ariflərimiz əvvəlki ariflər deyil, ya işarələrimiz.”
Hələ kitabına düşməyən son paylaşmalarının da “tiyəsi” çox itidir:
“İşdə həmişə özü üçün, evi üçün işləyənlər indi evdə iş üçün işləyərlər?
Bizdə inflyasiya dərisi beş qəpiyə dəyməyən adama beş min manat verəndə başladı.” (Feysbuk. 31.10.2024)
“İçi boş adamları da nəzərə alsan, istənilən iş yeində boş yerlər çox olar.” (Feysbuk. 30.10.2024)
“Gözümdən düşən adamın əzilməsinə görə mən məsuliyyət daşıyıram?
Yaxşı ki, bəzi atalar sözünün yarısına əməl edirik. Məsələn: “Əyri oturaq, düz danışaq”. Gör nə qədər əyri oturanımız var.” (Feysbuk. 29.10.2024)
Hər biri göz önündə aktual bir problem, canlı bir xarakter, “dövriyyədə” olan situasiya canlandıran bu tutarlı cümlə-mətnlərin sayını istənilən qədər – “Yarızarafat”ın həcmindən də çox artırmaq olar. Amma bizi burada maraqlandıran yazıçının ədəbi portretidir: satirik bir yazıçının daxili aləmi.
Rasif İmanoğlu yazıçı kimi təlatümlüdür: “Ürəyim partlayacaq: bəlkə, yüz yerə xidmət edən deyir ki, “Mən Vətənə xidmət edirəm”.
Rasif İmanoğlu şübhəlidir: “Kişilər idarə etdiyi üçün dünya bu gündədir?”
Rasif İmanoğlu tərəddüdlüdür: “Yuxarı başda yerim yoxdur, aşağı başda da yer. Nə deyirsiniz, bu yaşımda Masallıya qayıdım?”
Rasif İmanoğlu narahatdır: “Yalanlar övladlarımız kimi gözümüzün önündə böyüyür”.
Rasif İmanoğlu bitkindir: “Mən böyümək istəmirəm. Onsuz da adamlar gündən-günə cılızlaşırlar” və s..
Rasif İmanoğlunun təlatümü cəmiyyətin təlatümüdür. Şübhələri nəinki hər bir kişinin, hətta qadınların da kişilərə şübhəsidir. Tərəddüdü mənim də tərddüdümdür: Ağcabədiyəmi qayıdım?.. Narahatıq: övladlarımız yalanların içində böyüyürlər. Bitkinəm: kaş ki “böyüklər” içində olmamaydım, geri qayıtsam da, əlim bomboş…
Rasif İmanoğlu ilə baş-başa düşünürəm: ağrılıyam, acıdiləm, simam sərtləşir və çox gərginəm… Rasif İmanoğlu dövrünün oxucusunun bədii simasıdır. 2020-ci illərin insanının portretidir! Amma bu adamdırmı Rasif İmanoğlu?
Yazıçının “Onluqlar”ında acı gülüşlə bərabər kövrək qəlbin iztirabları da vardır. Sevgi dolu, insani, həzin iztirabları… Dilindən belə acı, öldürücü sözlər çıxaran insanın qəlbi necə belə incə, hissləri dərin, mərhəməti sonsuz ola bilər?
Gəlirik Rasif İmanoğlunun real şəxsiyyətinə!
Əslində, həyatda kimdir o: zarafatcıl və ya “dilinin kor tiyəsi sərt kəsməyə alışmış” (Ağa Laşınlı) bir satirik yazıçı, yoxsa romantik, xəyalpərvər, sevgi ilə nəfəs alan incə ruhlu bir şair? Qətiyyətlə deyərdim ki, həyat imkan versəydi, Rasif müəllim satirik olmazdı, sevda şairi olardı!
Rasif müəllin “Onluqlar”ının arasında kövrək pıçıltılarına görə də izləyiciləri, yəqin ki, az deyildir.
“Sevgi xoşxassəli xəstəlikdir.”
“Sevgin nə boydadırsa, məhəbbətin ömrü də o qədərdir.”
“Oğul Ananın, Ata qızın duasıdır.”
“Dərd adamın ömründən kəsib gecələrinə calayır.”
“Mənsiz yaşamağa nə var ki? Mən də yaşayaram.”
Bütün bu iztirabları içində Allaha imanı güclü olan şair yazır: “Hər şey yaxşı olacaq. Yaxşı hər şey olacaq.”
“Yarızarafat” əsərinin işıq üzü görməsi ilə eyni zamanda “Onluqlar”ının tədqiqatı başlamış yazıçı Rasif İmanoğlu satirası günün reallığından yoğrulub müəllifinin zərif duyğularını zədələnməkdən qorumaq üçün ruhun üzərini sərt görünüşü ilə pərdələmiş qılafdır. Rasif İmanoğlu incə, həssas təbiəti ilə o qədər müşahidəçidir ki, bütün zərif duyğularının, mənəvi dəyərlərinin reallaşmadığı cəmiyyətdə acı-acı gülməkdən başqa bir çarəsi qalmayan yazıçıdır. Onun öz ixtiyarına qalsaydı, gözəlliklər, sevda şairi kimi yaşayardı…
Könül Aydın
Filologiya üzrə fəlsəfə doktoru